Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 03:48

Lukaşenka konstitusiya referendumundan danışır


Alyaksandr Lukaşenka
Alyaksandr Lukaşenka

Ekspertlər real dəyişikliklərin olacağına şübhə edirlər

Belarus gələn ilin fevralınadək yeni konstitusiya üzrə referendum keçirəcək. Bunu ölkənin avtoritar lideri Alyaksandr Lukaşenka deyir.

Lukaşenka sentyabrın 28-də konstitusiya komissiyasının iclasında bir daha vəd edib ki, müxalifətin yenidən hakimiyyətə gəlməsinə icazə verilməyəcək, çünki onlar “ölkəni dağıdarlar”.

“Dəyişikliklərin məqsədi konstitusiyanı daha harmonik və balanslı etmək, prezident, parlament və hökumət arasında hakimiyyəti yenidən bölüşdürmək, Ümum-Belarus Xalq Məclisinin konstitusion statusunu bərqərar etməkdir”, – Lukaşenka deyib.

Ancaq o, konstitusiya layihəsinin detalları, Ümum-Belarus Xalq Məclisinin rolu haqda danışmayıb.

Hakimiyyətdə kim qalacaq

İndiki formatda məclis hakimiyyətə sadiq şəxslərin periodik toplantısıdır, qanunvericiliklə idarəedici statusu yoxdur. Ölkədə hökumətin qərarlarını avtomatik təsdiqləyən parlament də mövcuddur.

Lukaşenkanın rəqibləri konstitusiyanın yenidən yazılmasının onun hakimiyyətdə qalmasına kömək məqsədi daşıdığını deyirlər. Lukaşenka 2020-ci il avqust seçkisinin qalibi elan olunsa da, onu nə müxalifət, nə də Qərb tanıyıb.

Ekspertlər real dəyişikliklərin olacağına şübhə edirlər.

“Lukaşenka sistemi dəyişmək istəmir. O, rejimin qalmasını istəyir, indiki liderlər də kimin hakimiyyətdə olmasına qərar verəcək”, – müstəqil təhlilçi Alyaksandr Klaskouski AzadlıqRadiosu-nun Belarus xidmətinə deyib.

“Təbii ki, yalnız indiki hökumətin sadiq tərəfdarlarına süzgəcdən keçməyə icazə veriləcək”, – o, sözlərinə əlavə edib.

Sanksiyalar

Ötənilki seçkidən sonra Belarusu etirazlar bürüyüb. Müxalifət və Qərb nəticələrin saxtalaşdırıldığını elan edib.

Hökumətsə etirazçılara divan tutub, minlərlə insan saxlanıb, aparıcı müxalifətçilər ölkədən getməyə vadar edilib.

1994-cü ildən Belarusu idarə edən Lukaşenka seçkidə saxtakarlığın olmadığını deyir, siyasi keçid və yeni seçkilərlə bağlı müxalifətlə danışıqlardan imtina edir.

O əvvəl deyirdi ki, konstitusiyaya dəyişikliklər edilərsə, vəzifədən gedə bilər, amma son vaxtlar bu məsələyə də toxunmur.

Avropa Birliyi, Birləşmiş Ştatlar və bir sıra ölkələr Lukaşenkanı Belarusun legitim lideri kimi tanımaqdan imtina edib, seçkinin saxtalaşdırılması, etirazçılara təzyiqlərə cavab olaraq ona və aparıcı rəsmilərə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG