Azərbaycan vətəndaşlarının Laçın-Xankəndi yolunda keçirdikləri aksiya 100 gündən çoxdur davam edir. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər.
Ermənistan tərəfi isə Azərbaycanı bununla Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir. Hətta bu məsələyə ötən ilin dekabrında Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) də baxılıb. Dekabrın 21-də AİHM Laçın dəhlizi ilə bağlı Azərbaycan üzərinə öhdəlik qoyub. Məhkəmə Azərbaycanın tibbi yardıma ehtiyacı olan ağır xəstələrin dəhlizdən Ermənistana aparılmasının təmin olunmasından ötrü gərəkən bütün tədbirləri görməsini istəyir. Qərarda həmçinin, yolda sığınacaqsız qalmış, yaxud yaşam üçün vasitələrə ehtiyacı olanların təhlükəsiz keçidinin təmin edilməsi öhdəliyi qoyulub.
Prezident İlham Əliyev isə yanvarda yerli telekanallara müsahibəsində bildirmişdi ki, məqsəd blokada deyil və tələblər tam ədalətlidir: "Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq".
Azərbaycan rəsmiləri bu ayın ortalarında isə deyiblər ki, dekabr 12-dən etibarən Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə yoldan 4 mindən artıq nəqliyyat vasitəsi, tibbi yardıma ehtiyacı olan 150-dən çox şəxs keçib.
"Nəticələr də var"
Bəs bu aksiya nə qədər davam edəcək? Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, ekofəalların aksiya keçirmələrinə konkret səbəbləri və motivləri var: "Bu aksiyanın başlamasına gətirib çıxaran səbəblər qismən aradan qaldırılıb. Nəticələr də var. Məhz bu aksiyanın birbaşa təsiri nəticəsində Azərbaycanın təbii ehtiyatlarının talan edilməsi, ekoloji terror siyasəti dayandırıldı və həmin yataqların istismarı dayanmış oldu".
Deputatın sözlərinə görə, Azərbaycanın müvafiq dövlət qurumları yataqlarda monitorinq keçirmək istəyib, amma ona mane olan əsas tərəf separatçı qurumun "baş naziri" Ruben Vardanyan olub: "Vardanyan dedi ki, danışıqları mənimlə aparmalısınız. Bu isə qəbuledilməz idi".
Nəsirovun deməsinə görə, "prezidentin prinsipial mövqeyinin və ekofəalların aksiyasının birbaşa nəticəsidir ki, Vardanyan istefaya göndərildi".
O vurğulayıb ki, hazırkı hədəf monitorinqin təmin olunması, vurulmuş ziyanın hesablanması və qarşı tərəfə təqdim edilməsidir: "Bu hədəfə çatana qədər də aksiyanın davam etməsi istisna deyil".
"Tam əks effekt verdi"
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan iqtidarı bu aksiya ilə heç nəyə nail ola bilməyib: "Bu aksiya hətta tam əks effekt verdi. Avropa Parlamentinin qətnaməsində bu aksiya qınanıldı, Azərbaycan Qarabağda yaşayan ermənilərin nəfəsliyini kəsən tərəf kimi qeyd olundu. Həmçinin Avropanın ayrı-ayrı ölkələri bununla bağlı bəyanatlar verdilər, BMT-də bu məsələ ilə bağlı mövqe sərgiləndi. Dünya ictimaiyyəti bunu müsbət qarşılamadı və bu tamamilə Azərbaycanın əleyhinə yönəldi".
Politoloqun fikrincə, ikinci qazanan tərəf Rusiyadır: "Çünki Rusiyanın bölgədə istəyi həmişə o olub ki, xalqlar arasında dostluq olmasın. Dostluq olacaqsa da, yalnız onun moderatorluğu altında olsun".
“Yumşaq güc aksiyası"
Siyasi şərhçi Ərəstun Oruclu düşünür ki, Laçın-Xankəndi yolunda etirazlar yumşaq güc aksiyasıdır: "Əslində Azərbaycan bununla mesaj vermiş oldu ki, mən prosesləri öz nəzarətimə qaytarmağa çalışıram, bunun üçün də əlimdə müəyyən resurs var. Xoşbəxtlikdən də antiterror əməliyyatı, hərbi aksiyalara deyil, yumşaq güc aksiyasına üstünlük verildi".
Amma onun sözlərinə görə, eyni tələblərlə aksiyanın 100 gündən çox davam etməsi müəyyən neqativ effektlər doğurub: "Onlardan biri də beynəlxalq aləmdə Qarabağ ermənilərin blokadaya alınması kimi rəy yaradıldı. Əlbəttə ki, 100 gün Qarabağ erməniləri blokadada qalsaydılar, orada çox ciddi humanitar böhran yaranmış olardı və bu, reallıqdan çox uzaq iddiadır. Amma bu təbliğat Azərbaycanın ziyanına işlədi. Azərbaycan bu məsələnin informasiya təminatını reallaşdıra bilmədi".
Politoloqun fikrincə, mənfi tərəflərdən biri də budur ki, aksiya Qarabağ ermənilərini Rusiya sülhməramlılarına bir qədər də yaxınlaşdırdı: "Ruslar Qarabağ ermənilərinə göstərdilər ki, biz olmasaq, Azərbaycan sizi blokada ilə boğar. Bu mənada bu, Rusiyanın maraqlarını təmin etmiş oldu".
O hesab edir ki, Azərbaycanın bu aksiyadan qazancları olsa da, itkiləri daha çox oldu.
Xatırlatma
2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Son illər müəyyən fasilələrlə Azərbaycanla Ermənistan arasında həm Rusiya, həm də Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Tərəflər arasında, hələlik, sülh müqaviləsi bağlanmayıb.