Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:53

Lüksemburqda baş vermiş insidentlə bağlı günahkarların cəzalandırılması istənir


Matçın dayandırıldığı dəqiqələrdə
Matçın dayandırıldığı dəqiqələrdə

“Azərbaycan Xarici İşlər Nazirliyi "Dyudelanj" (Lüksemburq) - "Qarabağ" futbol komandalarının oyunu zamanı təxribatla bağlı vəziyyəti izləyir və təqsirkarların cəzalandırılmasını gözləyir.”

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

“Akkreditə edilmiş səfirə Lüksemburq Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq və təxribatda təqsiri olanların tapılıb müvafiq cəzanı çəkəcəklərindən əmin olmaq tapşırılıb,” o, Twitter-dəki mikrobloqunda yazıb.

Öz növbəsində, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bəyanatla çıxış edib.

Oktyabrın 4-də AFFA Avropanın ali futbol qurumu olan UEFA-ya rəsmi şikayət verərək, uyğun tədbirlərin görülməsini istəyib.

"Jozi Bartel stadionunda baş verənlər, hər şeydən əlavə futbolçuların təhlükəsizliyini şübhə altına qoyub. Ümid edirik ki, gələcəkdə bu cür halların baş verməməsi üçün tədbir görüləcək," bəyanatda bildirilir.

AFFA UEFA-nın araşdırma aparacağından və zəruri qərarları qəbul edəcəyindən əminliyini bildirib.

AFFA bütün oyunların Avropanın və dünyanın ali futbol qurumlarının himayəsi altında, qarşılıqlı hörmət çərçivəsində keçirilməsi ideyasını dəstəklədiyini və siyasi təxribatları qəti şəkildə pislədiyini qeyd edib.

Azərbaycan çempionu, Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində rəqib meydançasında Lüksemburqun "Dyudelanj" komandasına 1:4 hesabı ilə qalib gəlib.

Amma ikinci qoldan sonra stadionda insident yaşanıb. Buna səbəb Azərbaycanın separatçı rejim saydığı "Dağlıq Qarabağ"ın bayrağının dronla stadionun mərkəzinə gətirilməsi göstərilir.

Ardınca azarkeşlər və futbolçular arasında münaqişə də yaşanıb. Bunu görən şotlandiyalı baş hakim Con Biton oyunu dayandırıb.

Fasilə təqribən 20-dəqiqədən çox davam edib.

Baş verənlərə görə,Lüksemburq rəsmilərinin üzr istədiyi bildirilir.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib.

İşğal edilən rayonlardan biri də Ağdam rayonudur. “Qarabağ” futbol klubu bu üzdən ev oyunlarını əsasən Bakıda keçirir.

Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib.

ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Azərbaycanın qondarma saydığı “Dağlıq Qarabağ Respublikası”nı heç bir dövlət tanımır.

XS
SM
MD
LG