Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 07:32

Rusiya tutduğunu buraxmır, vasitəçi kimi qalmaq istəyir


Sergey Lavrov
Sergey Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 2-də yenidən Ermənistanı Azərbaycanla Rusiyanın vasitəçiliyi ilə 2020-ci il müharibəsindən sonra əldə olunmuş razılaşmanı iflasa uğratmaqda ittiham edib.

Lavrov xüsusilə də Yerevanın Azərbaycanla Naxçıvan arasında nəqliyyat dəhlizi açılmasından və bu dəhlizə nəzarət üçün Rusiya sərhədçilərinin yerləşdirilməsindən imtina etməsini vurğulayıb.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, o Moskva Beynəlxalq Əlaqələr İnstitutu tələbələrinin qarşısında çıxış edərkən deyib:

“Biz indi belə bir faktdan narahatıq ki, Rusiya, Ermənistan və Azərbaycan arasında 2020-2022-ci illərdə bir neçə sammitlərdə yekunlaşdırılmış üçtərəfli razılaşmalar dayandırılıb. Mən nəqliyyat bağlarının bərpası məsələsini qeyd etdim və bunu da qeyd etdim ki, bunun üzərində işləyən üçtərəfli komissiya faktiki olaraq iclaslar keçirmir. Yerevan hesab edir ki, bunu birbaşa Azərbaycanla həll etməlidir. Nolar, əgər öhdəsindən gəlsələr, problem deyil”.

Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə Lavrovun buna bənzər bəyanatlarını rədd etmişdi. Paşinyanın sözlərinə görə “Ermənistan-Azərbaycan nəqliyyat kommunikasiyaları həm də bu sənədin məntiqi ilə heç bir əlaqəsi olmayan və buna zidd bəyanatlar verən bir sıra rusiyalı partnyorların bəyanatlarına görə indiyədək açılmayıb".

Lavrov Paşinyanın şərhini “cəfəng” adlandırıb və diqqəti 9 noyabr 2020-ci il atəşkəs razılaşmasına çəkib. O deyib ki, Yerevan Naxçıvanla Azərbaycan arasında nəqliyyat bağlarının təhlükəsizliyinə zəmanət verməli və bu yolla adamların və yüklərin hərəkətinə isə Rusiya sərhədçiləri nəzarət etməlidirlər.

Yerevan Moskvanın heç məsləhətlərini də istəmir

Ermənistan liderləri Moskvanı sözü gedən üçtərəfli bəyanatın Bakı tərəfindən pozulan başqa bəndlərini görməzliyə vurmaqda ittiham edirlər.

Onlar vurğulayırlar ki, Rusiya Azərbaycanın Qarabağın bütün erməni əhalisinin bölgəni tərk etməsinə səbəb olan sentyabr əməliyyatının qarşısını ala bilməyib.

Lavrov bir daha təkrar edib ki, Qarabağ ermənilərinin bölgəni tərk etməsinə Nikol Paşinyanın özü, 2022-ci ildə Avropa İttifaqının Praqada keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanımaqla rəvac verib.

Rusiya xarici işlər naziri şikayətlənib ki, indi Yerevan Bakı ilə münasibətlərə Moskvanın “məşvərətçi” müdaxiləsini də rədd edir.

Lavrov deyib ki, onlar eyni zamanda bu işə ABŞ-ı, Avropa İttifaqını, Parisi cəlb etməyə çalışırlar.

Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Bakıya səfəri zamanı Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiyanın köməyini təklif etmişdi.

İlham Əliyevlə görüşdən bir gün sonra Putin bu məsələni Paşinyanla telefonda müzakirə etmişdi.

Paşinyan isə belə görünür, həmin təklifə cavab olaraq ötən şənbə günü bəyan edib ki, onun hökuməti üçüncü tərəfin vasitəçiləri olmadan Bakı ilə birbaşa danışıqlara üstünlük verir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG