Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:28

Azərbaycanda cinzi azlıqlara 'qəfil divan tutuldu'


LGBT fəalları
LGBT fəalları

Sentyabrın son iki həftəsində Azərbaycanda polis gey, biseksual, eləcə də transgender olduğu güman edilən onlarla şəxsə qarşı zorakı kampaniya aparıb. «Human Rights Watch» insan haqları təşkilatı da bu haqda bəyanat yayıb. Oktyabrın 2-də polis rəsmən 83 nəfərin saxlandığını təsdiqləyib. Hüquq-müdafiə təşkilatları saxlananların döyülmə, elektroşok, qorxudulma, şantaja məruz qaldığını bildirsə də, rəsmilər bunu təkzib edir.

«The Washington Post» qəzetində Katy Pearce bu divantutmanın səbəblərini təhlil edir. Pearce Vaşinqton Universitetində kommunikasiya departamentinin dosentidir, Cənubi Qafqazda texnologiya və bərabərsizlik məsələlərini araşdırır.

OCCRP-NİN ARAŞDIRMASININ ROLU

Müəllif sentyabrın əvvəlində OCCRP araşdırmaçı jurnalistika koalisiyasının yaydığı «Azərbaycanın pulyuyan maşını» adlı tədqiqatı yada salır. Həmin sənəddə Azərbaycandan iki il ərzində 2.9 milyard dollar vəsaitin çıxarıldığı, azərbaycanlı elita və rəsmilər tərəfindən mənimsənildiyi, eləcə də ölkəni dəstəkləməkdən ötrü avropalı lobbiçilərə verildiyi bildirilir. Azərbaycan hesabata cavab olaraq OCCRP-yə hücum edib, onu amerikalı maliyyəçi George Soros-la əlaqələndirib.

***Buna da bax-DİN və baş prokurorluq: 'Pulla intim xidmətlər təklif edən şəxslər...'

Ancaq avropalı siyasilər araşdırmaların aparılmasına çağırıb. Avropa Şurasının rəhbəri Azərbaycan qarşı hüquqi addım atmağa səsləyib. Sentyabrın 26-da iki amerikalı konqresmen insan haqları pozuntularına cavab olaraq rəsmi Bakıya sanksiyalar təklif edən qanunvericilik hazırlayıb. Azərbaycan da buna cavabında antiqərb kampaniyasına başlayıb.

«Tarixən, Azərbaycanda antiqərb kampaniyaları vətəndaş cəmiyyətini və demokratik qrupları hədəfə alıb. Bu dəfəsə rejim Trump dövründə daha da zəifləmiş LGBT icmasını hədəfləyib. LGBT icmasını Azərbaycanda da elə də sevmirlər; bu qrupu heç kəs müdafiə etmək istəmir», – müəllif yazır.

Nardaranda Aşura
Nardaranda Aşura

O, 2011-ci ildə «Pew» araşdırmalar mərkəzinin keçirdiyi rəy sorğusuna istinad edir, özünü müsəlman kimi təqdim edənlərin 92 faizi deyirdi ki, homoseksual davranış əxlaqi baxımdan yanlışdır.

QƏRBİN ƏSAS SİMVOLU

«LGBT qruplarına Qərbin ənənəvi dəyərlərə hücumunun simvolu kimi baxırlar. Qərblə bundan çox assosiasiya olunan qrup yoxdur. Politoloq Emil Edenborg yeni kitabında yazır ki, LGBT Qərblə Rusiya və Azərbaycan kimi daha ənənəvi cəmiyyətlər arasında əsas fərq sayılır. Edenborg medianı illərlə araşdıraraq belə bir nəticəyə gəlib ki, ənənəvi cəmiyyətlər LGBT mənsublarını Qərbin milli əxlaqi dəyərlərə ağlagələn hücumuyla əlaqələndirirlər», – məqalədə deyilir.

***Buna da bax-Azərbaycan 'geylər üçün Avropada ən pis məkan' adlandırılır

Elə Azərbaycanın hüquq-mühafizə orqanları da homoseksuallara hücumları məhz bu cür yozub, keçirilən reydləri «milli və mənəvi dəyərlərə zidd hərəkətlərin əngəllənməsi» niyyətiylə izah edib. Hökumətyönlü media belə yazıb.

E.Edenborg izah edir ki, homoseksuallara təkcə əxlaqi hədə deyil, həm də sağlıq riski kimi baxılır. Azərbaycanda da rəsmi məlumatda saxlananların cinsi yolla keçən infeksiyalara yoluxduqları bildirilirdi.

DİNİ AMİL

Müəllifin fikrincə, LGBT mənsublarına hücum hökumətin ölkənin müsəlman əhalisiylə əlaqələrini möhkəmləndirə bilər. Amma digər tərəfdən, rəsmən dünyəvi ölkə olan Azərbaycanda dindarlıq artır və hökumət bunu rejimə güclü hədələrdən biri sayır. LGBT reydləri rejimin mənəvi dəyərləri qorumaq öhdəliyini sərgiləsə də, təlatümlü münasibətləri olan islamçı dini qruplara qarşı meyllənmək kimi görünür.

Siyasi şərhçi Altay Göyüşov diqqəti LGBT reydlərinin Məhərrəm ayında gerçəkləşdirilməsinə, bununla dini qrupları sakitləşdirmə niyyəti güdülə biləcəyinə çəkir.

«Və nəhayət, LGBT reydləri hökumətə müxalifəti daha da marginallaşdırmağa və parçalamağa əl verir. Azərbaycanlı LGBT fəalları deyirlər ki, ölkədə onları hətta insan haqları və demokratiya qrupları da müdafiə edə bilmir. Bu reydlər sosial mediada LGBT fəalları və müxalifət fiqurları arasında qızğın müzakirələr yaradıb. Azərbaycanda müxalifət içində dram yaratmaq avtoritar rejimin sevimli sosial nəzarət alətidir.

İronik olaraq, Azərbaycan özünü dözümlülük torpağı adlandırır... Nifrət olunan və müdafiəsiz hədəf tapmaqla rejim qalib gəlir. Bu reydlərin ölkəiçi faydaları beynəlxalq bədəlini xeyli üstələyir», – Katy Pearce yazır.

XS
SM
MD
LG