Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Mübariz İbrahimov işi: 'Universitetdə üstümə yanan siqaret atdılar'


N.Şahmarzadə
N.Şahmarzadə

«Mübariz İbrahimov barədə statusuma görə mənə qarşı kampaniya başladılandan sonra təhsil aldığım Bakı Dövlət Universitetində dekan və müavini məni prorektor Sani Hacıyevin yanına apardılar. Prorektor məni kimlərinsə öyrətdiyini iddia etdi, publik şəkildə xalqdan üzr istəməyimi tələb etdi. Mən imtina edəndə dedi ki, «Mübarizi qəhrəman, ermənini də düşmən hesab etməyən şəxs bu universitetdə oxuya bilməz». Əlavə etdi ki, universitetdə kimsə mənə xəsarət yetirsə, rəhbərlik buna görə məsuliyyət daşımır. Dərsdən çıxanda universitetin həyətində üstümə sönməmiş siqaret atdılar, məni müdafiə edən tələbələri döydülər», – Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı statusa görə həbsi tələb olunan psixoloq Nərmin Şahmarzadə məhkəmədə çıxışında danışıb.

Mayın 22-də Xətai Rayon Məhkəməsində ona qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddiaya baxılıb. Məlum olub ki, onun həbsini tələb edən üç nəfər (Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev, vəkil Ramil Rüstəmov və M.İbrahimovun anası Şamama İbrahimova) olsa da, onlardan ancaq Milli Qəhrəmanın anasının şikayəti icraata götürülüb. Ona görə də məhkəmədə ancaq Ş.İbrahimovanın nümayəndəsi kimi iştirak edən vəkil Ramil Rüstəmov iddianı müdafiə edib. Deyib ki, N.Şahmarzadənin Facebook səhifəsindən paylaşdığı yazılı status və videolarda həm təhqir, həm də böhtanlar yer alıb: «Yazıb ki, Mübariz İbrahimov sərhədi qanunsuz keçib, ölməsəydi belə, hərbi xidmətdən qayıdanda haqqında cinayət işi açılacaqdı. Yaxud da iddia edir ki, Mübariz İbrahimov günahsız insanları öldürüb, bu da cinayətdir. Bütün bunlar böhtandır».

Məhkəmə
Məhkəmə

«Prezident özü erməni idmançının boynuna medal asdı»

N.Şahmarzadə özünü təqsirli bilməyib, sübut kimi məhkəməyə təqdim olunan Facebook paylaşımlarının ona aidiyyəti olmadığını, onun adından açılmış saxta profillər vasitəsilə yayıldığını deyib.

«Mən pafosdan uzaqlaşıb, təhsilə fokuslanmağın tərəfdarıyam. Mən qəhrəmanlığı təhsildə uğur qazanmaqda görürəm. Mübariz İbrahimov haqqında statusdan az öncə bu barədə yazmışdım. Həmin statusda bir nəfərlə fikir ayrılığı yarandı, Mübariz İbrahimov haqqında yazdı. Ondan sonra mən də fikrimi izah eləmək üçün həmin statusu yazdım. Mən hərbiyə qarşıyam, sülh istəyirəm.

Bakıda idman turniri zamanı prezident özü erməni idmançının boynuna medal asdı. Vitse-prezident Mehriban Əliyeva bildirdi ki, «ermənilər haqqında düşmən obrazı yaradılmasına yol verə bilmərik, vaxt vardı, bu xalqlar birlikdə yaşayırdı, bir masa arxasında əyləşərək şərab içirdi. Həmin zaman geri dönməlidir». Xanım Əliyevanın fikirlərində də sülhə səsləmə, qan tökməyin yolverilməzliyi var. Prezident və xanımının bu addımlarına görə nəinki insanlar onu məhkəməyə verdi, hətta bu fikirlər alqışlandı da...», – təqsirləndirilən psixoloq bildirib.

N.Şahmarzadə deyir ki, status 5 dekabrda yazılsa da, 15-indən etibarən ona qarşı qarayaxma kampaniyası başlayıb, müxtəlif vasitələrlə hədələyici, təhqir xarakterli mesajlar alıb, adından açılan saxta profillərdə dövlət başçısı, Mübariz İbrahimov və başqaları haqqında nalayiq fikirlər yayılıb. Dekabrın 17-də universitet rəhbərliyi də onu hədələyib. Bütün bunlarla əlaqədar Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa müraciət edib, həm onu hədələyənlərin, həm də dövlət rəhbərliyini təhqir edənlərin tapılıb cəzalandırılmasını istədiyini deyən psixoloqun sözlərinə görə, şikayətlərinə baxılmayıb.

Xətai Rayon Məhkəməsi
Xətai Rayon Məhkəməsi

Xüsusi ittihamçının vəkili R.Rüstəmov sosial şəbəkələrdə N.Şahmarzadənin paylaşdığı və özünün də təsdiqlədiyi yazıların, videoçıxışların ekspertizaya göndərilməsi barədə vəsatət qaldırıb. Hakim Cavid Hüseyn vəsatəti təmin edib. Ekspertiza həmin materiallarda böhtan və təhqir elementlərinin olub-olmadığına qərar verməlidir.

Xatırlatma

Psixoloq Nərmin Şahmarzadənin ötən ilin dekabrında Milli Qəhrəman Mübariz İbrahimov barədə Facebook səhifəsində yazdığı status qalmaqal yaradıb. O, «döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır» yazıb.

Bir neçə gün sonra Facebook profilində canlı yayımda N.Şahmarzadə milli qəhrəmanın ailə üzvlərindən üzr istədiyini dilə gətirib, bəzi saytların onun statusunu təhrif etdiyini deyib.

Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov 2010-cu il iyunun 18-də cəbhənin Tərtər rayonu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək həlak olub.

22-yaşlı gizirin meyiti ermənilər tərəfindən götürülüb və yalnız noyabrın 6-da geri qaytarılıb.

XS
SM
MD
LG