Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Liftpulunu vaxtında ödəyən sakinlər liftsiz qalıb


Lift
Lift

Əhmədli qəsəbəsi, Sarayevo küçəsindəki 12 və 14-cü binaların sakinləri AzadlıqRadiosunun «Qaynar xətt»inə liftdən danışıblar. Hər iki bina 9-mərtəbəlidir. Sakinlərin deməsinə görə, son 6-7 ildə lifin fəaliyyəti bir neçə dəfə dayandırılıb.

2 AYDAN ÇOXDUR İKİ BİNA LİFTSİZ QALIB

«Qaynar xətt»ə zəng vuran Xalidə Hüseynova deyir, 12-ci binada yaşayan xəstə və təqaüdçü anası liftin işləməməsi üzündən əziyyət çəkir: «Hər dəfə etirazlardan sonra bərpa olunsa da, qısa müddət işləyəndən sonra yenə dayandırılır. Bir müddət əvvəl dayandırılmışdı, telekanallar gəldi, çəkiliş apardı, bərpa olundu. 2 aydan çoxdur ki, yenə iki bina liftsiz qalıb. Daha doğrusu, hər iki binada lift var, ancaq fəaliyyətləri dayandırılıb».

Xalidə xanımın deməsinə görə, səbəb odur ki, lift idarəsinin işıq idarəsinə 8 min manat borcu var. İşıq idarəsi borcu tələb edir. Təzyiq vasitəsi kimi isə gəlib lifti dayandırıblar. Əziyyət də sakinlərin üzərinə düşür.

Hər iki binanın sakinləri liftə görə aylıq ödənişləri vaxtında etdiklərini bildirirlər.

MÜALİCƏNİ ERTƏLƏYƏN ƏLİL

14-cü binanın 8-ci mərtəbəsində yaşayan 1-ci qrup əlil Sarxan Əyyubov deyir, əziyyəti daha çox yuxarı mərtəbələrdə yaşayan qocalar, uşaqlar, xəstələr, əlillər çəkir: «Arabaya məhkum əliləm. Tez-tez xəstəxanaya müayinəyə, müalicəyə getməliyəm. Hər dəfə qonşular yığışıb məni arabaqarışıq piyada 1-ci mərtəbəyə düşürürlər. Adamlara əziyyət verməmək üçün məcburam ki, müayinənin, müalicənin birinə gedəndə o birinə getməyim. Bu isə səhhətimə pis təsir edir».

Sakinlərin deməsinə görə, əraziyə təhkim olunmuş təcili yardım briqadaları da bu iki binada lift işləmədiyini bilirlər. Təcili yardım çağıranda ilk sualları liftlə bağlı olur. Lift işləmirsə, yuxarı mərtəbəyə piyada qalxmalı olan həkimlər acıqlarını xəstəyə töküb gedirlər.

«PROBLEM TEZLİKLƏ ÇÖZÜLƏCƏK»

Xətai rayonu, 3 saylı Mənzil İstismar Sahəsindən «Qaynar xətt»ə bildirilib ki, hər iki binanın lifti elektrik enerjisinin verilişinin dayandırılması üzündən işləmir: «İşıq idarəsi borca görə liftlərin elektrik enerjisini kəsib. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. İşıq idarəsi həmin binaların liftinə sayğac quraşdıranda, yəqin ki, hansısa qurumla müqavilə bağlayıb. Pulu da həmin qurumdan tələb etməlidir».

Xətai rayon işıq idarəsindən «Qaynar xətt»in müxbirinə bildirilib ki, sakinlərin problemi Bakı Lift İdarəsi ilə olduğundan məsələni həmin idarə yoluna qoymalıdır.

Bakı Lift İdarəsi isə hər iki binadakı lift probleminin tezliklə çözüləcəyini vəd edir.

XS
SM
MD
LG