Rusiya müxalifətinin liderlərindən biri və Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Alexei Navalny Rusiyanın yeni baş naziri Mikhail Mishustin-i arvadının milyonlarla rubl pulu necə qazandığı barədə məlumat verməyə çağırıb.
Mishustin-in arvadı bu gəlirlərini özünün rəsmi vergi bəyannamələrində göstərib.
Bu bəyannamələrdən bəlli olur ki, Vladlena Mishustina son 9 ildə azı 800 milyon rubl (13 milyon dollar) qazanıb.
Navalny yazır ki, Vladlena Mishustina-nın adına bircə hüquqi şəxs də qeydiyyata alınmayıb. Onun haqqında internetdə heç bir məlumat tapmaq mümkün deyil.
AzadlıqRadiosu Rus xidməti yazır ki, müxalifətçi lider yeni baş nazirin arvadının bəyannamələrdə göstərilən pulları qanuni şəkildə qazandığına şübhə etdiyini bildirib.
Navalny diqqəti buna da çəkir ki, əvvəllər Moskva ətrafında Mishustin ailəsinin adına qeydiyyatda olan daşınmaz əmlak sonradan nəyə görəsə Rusiya Federasiyasının balansına keçirilib.
2008-ci ilə aid sənədlərdən belə görünür ki, Vladlena Mishustina fərdi sahibkar kimi qeydiyyatdan keçib.
Bu status 2013-cü ildə ləğv edilib.
Mishustina-nın əsas fəaliyyət sahəsi kimi “rəqs meydançaları, diskotekalar və rəqs məktəbləri” göstərilirdi.
Jurnalist Anastasia Gorshkova yazır ki, Mishustina 2009-cu ildə Barvixadakı “Luxury Village” DecaDance klubunun şəriki olub.
O 2012-ci ildə bu biznesi tərk edib və 2014-cü ildə DecaDance ləğv edilib.
Jusrnalistin yazdığına görə Vladlena Mishustina 2002-ci ildən bir vaxtlar onun ərinin çalışdığı beynəlxalq kompüter klubuna sahib idi.
Lakin Gorshkova-nın yazdığına görə bu biznes Mishustina-ya böyük gəlirlər gətirə bilməzdi.
Forbes jurnalı 2016-cı ildə Mishustina-nı ən zəngin məmur arvadları siyahısına daxil etmişdi.
O 2014-cü ilin vergi sənədlərinə əsasən bu siyahıda 9-cu idi.
Forbes iddia edirdi ki, Mishustina UFG investisiya fondunun strukturlarından birində işləyib.
Onun əri 2010-cu ildə dövlət xidmətinə keçənədək bu fondun prezidenti idi.
Forbes Mishustina-nın UFG-də işləməsinə dair sübutlar göstərmir.
Onun bu fondda bugün də işləyib-işləmədiyi bilinmir.