Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:30

'Lotu Qulinin 'kruqunda' olduğuma görə şərləyiblər'


Lotu Quli kimi tanınan Nadir Səlifov
Lotu Quli kimi tanınan Nadir Səlifov

«Mən Dərnəgül bazarındakı mağazalardan birində fəhlə işləyirdim. Məni gəlib elə işdən aparıblar. Aparanda da üst-başımı gördülər ki, nə gündə idim. Narkotik ticarəti ilə məşğul olan adam gedib Dərnəgül bazarında fəhləlik eləyər?», – 27 yaşlı Valeh Musayev belə deyir.

CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham olunan V.Musayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Yanvarın 9-da məhkəmədə o, ifadə verib və günahsız olduğunu, şər-böhtanla həbs olunduğunu deyib. Onun sözlərinə görə, baxmayaraq ki, əvvəllər iki dəfə məhkumluğu olub, narkotikin istifadəsindən də, satışından da tamamilə uzaqdır. Həbs olunmasının səbəbini isə kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifovun çevrəsilə vaxtilə yaxın münasibətdə olmasıyla əlaqələndirir.

***Buna da bax-'Lotu Quli'nin cəzalandırılan qohumu: 'Belə ölkə olar?!'

«90-a yaxın adam tutdular, 70-nə narkotik ittihamı verdilər»

«Bütün bu işlərin kökündə «Bulaq» restoranındakı atışma dayanır. Orada bir güllə atılmışdı, buna görə 90 nəfərə qədər adamı tutub basdılar içəri. Onlardan da 70-nə narkotik ittihamı verdilər. Halbuki, o adamların nə narkotikə aidiyyəti vardı, nə də «Bulaq»dakı atışmaya. Mən də onlardan biriyəm. Narkotik alverçisi idimsə, niyə gedib evimdə axtarış aparmadılar? Çünki yaxşı bilirdilər ki, məndə narkotik yoxdur. Fəhlə adamam. Mən idmanla məşğul olurdum. Mən də əvvəllər Lotu Qulinin «kruq»unda olmuşam. Buna görə «Bulaq»dakı hadisədən sonra məni də gözünə qatıb həbs elədilər», – V.Musayev ifadəsində belə deyib.

O, həbsinə görə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarını suçlayır. Bununla belə deyir ki, idarənin əməkdaşları onu döyməyib, işgəncə verməyib.

***Buna da bax-'Lotu Quli azadlığa buraxılırsa, İlqar Məmmədov niyə buraxılmasın?'

İttihama görə, 27 yaşlı V.Musayev şübhəli şəxs qismində saxlanılarkən üzərindən 5 qrama yaxın heroin tapılıb.

Məhkəmə yanvarın 23-də davam edəcək.

«Bulaq»da nə baş verib?

V.Musayevin ifadəsində bəhs etdiyi silahlı insident 2015-ci il aprelin 21-də Badamdar qəsəbəsindəki «Bulaq» restoranında baş verib. Hadisə zamanı Fuad ƏsgərovBəhruz Rəfiyev güllə yarası alıb, Süleyman Abdullayev isə bıçaqlanıb. Bu hadisə ilə əlaqədar 9 nəfər həbs edilib, aralarında xəsarət almış şəxslər də olub. Bu iş də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Prokuror təqsirləndirilən 9 nəfərə 5 ildən 18 ilə qədər olmaqla, ümumilikdə 96 il 3 ay həbs cəzası istəyib. Onlar adam öldürməyə cəhd, silahdan istifadə etməklə xuliqanlıq və başqa əməllərdə suçlanır.

İddia olunur ki, restorandakı silahlı atışma N.Səlifovla kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan mərhum Rövşən Caniyevin tərəfdarları arasındakı mübahisə nəticəsində baş verib.

XS
SM
MD
LG