Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:27

'...Ehtiyacını ödəmək üçün turist dərələrə düşməlidir'


Mehdibəy Səfərov
Mehdibəy Səfərov

Lerik rayonunun Vizəzəmin kənd sakini Mehdibəy Səfərov bildirir ki, rayonda ictimai sanitar qovşağı yoxdur. O, bununla bağlı müraciət də yayıb. Müraciətdə vurğulandığına görə, Lerik şəhərində bir dənə də olsun ictimai ayaqyolu yoxdur: "2015-ci ildə Lerikdən Milli Məclisə deputatlığa namizədliyimi vermişdim. O vaxtı Lerik şəhərinin bir qrup sakini mənə görüşdə müraciət etdilər. Müraciətdə xahiş olunurdu ki, Lerik şəhərində ayaqyolu inşa edilsin...".

"Qonaq bu yerlərə necə getsin?"

Onun sözlərinə görə, Lerik şəhərinin bir qrup sakininin bu məsələ ilə bağlı dəfələrlə müxtəlif instansiyalara müraciətləri də olub: "Əhəmiyyət verməyiblər. Qonaqlar gəlirlər, onların yanında biabır oluruq. Rayon icra hakimiyyəti aparatının, xəstəxananın, təşkilat və idarələrin inzibati binaları var. Bu binalarda ayaqyolu fəaliyyət göstərir. Qonaq bu yerlərə necə getsin? Evlərə baş çəksin? Utancverici haldır".

20 min nəfər əhalisi olan Astara şəhərinin sanitar qovşağı
20 min nəfər əhalisi olan Astara şəhərinin sanitar qovşağı

"Sanitar qovşağı mədəniyyətdir, inkişafdır"

O vurğulayıb ki, rayona gələn turistlərin sayı ildən ilə artır: "Onlar istirahət mərkəzlərində qalırlar. Amma Lerik şəhərinə baş çəkən turistlər az deyil. Şəhəri gəzirlər. Məlum olanda ki, 10 minlik Lerik şəhərinin sanitar qovşağı yoxdur, pis vəziyyətdə qalırıq. Sanitar qovşağı mədəniyyətdir, inkişafdır. Belə çıxır ki, ehtiyacını ödəmək üçün turist dərələrə düşməlidir".

M.Səfərov deyir ki, problemi daxili imkanlar hesabına həll etmək qərarına gəliblər: "Lerikli imkanlı adamlarla görüşüm olub. Onlar deyirlər ki, yer ayırsınlar, biz tələblərə cavab verən sanitar qovşağı inşa edək. Buna görə də icra hakimiyyəti başçısına rəsmi müraciət etmişəm. Həmin müraciəti sosial şəbəkələrdə də yaymışam. Yazmışam ki, tikiləcək sanitar qovşağı ya icra aparatının, ya da bələdiyyənin balansında otursun. Pullu eləsinlər. Biz tikib verərik onlara. Müraciətə hələ cavab yoxdur".

"Kanalizasiya çəkilib, amma..."

Onun deməsinə görə, sovet dövründə də Lerik rayonunun mərkəzində ictimai sanitar qovşağı olmayıb: "O dövrdə Lerik balaca bir yer idi, qəsəbə idi. Ola bilər ki, diqqəti cəlb etməyib. Uzaq kəndlər var, rayon mərkəzindən 20-25 kilometr uzaqda yerləşir. Kənd sakinlərinin rayon mərkəzində işləri olur. Elə kənd sakini var ki, Lerik şəhərində qohumu yoxdur. O, nə etməlidir? Qohum gəlib desin ki, tualetə gəlmişəm?! Mərkəzi xəstəxana və digər yeni inzibati binalar inşa ediblər. Kanalizasiya çəkilib, amma sanitar qovşağı yoxdur".

Sərhəddə sanitar qovşağı
Sərhəddə sanitar qovşağı

"Qoy pullu olsun, eyib etməz, təki olsun..."

Lənkəran rayon sakini Yaşar Qurbanov da M.Səfərovun təşəbbüsünü müsbət qiymətləndirir: "Çox doğru və təxirəsalinmaz təklifdir. Sanitar qovşaqları şəhər mədəniyyətinin tərkib hissəsidir. Rusiyanın, Ukraynanın ən kiçik qəsəbələrində park və əhalinin sıx yığışdığı yerlərdə sanitar qovşaqları tikilib. Bizim bölgənin mərkəzi sayılan Lənkəranımızda da bu vacibdir. Sanitar qovşağı var, amma tələblərə cavab vermir. Bunu təşkil etmək olduqca vacibdir. Sanitar qovşaqları qoy pullu olsun, eyib etməz, təki olsun...".

"Bu maşınların sürücüləri necə keçinirlər?"

Qonşu Astara şəhərinin sakini Zabir Ağazadənin sözlərinə görə, bu məsələ onlardan ötrü də müəyyən qədər aktualdır: "Astara şəhərində iki yerdə sanitar qovşağı var. Biri mərkəzdə, digəri isə gömrük məntəqəsinin önündə. İkisi də yaxşı deyil - balacadır, natəmizlik var. Astara şəhərinin girəcəyində, "İpək yolu"nda günlərlə yüzlərlə yük maşınları növbə gözləyir. Orada sanitar qovşağı yoxdur. Sual olunur - bu maşınların sürücüləri necə keçinirlər?".

Turistlərdən Bakı merinə 'tualet ismarışı'
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

"Artıq tədbirlər görülür"

Hələlik, Lənkəran və Astara rayon rəsmiləri ilə bu mövzuda danışmaq mümkün olmayıb. Lerik Rayon İcra Hakimiyyətindən isə artıq bu barədə tədbirlər görüldüyünü deyirlər: "Rayonda iki yerdə ictimai ayaqyolu inşa edilib. Biri Lerik Rayon İcra Aparatı tərəfindən inşa edilmişdi. Digəri isə Lerik bələdiyyəsi tərəfindən. Ən yüksək səviyyədədir. Ancaq istifadə edilməsində problem var. Belə qərara gəlinmişdi ki, 5 qəpikdən pul alınsın. Həmin pul ayaqyoluna nəzarət edən şəxsə əməkhaqqı kimi verilməli idi. Vətəndaşlar istifadə etmədilər. Su da çəkilmişdi. Lerikdə bir neçə ictimai obyekt var. Bu obyektlərdə ayaqyolu yerləşir. Ondan da istifadə edirlər".

XS
SM
MD
LG