Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:31

Levada Mərkəzi: 'Rusiyanın hər 3 sakinindən biri qafqazlıları istəmir'


Rusiya polisi miqrant "ovuna" çıxıb
Rusiya polisi miqrant "ovuna" çıxıb

Rusiyanın "Levada-Sentr" analitik mərkəzinin sosioloqları iddia edirlər ki, rusiyalıların əksəriyyəti, əvvəlki kimi, hökumətin ölkəyə miqrant axınını dayandırmasını dəstəkləyir. Mərkəzin rəy sorğusuna qatılanların 66 faizi belə düşünür. Bu ilin martında keçirilmiş sorğuda iştirak edənlərin 80 faizi eyni qənaətdə olub.

Rəyi soruşulanların xeyli hissəsi bəzi millətlərin nümayəndələrinin və müəyyən regionlardan olan miqrantların Rusiyada yaşamasını məhdudlaşdırmaq tərəfdarıdır.

Nə qafqazlıları, nə də orta asiyalıları istəyirlər?

Hər üç rusiyalıdan birinin fikrincə (34 faizin), Rusiya Cənubi Qafqazdan olanların burada yaşamasını məhdudlaşdırmalıdır. Respondentlərin 29 faizi də Orta Asiya respublikalarından gələn tacik, qırğız, özbək və digərlərinin Rusiyada yaşamasını istəmir.

Buna da bax:​ Böhran Rusiyadakı azərbaycanlıları da vurdu

Sorğuya qatılanların 1/4-i (24 faizi) çinlilərə, 21 faizi qaraçılara (romalara – red.), 19 faizi vyetnamlılara, 6 faizi isə yəhudilərə məhdudiyyət qoyulmasını zəruri sayır. Respondentlərin 18 faizinin fikrincə, ruslardan başqa hamıya məhdudiyyət qoyulmalıdır.

Ukraynalıların Rusiyada yaşamasını məhdudlaşdırmaq istəyənlərin də faiz nisbəti, əslində dəyişməyib. Ötən ilin avqustunda keçirilən sorğuda respondentlərin 14 faizi bu fikri bölüşürdüsə, indi bu nisbət 13 faizdir.

Rusiya rusların olsun?

Rəyi soruşulanların yarıdan çoxu "Rusiya ruslarındır" fikrini dəstəkləyib. Respondentlərin 38 faizi bildirib ki, "bu ideyanı gerçəkləşdirmək pis olmazdı, amma şüurlu çərçivədə". 14 faiz bu fikri "həyata keçirməyin vaxtı çoxdan çatıb” deyib. Respondentlərin cəmi 21 faizi “Rusiya ruslarındır” düşüncəsini faşist ideyası ilə eyniləşdirib.

Sorğu iştirakçılarının cəmi 20 faizi hər hansı millətdən olan şəxslərin Rusiyada yaşamasının məhdudlaşdırılmasına qarşı çıxıb. Respondentlərin 23 faizinin fikrincə, hökumət miqrantların qarşısındakı maneələri aradan qaldıraraq, durumu ölkənin xeyrinə dəyişməlidir.

Sosioloqlar Rusiya vətəndaşlarından son bir ildə onların yaşadığı, yaxud çalışdığı yerdə miqrant sayının artıb-azalmasını da soruşublar. Statistikaya görə, rubl dəyərsizləşəndən bəri, əsasən, Orta Asiyadan olan yüz minlərlə miqrant vətəninə qayıdıb.

Buna da bax:​ Avropa yazda gözlənən yeni miqrant axınını önləməyə çalışır

Respondentlərin 43 faizi durumun dəyişmədiyini, 42 faizi miqrantların sayca artdığını, cəmi 7 faizi bu sayın azaldığını bildirib.

Gəlmələr Rusiyanı geriyə atır?

Sorğuya qatılanların cəmi 12 faizi mühacirlərin Rusiya cəmiyyətini zənginləşdirdiyini düşünür. “Levada-Sent”rin qənaətinə görə, respondentlərin çoxu gəlmələrə Rusiya mədəniyyətini dağıdan (39 faiz), ölkə iqtisadiyyatının inkişafına kömək etməyən (51 faiz), cinayətkarlıq səviyyəsini artıran (64 faiz) və rusiyalıların əlindən iş yerlərini alan (62 faiz) adamlar kimi baxırlar.

Sorğu iştirakçılarının cəmi 2-3 faizi yaxınlıqda yaşayan gəlmələrə hörmət və rəğbət bəslədiyini söyləyib. Miqrantlar rəyi soruşulanların 15 faizini qıcıqlandırır, 18 faiz onları sevmir, 5 faizsə onlardan qorxur.

Rusiyalıların 18 faizi yaşadığı şəhər və ya rayonda millətlərarası gərginliyi hiss etdiyini bildirib. Əksəriyyət (79 faiz) belə bir ab-havanın olmadığını deyib.

XS
SM
MD
LG