Lerik rayonunun Zəriküməco kəndində məscidin işığını kəsiblər.
Bu haqda AzadlıqRadiosuna kənd sakinlərdən Həsənağa Cabbarov danışıb. O deyib ki, məscidə dünəndən (yanvarın 18-i) elektrik enerjisinin verilməsi dayandırılıb.
«Məsciddə cəmi ikicə işıq lampasından istifadə olunur. Başqa heç bir elektrik avadanlığından istifadə edilmir. 50-60 evlik kənddir. Oradakı iki lampanı da kəndə çox gördülər. İşıq idarəsindən 5-6 nəfər gəlib, kəsib getdi. Lampaları da açıblar», - deyən kənd sakini şikayətlərini deməyə yer tapmadıqlarını bildirir.
Elektrik borcuna gəlincə, sakinlər deyir ki, işıq idarəsi məscidə sayğac quraşdırmayıb.
«Hara zəng edirik, şikayətlənirik dinləyən yoxdur. İşıq idarəsindən birinə zəng vururuq, «mənlik deyil» deyir. Digəri ilə əlaqə saxlayırıq, başqasına yönəldir».
KİLSƏYƏ PULSUZ, İKİ LAMPASI OLAN MƏSCİDƏ İSƏ...
Sakinlər məscidin işığının kəsilməsindən narazılıq edir.
«Televizorda qürrələnirlər ki, erməni, gürcü kilsələrinə qazı pulsuz verirlər. Ancaq bizim məscidə iki lampalıq işığı belə çox görürlər», - deyən H.Cabbarov Zəriküməco kəndinin qazla təchiz olunduğunu bildirir. «Ancaq məscidə, ümumiyyətlə, qaz xətti çəkməyiblər», - sakin bildirib.
Məsələyə, hələlik, Lerik rayon İşıq İdarəsindən münasibət almaq mümkün olmayıb.