Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Lavrov deyir ki, Pxenyan məsələsində Tillersonla ‘eyni rəydədir’, amma…


ABŞ dövlət katibi Rex Tillerson (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Foto arxivdəndir)
ABŞ dövlət katibi Rex Tillerson (solda) və Rusiya xarici işlər naziri Sergey Lavrov (Foto arxivdəndir)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, o Şimali Koreya məsələsində ABŞ dövlət katibi Rex Tillersonla “eyni rəydədir”, lakin onların arasında Pxenyanın nüvə silahı proqramının çözümünə dair mövqe fərqi var.

İki diplomat dekabrın 26-da telefon söhbəti ediblər. Rusiya XİN-in verdiyi məlumata görə “tərəflər Şimali Koreyadakı vəziyyətin BMT Təhlükəsizlik Şurası qətnamələrini pozduğuna dair ortaq fikir ifadə ediblər”.

Lavrov hər şeydən əvvəl ABŞ-ın Şimali Koreyaya hərbi müdaxilə və yeni sanksiyalar barədə hədələrindən narazıdır və Vaşinqtonun danışıqlara daha sülhsevər mövqedən yanaşmasını istəyir.

Bu telefon söhbəti barədə Rusiya XİN-in məlumatında deyilir ki, “sanksiyalar dilindən danışıqlar dilinə keçidin mühümlüyü vurğulanıb”.

Dekabrın 22-də BMT Təhlükəsizlik Şurası, Şimali Koreyanın ötən ay ballistik raket atmasına cavab olaraq yeni sanksiyalar barədə qətnaməni yekdilliklə qəbul edib. Şimali Koreya bu raketin ABŞ ərazisinə çatmaq iqtidarında olduğunu bəyan etmişdi.

Yeni sanksiyalar Şimali Koreyanın emal edilmiş neft məhsullarının idxalına kəskin limit qoyur, habelə Pxenyana xaricdə işləyən miqrantlarını 2019-cu ilin sonunadək vətənə qaytarmaq əmr edilir.

Kremlin sözçüsü Dmitri Peskov dekabrın 26-da müxbirlərə demişdi ki, “əgər tərəflərin buna ehtiyacı varsa və onlar bunu istəyirlərsə”, Moskva onların arasındakı ixtilafda vasitəçi kimi çıxış etməyə hazırdır.

BMT-dəki çıxışlarından biri zamanı Tillerson Rusiya və Çini Pxenyanla bağlarına görə tənqid etmiş və demişdi ki, Moskvanın Şimali koreyalılardan əməkçi miqrant kimi istifadə etməsi, habelə Pekinin bu ölkəni neftlə təchiz etməsi beynəlxalq sanksiya cəhdlərini heçə endirir.

Sanksiyalardan məqsəd Şimali Koreyanın nüvə silahları və ballistik raket proqramlarının xarici təchizatdan məhrum edilməsidir.

XS
SM
MD
LG