Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:10

Lavrov Azərbaycan və Qarabağ nümayəndələrinin görüşdüyünü deyir


Rusiyanın xarii işlər naziri Sergey Lavrov
Rusiyanın xarii işlər naziri Sergey Lavrov

Rusiyanın xarii işlər naziri Sergey Lavrov yanvarın 18-də keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda Laçın dəhlizi ilə bağlı vəziyyət ən yaxın zamanda tənzimlənə bilər:

"Azərbaycanlılar erməni tərəfinin dəhlizlə mina daşıdıqlarına, sonradan isə üçtərəfli bəyanatın şərtlərinə zidd olaraq bu minalardan Azərbaycan mövqelərinin yaxınlığındakı əraziləri minaladıqlarına dair məlumatları veriblər və hazırda bizim hərbçilər bu məlumatları öyrənirlər. Orada qarşılıqlı ittihamlar çoxdur...”

RIA Novosti agentliyinin məlumatına görə Lavrov daha sonra bildirib ki, bugünlərdə Azərbaycan rəsmisi ilə Qarabağ nümayəndələri arasında görüş olub:

"Dünən, ya da srağagün Rusiya kontingenti komandanının iştirakilə Azərbaycan nümayəndəsi ilə Qarabağ nümayəndələri arasında görüş olub. Düşünürəm ki, bu məsələ ən yaxın vaxtda tənzimlənəcək”.

Lavrov bu görüşün təfərrüatları barədə danışmayıb.

O əlavə edib ki, Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçən şübhəli avtomaşınları yoxlamaq üçün bütün lazımi imkanları var.

Bakının razılığı olmadan

Rusiya xarici işlər naziri xatırladıb ki, 9 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə Laçın dəhlizi ilə hər hansı qeyri-humanitar, qeyri-mülki yüklərin, o cümlədən hərbi yüklərin daşınması qadağandır.

Lavrov habelə Yerevana xəbərdarlıq edib ki, Azərbaycanla sərhəddə Bakı ilə razılaşdırılmadan Avropa İttifaqı müşahidəçilərinin yerləşdirilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilər:

"Bizim müttəfiq olmağımıza, missiya göndərilməsinə hazır olmamıza baxmayaraq erməni tərəfi mülki müşahidəçilərin uzunmüddətli əsasda yerləşdirlməsi barədə Avropa İttifaqı ilə danışmağa üstünlük verir. Bura Azərbaycanla sərhəddir və əgər müşahidəçilər Azərbaycanın razılığı olmadan yerləşdirilsə, bu sadəcə olaraq əks-nəticə verə bilər. Bu, sərhəddə etimadı möhkəmləndirmək əvəzinə əlavə qıcıqlandırcı vəziyyət yarada bilər”.

Xankəndində bankomatların qarşısında növbələr yaranıb
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

KTMT üzvləri Azərbaycanı ittiham etmək istəməyiblər

Rusiyalı nazir bir daha xatırladıb ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) regiona öz nümayəndələrini göndərməyə hazırdır, amma Ermənistan bundan imtina edir.

O vurğulayıb ki, KTMT-nin öz nümayəndələrini göndərmək təklifi hələ də qüvvədə qalır.

Sergey Lavrov habelə Ermənistanın Azərbaycanla sərhədinə KTMT missiyasının göndərilməməsi səbəblərinə toxunub.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan təşkilatın sammitində qəbul olunmuş sənədi imzalamaqdan imtina edib:

“Biz Yerevanda keçirilən sammitdə belə bir missiyanın parametrləri barədə sənədi razılaşdırdıq, amma onu qəbul etmək mümkün olmadı. Çünki bizim erməni həmkarlarımız sənəddə Azərbaycanın kəskin ittiham olunmasını istəyirdilər”.

Lavrovun sözlərinə görə KTMT-nin digər üzvləri Azərbaycanın ittiham edilməsi ilə razılaşmayıblar.

O bir daha vurğulayıb ki, Moskva Qərbdən fərqli olaraq öz partnyorlarına başqa ölkələrlə əməkdaşlıq etməyi qadağan etmir.

Xatırlatma

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG