Bazar günü – yanvarın 8-də «Qızıl Qlobus» mükafatının 74-cü təqdimetmə mərasimində rekordları sındıran «La La Land» filmi olub. Müzikl janrında çəkilmiş film nominantlığı irəli sürülən bütün mükafatları alıb. Filmə ən yaxşı musiqili komediya, ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı aktyor ifası, ən yaxşı ekran əsəri kimi, həm də musiqisinə görə 7 mükafat verilib.
Bundan əvvəl yalnız iki film – «One Flew Over the Cuckoo’s Nest» («Ququ quşu yuvası üzərindən uçarkən»-1975) və «Midnight Express» («Gecə qatarı»-1978) filmləri 6 «Qızıl Qlobus» mükafatına layiq görülüblər.
BBC «Qızıl Qlobus»un «Oscar»a yol olduğunu qeyd edir.
2016-cı ilin ən yaddaqalan və ən çox müzakirə edilən filmlərindən olan «Aşiqlər şəhəri» - «La la Land» elə 2016-cı ildə çəkilib və ekranlara çıxan kimi böyük uğur qazanıb.
FƏRQLİ HƏDƏFLƏR
«Qızıl Qlobus»a layiq görülənlər arasında «La la Land»ın qəhrəmanlarını ifa edən Emma Stone və Ryan Gosling-dən başqa, Casey Affleck və Isabelle Huppert də var.
Ən yaxşı dram əsəri kimi mükafatı «Moonlight» («Ay işığı») filmi alıb.
«Bloomberg» yazır ki, «Qızıl Qlobus»un hədəflərinin fərqli olmaması tez-tez qınağa tuş gəlirdi. Amma bu dəfə mükafat Kəlküttədə itkin düşmüş hind oğlandan, Mayamidə böyüyən homoseksual gəncdən, 1960-cı illərdə Virciniyada irqçi qanunlarla mübarizə aparan cütlük barədə filmlərə də verilib.
Televiziya kateqoriyalarında mükafata britaniyalılar Tom Hiddleston, Hugh Laurie və Olivia Colman «Qızıl Qlobus»a layiq görülüblər.
Claire Foy teleserialda kraliça Elizabeth II-i oynadığına görə mükafat alıb.
PREZİDENTİ TƏNQİD EDİB
Təqdimetmə mərasimində, həmişəki kimi, Hollivudun tanınan üzləri çıxış edib və bəzilərinin çıxışları siyasi motivləriylə yadda qalıb.
Kinematoqrafiyada uğurlarına görə Cecil B.DeMille mükafatına layiq görülən Meryl Streep çıxışı zamanı adını çəkməsə də, yeni seçilmiş prezident Donald Trump-ı tənqid edərək auditoriyanın diqqətini çəkib.
«Hollivud müxtəlif ölkələrdən olan müxtəlif insanların birləşdiyi məkandır. Biz onların hamısını vurub kənara atsaq, baxmağa futbol və qarışıq döyüş sənətlərindən başqa bir şey qalmaz. Bu isə incəsənət deyil… Hörmətsizlik hörmətsizlik gətirir, zorakılıq zorakılığa səbəb olur. Və hakimiyyətdə olanlar başqalarını incitmək üçün öz güclərindən istifadə edirsə, hamımız itiririk».
Aktrisa mətbuatı siyasətçiləri məsuliyyətli olmağa vadar etməyə çağırıb, «Hakimiyyəti məsuliyyətli etməkdən ötrü prinsipial mətbuata ehtiyacımız var», - deyib.