Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Lukaşenka Qərbi Rusiya raketləri ilə hədələyir


Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Kollaj)
Alyaksandr Lukaşenka (solda) və Vladimir Putin (Kollaj)

Lukaşenka deyib ki, NATO öz nüvə silahlarını Almaniyadan Şərqi Avropaya köçürsə, Belarus da öz ərazisində Rusiyanın nüvə raketlərini yerləşdirəcək

Kreml Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenkanın Avropa İttifaqına qaz nəqlini dayandıracağına dair hədəsinin yaratdığı gərginliyi azaltmağa çalışıb.

Lukaşenka belə bir addımı Polşa, miqrant böhranı ilə bağlı Belarusla sərhədini tam bağlayacağı təqdirdə atacağını demişdi.

Aİ Lukaşenka rejimini Yaxın Şərqdən minlərlə miqrantı gətirərək blokun şərq sərhədlərinə yığmaqda ittiham edir.

Brüssel bildirir ki, Lukaşenka bunu onun və Belarusun üzərinə qoyulmuş sanksiyaların qisasını almaq üçün edir.

Lukaşenkanın üzərinə Avropa sanksiyaları bu ölkədə 2020-ci ildə keçirilmiş prezident seçkisinin saxtalaşdırılması və dinc etirazlara divan tutulmasına görə qoyulub.

Lukaşenka həmin seçkinin qalibi elan edilsə də, bir çox Qərb ölkələri nə onun, nə də seçkinin legitimliyini tanımadıqlarını bildiriblər.

Putin Lukaşenkanı başa düşsə də…

Lukaşenka dekabrın 1-də Rusiya jurnalisti Dmitri Kiselyova verdiyi müsahibədə deyib ki, o ötən ay Rusiya qazının Avropaya nəqlini dayandıracağını bəyan edəndə tam ciddi idi.

Lakin Avropanın Belarus tranziti ilə ən böyük qaz təchizatçısı olan Moskva dərhal bəyan edib ki, Rusiya qaz verilişinin kəsilməsini istəmir.

Kremlin sözçüsü Dmitri Peskov deyib ki, prezident Vladimir Putin Lukaşenkanın sərt reaksiylarını başa düşür, amma bunun, xüsusilə də indi, avropalı müştərilər üçün çətin bir vaxtda Moskvanın təchizat öhdəliklərinin pozulması ilə nəticələnməsini istəmir.

Lukaşenkanın son bəyanatlarından az əvvəl Polşada hökumətə ölkənin Belarusla sərhədini bağlamaq səlahiyyəti verən qanun qəbul edilib.

Polşa bildirib ki, Belarus hərbçiləri onun sərhəd boyunca miqrantların hərəkətini monitorinq etmək üçün yerləşdirdiyi işıq lampalarını güllə ilə vururlar.

Varşava bildirib ki, Belarus sərhəd xidmətlərinin təxribatları tamamilə qeryi-məqbuldur.

Sərhəddə baş verən hadisələrlə bağlı Belarusun Polşadakı hərbi attaşesi Xarici İşlər Nazirliyinə dəvət olunub.

Rusiyanın təbii qazı Almaniyaya Belarusdan keçən Yamal-Avropa kəməri ilə nəql olunur.

Lukaşenka Putinə güvənir

Sərhəd böhranı Avropa İttifaqı və Rusiya arasındakı münasibətləri daha da gərginləşdirib. Çünki Lukaşenkanı mübahisəli seçkidən sonra dəstəkləyən Putin, onu miqrant böhranı məsələsində də dəstəkləyir.

Öz növbəsində Putindən tam dəstək görən Lukaşenka Qərbə yönəlmiş təhdidlərində daha çox Rusiyaya güvəndiyini nümayiş etdirir.

Kiselyova müsahibəsində Lukaşenka bunu da deyib ki, NATO öz nüvə silahlarını Almaniyadan Şərqi Avropaya köçürsə, Belarus da öz ərazisində Rusiyanın nüvə raketlərini yerləşdirəcək.

NATO müttəfiqləri narahatdırlar ki, Almaniyada sosial-demokrat, yaşıllar və azad demokratların yeni hökuməti ABŞ-dan Almaniya ərazisindəki 20-dək B61 nüvə aviasiya bombalarının çıxarılmasını istəyə bilər.

Lakin ötən həftə əldə olunmuş koalisiya razılaşmasına əsasən Almaniya bu bombaların ərazisindən çıxarılmasını tələb etməyəcəyini bildirib.

Belarusda 2020-ci ilin avqust seçkisindən sonra minlərlə müxalifətçi, jurnalist və siyasi fəal həbs olunub.

Ölkə müxalifətinin liderləri ya həbsxanadadırlar, ya da xaricə qaçmağa məcbur olublar.

XS
SM
MD
LG