Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:10

Lavrovdan sülhməramlı açıqlaması. Yerevanda etiraz aksiyası


Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı yerli ictimaiyyətlə görüş keçirir, 4 avqust, 2022-ci il
Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı yerli ictimaiyyətlə görüş keçirir, 4 avqust, 2022-ci il

Bu gün – avqustun 5-də isə Qarabağ sakinlərinin bir qrupu Yerevandakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər

Rusiya indiyədək Qarabağdakı sülhməramlı missiya ilə bağlı Ermənistandan konkret təklif görməyib. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov avqustun 5-də mətbuat konfransında deyib.

Bir gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyan regionda gərginliyin artması fonunda Rusiya sülhməramlı kontingentinin fəaliyyətini konkretləşdirməyə çağırmışdı.

“Ermənistan Baş nazirinin Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti kontekstində müzakirə etmək istədiyi konkret təkliflər görməmişik, ona görə də ehtimal edə bilmərəm”, – Lavrov söyləyib.

Əlavə təşəbbüslər verə bilərlər

O həmçinin qeyd edib ki, 2020-ci il noyabrın 9-da Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli atəşkəs bəyanatının bütün tərəfləri vəziyyətin nizamlanması və ziddiyyətlərin həlli üçün əlavə təşəbbüslər irəli sürə bilərlər.

Ermənistanın avqustun 4-də hökumətin iclasında deyib ki, Qarabağda baş verənlər Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar yaradır. Onun sözlərinə görə, regionda sülhməramlı əməliyyatın detalları razılaşdırılmalıdır. Baş nazir Rusiya hərbçilərindən “təmas xəttində istənilən pozuntu cəhdinin qarşısını almağı” gözlədiyini sözlərinə əlavə edib.

Paşinyanın sülhməramlılara ikitərəfli, yəni Rusiya ilə razılaşdırılmış şəkildə mandat verilməsinin mümkünlüyü haqda dediklərindən sonra Ermənistan mediası belə bir sazişin hətta 2020-ci ilin noyabrında imzalandığını yazıb. Baş nazir deyib ki, əks halda sülhməramlıların mandatı ya beynəlxalq səviyyədə təsdiqlənməlidir, ya da onlara daha geniş beynəlxalq mandat verilməlidir.

Paşinyan deyib ki, bunu lap əvvəldən etmək lazım idi, ancaq Azərbaycan sülhməramlıların mandatına imza atmamaqla prosesə mane olub.

Azərbaycan hələlik, bu məsələyə münasibət açıqlamayıb.

Fransadan sülhməramlı göndərməyi xahiş edirlər

Bu gün – avqustun 5-də isə Qarabağ sakinlərinin bir qrupu Yerevandakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, onlar Rusiyadan Qarabağdakı sülhməramlı missiyanın lazımınca yerinə yetirilməsini tələb ediblər.

Etirazçılar deyiblər ki, Qarabağda beynəlxalq sülhməramlılar yerləşdirilməlidir.

Səfirlikdən bu tələblərə cavab verilməyib.

Daha sonra Fransa səfirliyi qarşısına gedən nümayişçilər bu ölkənin Qarabağa sülhməramlı missiya göndərməsini xahiş ediblər. Səfirlik əməkdaşı onları dinləyib, etirazçılar ona məktub veriblər.

Qarabağda son gərginlik

Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu qrup 1990-cı illərdən Qarabağ münaqişəsinin həlli üzrə danışıqlara vasitəçilik edib. 2020-ci ilin 44 günlük müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev artıq ölkənin ərazi bütövlüyünün bərpa olunduğunu, Minsk qrupuna ehtiyac qalmadığını deyib.

Həmin müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Avqustun 3-də Qarabağda vəziyyəti yenidən gərginləşib. Azərbaycan bir əsgərinin qarşı tərəfdən açılan atəş nəticəsində öldürüldüyünü bildirib. Bundan sonra həyata keçirilən əməliyyat nəticəsində erməni hərbçiləri iki itki verib, 19 nəfər yaralanıb. Azərbaycanın Müdafiə Nazirliyi bir neçə yüksəkliyə nəzarəti bərpa etdiyini açıqlayıb.

XS
SM
MD
LG