Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:27

Lesinin boynu qırılıbmış


 Vladimir Putin (solda), Mikhail Lesin, 24 avqust 2002
Vladimir Putin (solda), Mikhail Lesin, 24 avqust 2002

Rusiyanın keçmiş mətbuat naziri Mikhail Lesin 2015-ci ildə Vaşinqtondakı oteldə ölü tapılıb. Şəhərin tibbi ekspertizasının rəyində onun boynunun “ölüm anında və ya ölüm anına yaxın qırıldığı” göstərilir. Rəydə Lesinin həyatının son günlərinin yeni ayrıntıları verilib.

Sənədlərdə Lesinin qətlinin bütün ssenarisi göstərilməyib. Sənədin bir yerində boynun “ölüm baş verdikdən sonra”, güman ki, autopsiya zamanı zədələnə biləcəyi deyilir.

DETALLAR

Bir zamanlar prezident Vladimir Putinin güclü media müşaviri olan Lesin 2012-ci ildə Kreml elitasının gözündən düşmüş, ictimai nüfuzunu itirmişdi. 2015-ci il noyabrın 5-də isə o, Ağ Evdən çox da uzaqda olmayan Dupont Circle hotelində ölü tapılıb.

Baş tibb ekspertizası bu sənədləri AzadlıqRadiosu-nun təxminən iki il öncə təqdim etdiyi İnformasiya Azadlığı Aktı ilə bağlı məhkəmə ərizəsinə cavab olaraq dərc edib. Vaşinqton hakimi Hiram Puig-Lugo ötən ay sənədlərin təslim edilməsi haqda qərar çıxarıb.

Sənədlərdə qeyd edilən detallardan bəziləri bunlardır:

• Lesinin dilaltı sümüyü tamamilə parçalanıb;

• Lesinin Kaliforniyada yaşayan oğlu Anton müstəntiqlərə atasının ABŞ paytaxtına nə üçün gəldiyini bilmədiyini deyib. O həmçinin Lesinin iş səfərlərində içki qəbul etməklə bağlı ciddi problemləri olduğunu deyib;

• Lesinin öldüyü gün təqdim olunan hesabatda bir tibbi ekspertiza müstəntiqi yazıb ki, bir detektiv zəng vuraraq mərhumun bir “dostunun” onunla əlaqə saxladığını və “onun yeri ilə maraqlandığını” deyib.

Bu ölümün “təsadüfi” olması haqda rəsmi nəticəyə rəğmən Lesinin Rusiyanın hakim elitası ilə əlaqələri, onun ölümünün qəribə şəraitdə baş verməsi, bütün dünyada rusiyalıların əcaib ölüm halları onun əslində qətlə yetirildiyi haqda söz-söhbətə yol açıb.

Mikhail Lesin ( ortada) və Vladimir Putin
Mikhail Lesin ( ortada) və Vladimir Putin

“TƏSADÜFİ ÖLÜM”

Lesinin ölümündən 4 ay sonra, 2016-cı ilin martın 10-da, tibbi ekspertizanın ilkin hesabatında onun baş, bədən, yuxarı və aşağı ətraflarda fiziki travmalardan öldüyü deyilirdi. Ancaq ölümün mahiyyəti “qeyri-müəyyən” qalırdı.

2016-cı ilin oktyabrında çıxmış yekun hesabatda isə ABŞ prokurorluğunun Vaşinqton ofisi və Metropolitan polis departamenti ölümün təsadüf nəticəsində baş verdiyini bildirirdi. Daha dəqiq desək, səbəb kimi baş, boyun, bədən, yuxarı və aşağı ətraflarda “yıxılma nəticəsində baş vermiş” travmalar göstərilirdi. Kəskin etanol intoksikasiyası da səbəb kimi göstərilirdi.

