Belarus prezidenti Alyaksandr Lukashenka Minskdə və ölkənin başqa şəhərlərində prezidentliyə müxaliətçi namizədləri dəstəkləyən izdihamlı mitinqlərin ardınca açıq xəbərdarlıq edib ki, Belarusda heç bir “Maydan” olmayacaq.
Lukashenka-nın istifadə etdiyi “Maydan” sözü keçmiş SSRİ ərazisində avropayönlü etiraz aksiyalarının simvolik adıdır və daha çox Ukrayna paytaxtının Müstəqillik meydanı ilə bağlıdır.
Məhz bu meydanda başlanan kütləvi etiraz aksiyaları nəticəsində Ukraynanın moskvayönlü prezidenti Viktor Yanukovych 2014-cü ildə devrilib və Rusiyaya qaçmalı olub.
“Külək əsdirənlər”
Belarus lideri iyunun 1-də ölkə DTK-sının rəhbəri Valery Vakulchyk-la görüşdə deyib ki, bir gün əvvəl, mayın 31-də Belarus şəhərlərində müxalifət namizədləri üçün imza toplanması məqsədilə keçirilən mitinqləri “xarici qüvvələr” təşkil edib.
O deyib ki, “bu, bizim Belarus torpağımıza müxtəlif səmtlərdən əsən küləklərdir”.
Lukashenka bildirib ki, o, ölkəsindəki vəziyyətin nəzarətdən çıxmasına imkan verməyəcək:
"Biz bu küləkləri əsdirənlərin məqsədlərini tamamilə bilirik. Onlar bizim prezident seçkimizdən əvvəl və ya seçki vaxtı burada kiçik Maydan düzəltməyə çalışırlar. Mən buradan həmin o “meydanlaşdırılmışlara” xəbərdarlıq etmək istəyirəm ki, Belarusda Maydan olmayacaq”.
Lukashenka bunu da əlavə edib ki, mitinqlər Belarusun suverenliyinə və müstəqilliyinə təhlükə yaradır və “ordu, DTK və bütün adamlar” bunları qorumalıdırlar:
"Biz heç kəsi sıxışdırmaq fikrində deyilik. Minskdə və başqa şəhərlərdə ictimai müzakirələr üçün ayrılmış yerlər var. Məncə Minskdə belə yerlərin sayı 6-dır. Sadəcə olaraq buna nəzarət etmək lazımdır. Minskdə altı yer var, ora gedin və müzakirələrinizi oralarda aparın. Amma DTK və polis bütün vasitələrlə qayda və qanunu qorumalıdır”.
Luksahenka 6-cı müddətə hazırlaşır
Human Rights Watch (HRW) beynəlxalq insan haqları təşkilatı bu ay xəbərdarlıq etmişdi ki, Belarusda etirazçılar, müxalifət blogerləri, jurnalistlər və hökumətin başqa tənqidçiləri üzərinə hücumlar intensivləşib.
Təşkilat bildirirdi ki, bu hücumlar avqustun 9-a təyin edilmiş prezident seçkisindən əvvəl “qanunsuz həbslərin yeni dalğası” ilə həyata keçirilir.
Mayın 24-də Minskdə minədək insan mitinqə toplaşaraq Lukashenka-nın daha bir müddət prezident olmasına etiraz etmişdi.
Bu, çoxdan bəridir ki, 9 milyonluq əhalisi olan şəhərdə ən izdihamlı mitinq idi.
Tənqidçilər bildirirlər ki, Lukashenka hökuməti fərqli düşüncə və müstəqil mediaya dözümsüzlük nümayiş etdirir.
Lukashenka ölkəyə 1994-cü ildən rəhbərlik edir və o hazırda özünün 5-ci prezidentlik müddətindədir.
Belarusda prezident müddətlərinin say limiti 2004-cü ildə ləğv edilib.
ABŞ və Avropa İttifaqı indiyədək Belarus üzərinə bir çox sanksiyalar qoyub, lakin son illərdə Qərblə Minsk arasında bağların yaxşılaşdırılması istiqamətində addımlar atılır.