Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:33

Lavrovun Fərrux barədə bəyanatına belə ‘düzəliş’ edilib


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergei Lavrov , 9 iyun, 2022, Yerevan
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Rusiyanın xarici işlər naziri Sergei Lavrov , 9 iyun, 2022, Yerevan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiya XİN Rusiya xarici işlər naziri Sergey Lavrovun Yerevanda Azərbaycan-Ermənistan sarhədinin delimitasiyası və Qarabağdakı Fərrux kəndi barədə bəyanatına düzəliş edib.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 9-da Lavrovun dedikləri ilə bağlı xüsusi bəyanatla çıxış etmişdi.

Bu bəyanatda bildirilirdi ki, iki ölkə arasında sərhədin delimitasiyası və Qarabağdakı Fərrux kəndi arasında heç bir bağlılıq yoxdur.

Bu bəyanatda habelə Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı missiyasının müvəqqəti olduğu vurğulanmışdı.

Azərbaycan XİN-in bəyanatından sonra Rusiya XİN-in saytında edilmiş dəyişiklikdən sonra Lavrovun suala cavabı bu şəkildə verilib:

“Mən vaxtından əvvəl və kəskin bəyanatlar verilməməsini təklif etmişəm. Bu vəziyyətlə bağlı məsələyə gəlincə isə, Rusiya hərbçiləri, bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdırlar, bunu öz prioritetlərindən biri kimi saxlayırlar. Orada vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin işə salınması Bakı və Yerevan arasında etimadın yüksəlməsinə və Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında Fərrux tipli insidentlərə yol verilməməsinə kömək edəcək”.

Lavrovun suala cavabının ilkin variantı belə idi:

“Bu vəziyyətlə bağlı məsələyə gəlincə isə, Rusiya hərbçiləri, bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdırlar , bunu öz prioritetlərindən biri kimi saxlayırlar. Orada vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Bizim anladığımıza görə delimitasiya üzrə qarşıdan gələn predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və bunlar mütləq həll olunacaq”.

Azərbaycan XİN Lavrovun Yerevanda dediklərinə cavab verdi

Rəsmi Bakı iyunun 9-da Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağdakı Fərrux kəndi ətrafında yaranmış vəziyyətlə bağlı dediklərinə reaksiya verib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayevanın səsləndirdiyi bəyanatda deyilir ki, Fərrux kəndi Azərbaycan Respublikasının Xocalı rayonunda yerləşir və Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiya ilə heç bir şəkildə bağlı deyil:

“Qeyd etmək istərdik ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür. Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.

İyunun 9-da Yerevanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə keçirdiyi mətbuat konfransında Sergey Lavrov Fərrux kəndi ilə bağlı məsələyə toxunarkən demişdi:

“Bu vəziyyətlə bağlı məsələyə gəlincə isə, Rusiya hərbçiləri, bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdırlar , bunu öz prioritetlərindən biri kimi saxlayırlar. Orada vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Bizim anladığımıza görə delimitasiya üzrə qarşıdan gələn predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və bunlar mütləq həll olunacaq”.

Fərrux dağında nə baş verir? Erməni sakinlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:04:36 0:00

Lavrov: Azərbaycanla Ermənistan arasında nəqliyyat sadələşdirilmiş rejimdə işləyəcək

“Azərbaycanla Ermənistan arasında kommunikasiya əlaqələri sadələşdirilmiş rejimdə işləyəcək və burda Ermənistan ərazisinin suverenliyi ilə bağlı heç bir qeyri-müəyyənlik ola bilməz”.

Azadlıq Radiosu erməni xidmətinin məlumatına görə, bunu Rusiyanın xarici işlər Sergei Lavrov iyunun 9-da Yerevanda ermənistanlı həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Qeyd edək ki, Lavrov iyunun 8-də Yerevana ikigünlük işgüzar səfərə gəlib. Sabah Yerevanda Ermənistnaın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələri nazirlər şürasının toplantısı keçiriləcək.

“Bildiyiniz kimi Ermənistan və Azərbaycan arasında dəmir yolu marşrutu razılaşdırılıb. Hazırda isə avtomobil marşurutu ilə bağlı razılaşma yekunlaşmaq üzrədir. O, sadələşdirilmiş rejimdə işləyəcək, amma mütləq Ermənistan ərazisinin suverenliyinin tanınmasına əsaslanacaq, çünki burada ikimənalı heçnə ola bilməz . Bunlar yerli infrastrukturun qurulması ilə bağlı praktiki şeylərdir, ona görə də burada kəsməzdən əvvəl on dəfə ölçmək daha yaxşıdır. Və bizdə belə bir fikir var ki, həm azərbaycanlı, həm də erməni tərəfdaşlarımız bu mövqedən çıxış edirlər" deyə, Sergei Lavrov bildirib.

Amma mənbə yazır ki, Lavrov “sadələşdirilmiş rejim”in nə demək olduğuna aydınlıq gətirməyib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyansa həmin mətbuat konfransında Azərbaycanla əlaqələrin bərpasına toxunarkən deyib ki, regionda əlaqələrin açılması yeni imkanlar yarada bilər.

Mirzoyan bu məsələ ilə bağlı baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən komissiyanın müsbət nəticə əldə edəcəyinə ümidlə yanaşdığını vurğulayıb.

Mirzoyan Lavrovla görüşün konstruktiv və səmimi olduğunu bildirib.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair mümkün sənəd, sərhədlərin demarkasiyası və təhlükəsizliyi o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xatırlatma

Azərbaycan 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində, 30 ilə yaxın Ermənistan ordusunun işğalında olan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşması ilə (Azərbaycan, Ermənistan və Rusiya arasında) döyüşlər dayandırılıb, Laçın dəhlizi və Qarabağdakı erməni icması ilə Azərbaycan ordusu arasındakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Amma tərəflər arasında hələ ki, yekun sülh müqaviləsi imzalanmayıb.

XS
SM
MD
LG