Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:54

Liftdəki ölümə görə tutulan usta: 'Mənim heç bir günahım yoxdur'


Lift
Lift

Bakı sakinlərinin tez-tez şikayətləndiyi məsələlərdən biri binalardakı liftlərin nasazlığıdır. Bəzən lift qəzalarının ölümlə nəticələndiyi hallar da olur. Bu qəbildən daha bir hadisə 2018-ci ilin oktyabrında Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi-44 ünvanında, «Göyəzən» MTK-nın inşa etdiyi binada baş vermişdi. Qəza nəticəsində 37 yaşlı Mahirə Yusifova elə hadisə yerində keçinmişdi.

İndi bu iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Təqsirləndirilən şəxs kimi hakimlər önünə çıxarılan iki nəfərin biri binanın komendantı olmuş Soltanməcid Əzizov və usta Çingiz Şıxəliyevdir. Onlar yanvarın 7-də məhkəmədə dindiriləndə S.Əzizov özünü qismən təqsirli bilsə də, Ç.Şıxəliyev ümumiyyətlə, günahsız olduğunu deyib.

«Mən 1976-cı ildən 1994-cü ilə qədər lift işində çalışmışam. Sonra bir müddət Rusiyaya getdim, orada işlədim. Rusiyadan qayıdandan sonra iş tapa bilmədim, heç kəs işə götürmədi. Ona görə məcbur olub usta kimi çağıranda gedib iş görürdüm. Həmin gün də Soltanməcid çağırmışdı ki, gəlib kömək eləyim. Mənim heç bir günahım yoxdur», – təqsirləndirilən Ç.Şıxəliyev ifadəsində belə deyib.

Bildirib ki, illərdir bu işlə məşğuldur, amma belə hadisə təcrübəsində ilk dəfə baş verir: «Yuxarıda mən lifti düzəldəndə düyməni basmışdım. O düyməni basanda lift dayanmalıydı, amma dayanmadı, aşağı getdi. Mən aşağıda, şaxtada qadın olduğunu haradan biləydim?».

«Tapşırdım ki, liftə girməsin»

Digər təqsirləndirilən S.Əzizov deyir ki, bina sakinləri vaxtında ödənişləri etmirdilər, vəsait çatışmazlığından nə qədər problem yığılıb qalmışdı. 2002-ci ildə tikilib, 2004-cü ildə təhvil verilən binanın 10 ildən çox komendantı olsa da, 2016-cı ildə problemlərin həlli məqsədilə «Nəsimi-3» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıb: «Binadakı bütün işləri özüm tək görürdüm. Hətta fəhləlik də edirdim. Həmin gün mərhum Mahirə Yusifova evə tez getmək istədiyini bildirdi. Bu səbəbdən işi tələsik görməyə çalışırdı. Mərhuma tapşırdım ki, şaxtaya girməsin, çünki biz Çingizlə lifti təmir edirik. Çingizi də işlər ağır olan vaxtlar çağırırdım».

M.Yusifova binanın təmizləyicisi olub. Ehtimal olunur ki, hadisə günü də şaxtanı təmizləmək istərkən lift onun üstünə düşüb.

M.Yusifovanın qardaşı Arif Yusifov zərərçəkən qismində tanınıb. O, məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin heç birindən şikayətçi deyil, onlara yüngül cəza verilməsini istəyir: «Onlar həbsdə qalsa, bacım geri qayıtmayacaq ki...».

Təqsirləndirilən şəxslərə CM-nin 314.2 (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma - ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Qanunda ölümə və ya başqa ağır nəticələrə səbəb olan səhlənkarlığa görə 5 ilə qədər azadlığın məhdudlaşdırılması və eyni müddətdə həbs nəzərdə tutulub. Tikinti, mədən və başqa işlər aparılarkən təhlükəsizlik qaydalarını pozmaq ağır nəticələrə gətirib çıxarırsa, bu əməlin cəzası 4 ildən 10 ilə qədər həbsdir.

XS
SM
MD
LG