Bu hesabat vaxtilə çox nüfuzlu və zəngin Kreml rəsmisi olan Lesini iş kontekstində tanıyanlar tərəfindən şübhə ilə qarşılanmışdı. Lesinin otel otağına birbaşa girişi olan şəxs onun bu otaqda tək ölə biləcəyinin qeyri-mümkün olduğunu deyib. Köməkçiləri isə bu otelin bahalı əşyalar və dəbdəbəli otellərə üstünlük verən Lesinin zövqünə uyğun olmadığını deyiblər.

Lesin daha öncə Vaşinqtonda bahalı Four Seasons otelində qalıbmış. Onun otelə çox sərxoş vəziyyətdə gəldiyini görən işçilər ABŞ xüsusi xidmətlərinə zəng vurublar. Xüsusi xidmət orqanları Lesinin otağından çıxmasını önləmək üçün otağı nəzarətdə saxlamağı tapşırıblar. Bir gün sonra o, Dupont Circle otelində qeydiyyatdan keçib.

Qeydlərdə deyilir ki, o bu otelə köçəndə xüsusi xidmətlər artıq adı çəkilməyən başqa bir rəsmi şəxsi qorumaq üçün burada imiş.

Sənədlərdə deyilir ki, Lesin minibardakı bütün alkoqollu içkiləri içib və hətta onu alt tumanında və köynəkdə dəhlizdə gəzərkən görüblər.

LESİN KİM İDİ

Michail Lesin
Michail Lesin

​Lesinin varidatının çox hissəsi onun 1990-cı illərdə yaratdığı televiziya reklamları şirkətindən gəlib. O zaman Rusiyada TV reklam bazarı çiçəklənməkdə idi. Video International (VI) adlı bu şirkəti sonradan Bank Rossiya-nın səhmdarı, Kremllə sıx bağları olan Yuri Kovalçuk satin alıb.

Lesin 1996-cı ildə Boris Yeltsinin seçki kampaniyasında mühüm rol oynayıb, onun sözçüsü olub. 1999-cu il dekabrın 31-də Yeltsin hakimiyyətdən getdiyini, Putini öz yerinə təyin etdiyini elan edən zaman da Lesin onun sözçüsü idi.

Mikhail Lesin (sağda) , Rusiyanın keçmiş prezidenti Boris Yeltsin və qızı Tatyana Dyachenko
Mikhail Lesin (sağda) , Rusiyanın keçmiş prezidenti Boris Yeltsin və qızı Tatyana Dyachenko

2000-ci illərin əvvəllərində Putinin mətbuat naziri olan Lesin milli TV kanallarının, xüsusən də müstəqil jurnalistika üslubuna görə tanınan NTV kanalının Kremlin nəzarətinə keçirilməsində əsas rolu oynayıb. Sonradan o, Kremlin əsas təbliğat maşını sayılan Russia Today-in yaradılması ilə məşğul olub.

2012–2014-cü illər arasında o, naməlum səbəblərdən Kremlin gözündən düşüb və ictimaiyyətin diqqətindən kənara çəkilib.

2014-cü ildə, ölümündən bir il öncə Lesin ABŞ Senatının diqqətini cəlb edib. Bir millət vəkili onun çirkli pulların yuyulması məsələsində iştirakının araşdırılmasını tələb edib.

Lesinin Kaliforniyanın Beverli Hills şəhərində villası var idi. Uşaqları və ondan ayrı yaşayan həyat yoldaşı bu evdə yaşayırmış. Bundan başqa, onun 40 milyon dollarlıq yaxtası da var imiş. Ölümündən bir neçə ay əvvəl onun özündən çox cavan bir rus modellə nişanladığı və nişanlısının hamilə olduğu deyilirdi.

AzadlıqRadiosu adı Viktoria Rakhimbayeva kimi göstərilən bu qadını tapa bilməyib.

Lesinin ölümündən sonra aktivləri tədricən satılmağa başlayıb. Yaxtası 2016-cı ildə Floridada satılıb. 2017-ci ildə Beverli Hillsdəki iki evi 23 milyon və 29 milyon dollara satışa çıxarılıb.

XS
SM
MD
LG