Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:31

Londonun yeni meri müsəlman oldu


Sadiq Khan həyat yoldaşı Saadiya ilə
Sadiq Khan həyat yoldaşı Saadiya ilə

Böyük Britaniyanın paytaxtı Londonun mer seçkisində Pakistan əsilli Sadiq Khan qalib gəlib

Böyük Britaniyanın paytaxtı Londonun mer seçkisində Pakistan əsilli Sadiq Khan qalib gəlib.

Britaniya mətbuatı yazır ki, “dünyanın birinci xristian şəhərindən birində” müsəlmanın mer seçilməsi, dözümlülük və demokratiyanın, başqa Avropa paytaxtlarını bürüməkdə olan dinlərarası gərginlik və irqçilik üzərində təntənəsi sayıla bilər. Bu həm də ona görə demokratiyanın qələbəsidir ki, müsəlman mer hazırda müxalifətdə olan partiyanın üzvüdür.

Mühafizəkar Zac Goldsmith seçiciləri leyborist Sadiq Khan-ın müsəlmanlığı ilə qorxudurdu
Mühafizəkar Zac Goldsmith seçiciləri leyborist Sadiq Khan-ın müsəlmanlığı ilə qorxudurdu

“The Financial Times” yazır ki, Londonun londonlular tərəfindən seçilmiş ilk müsəlman meri Sadiq Khan-ın ölkənin müsəlman icmalarının interqrasiya və inkişadfında böyük rol oynayacağı gözlənilir.

Qəzet yazır ki, onun həm də başqa Avropa paytaxtlarını populist antimiqrant sentimentinin bürüdüyü bir vaxtda seçilməsi Londonun həqiqətən də çoxmədəniyyətli simasının təsdiqidir.

Mətbuat belə bir məqama diqqət yetirir ki, Sadiq Khan bu posta Brüssel və Parisdə İŞİD tərəfindən törədilmiş terror aksiyalarının ardınca seçilib və bunun özü də islamçı ekstremistlərə aşkar mesajdır.

Londonistanın meri

ABŞ-da sağ təmayüllü Drudge Report internet saytı Khan-ın seçilməsini “Londonistanın birinci müsəlman meri” sərlövhəsi ilə salamlayıb.

Sadiq Khan Pakistanlı avtobus sürücüsü və toxucunun ailəsində 8 uşaqdan biri olub

Fransa və Almaniya qəzetləri isə belə bir məqama diqqət yetirir ki, Sadiq Khan İslamı öz kimliyinin bir hissəsi adlandırır.

Onu artıq Nyu York meri Bill de Blasio və Paris meri Anne Hidalgo təbrik ediblər.

Pakistanlı avtobus sürücüsü və toxucunun ailəsində Sadiq Khan 8 uşaqdan biri olub. Ailə dövlət tərəfindən sosial təminat çərçivəsində verilmiş evdə yaşayırdı.

Britaniya mətbuatı onu Mühafizəkar Partiyadan olan rəqibi Zac Goldsmith-lə müqayisə edir. Milyarder oğlu Zac imtiyazlı Eton məktəbində təhsil alıb və özündə Britaniya zadəgan övladının bütün özləlliklərini əks etdirir.

Sadiq Khan-ın mer olacağı şəhərdə hər səkkiz sakindən biri müsəlmandır.

Lakin FT yazır ki, qələbənin bütün əzəmətinə baxmayaraq Khan-ın səlahiyyətləri dünyanın başqa şəhərlərində, xüsusən də ABŞ-dakı bələdiyyə rəsilərinin nüfuzu qədər güclü olmayacaq.

Yalnız 2000-ci ildən seçilən London merlərinin səlahiyyətlərinə polis, nəqliyyat və mənzillə təminat daxildir.

Hey Goldsmith!

Bütün seçki kampaniyası ərzində Khan müsəlmanlığını gizlətməyə çalışmayıb. O, spirtli içkilər içmir və əlahəzrət kraliçaya müşavir olan Məxfi Şuraya qəbul edilərkən əlini İncilə yox, Qurana basıb.

Mən londonluyam, avropalıyam, britaniyalıyam, ingilisəm, dinim İslamdır, əslim Asiya, irsim Pakistandır. Atayam, ərəm

O müsəlman olduğunu rəqibinə Tvitterdə də yazırdı: “Hey @ZacGoldsmith. Mənim müsəlman olduğumu hər yerdə car çəkmək lazım deyil. Özüm kampaniya vərəqələrimə yazmışam”.

Bununla belə, o öz kimliyini belə tanıdır: “Mən londonluyam, avropalıyam, britaniyalıyam, ingilisəm, dinim İslamdır, əslim Asiya, irsim Pakistandır. Atayam, ərəm”.

Dözümlülük barədə deyib: “Biz Londonda bir-birimizə dözmürük, hörmət edirik”.

Britaniya müsəlmanlarının radikallaşmasına gəlincə, o bunun qarşısını “içəridən” almağa çalışacağını vəd edib.

Hər səkkiz londonludan biri müsəlmandır
Hər səkkiz londonludan biri müsəlmandır

Khan deyib ki, parlamentdə homoseksual nikahlara səs verdikdən sonra həm mühafizəkarlardan, həm də islamçılardan ölüm hədələri alıb.

Kampaniya boyunca rəqibi Goldsmith Khan-ı “müsəlman ekstremistlərlə oturub-durmaqda” ittiham edirdi.

Khan və üzvu olduğu müxalif Leyborist Partiyası bu ittihamları iqrçi təbliğat kimi rədd ediblər.

Goldsmith kampaniya plakatlarından birində islamçı ekstremistlər tərəfindən 2005-ci ildə partladılmış ikimərtəbəli London avtobusunun fotosunu yerləşdirmişdi.

Bir çox təhlilçilər Avropanın başqa şəhərlərindən fərqli olaraq bu taktikanın Londonda işləyəcəyinə əvvəldən inanmırdılar.

Bəzi şərhçilər deyirlər ki, indi Britaniyada növbəti mərhələ əsas siyasi partiyaların özlərinə qaradərili liderlər seçməsi ola bilər.

XS
SM
MD
LG