Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:21

'Ləzgi dilində 108, talış dilində 225 məktəb var'


Məktəb.
Məktəb.

«Azərbaycanda tədrisi ləzgi dilində olan 108 (I-IX siniflər), talış dilində olan isə 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir».

«Report» xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda yaşayan milli azlıqların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur:

«Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri aparılır, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli teleradio kanalı fəaliyyət göstərir».

PA-nın şöbə müdiri bildirib ki, Azərbaycanda tədrisi rus dilində olan 300-dən çox orta məktəb var: «Dövlət və özəl ali məktəblərdə rus dilində təhsil almaq üçün bölmələr var. Bundan başqa, tədrisi ləzgi dilində olan 108 (I- IX siniflər), talış dilində olan 225 (I-IV siniflər) məktəb fəaliyyət göstərir».

Xatırlatma

Bu günlərdə prezident İlham Əliyev «Rossiya-24» telekanalına müsahibəsində Azərbaycandakı rusdilli məktəblər mövzusuna toxunmuşdu. Prezident vurğulamışdı ki, Azərbaycanda rus dilində təhsil verən 340-dan çox məktəb var.

«Müqayisə üçün deyə bilərəm ki, ölkədə cəmi 4.5 minə yaxın məktəb var. Yəni, bizim məktəblərimizin mütləq əksəriyyətində rus dili tədris olunur. 340-dan çox məktəbdə isə tədris rus dilində aparılır və bu məktəblərin sayı artır. Hazırda bizim rus dilini qorumaq üzrə siyasətimiz yaxşı nəticələr verir», - deyə o vurğulamışdı.

XS
SM
MD
LG