Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:06

Məhkəmə Tramp kampaniyasının vəsatətini rədd edir


Pensilvaniyada seçki aksiyası
Pensilvaniyada seçki aksiyası

ABŞ-da apellyasiya məhkəməsi prezident Donald Tramp kampaniyasının Pensilvaniyada demokrat Co Baydenin qalib elan edilməsinin bloklanması üçün vəsatətini rədd edib.

Bu, Trampın 3 noyabr seçkisinin nəticələrini dəyişmək istiqamətindəki cəhdlərinə növbəti zərbə olub.

Tramp kampaniyası bu məsələ ilə bağlı məhkəməyə noyabrın əvvəllərində müraciət etmişdi.

Kampaniya iddia edirdi ki, Pensilvaniyada seçki rəsmiləri poçtla səsvermənin nəticələrini düzgün hesablamayıblar.

Tramp bu səbəbdən Pensilvaniyada Co Baydenin qələbəsinin rəsmiləşdirilməsinə mane olmağa çalışırdı.

Lakin noyabrın 27-də keçirilən məhkəmədə hakim Stefanos Bibas deyib ki, “ittihamlar konkret iddialar və sübutlar tələb edir, lakin bunların heç biri təqdim edilməyib”.

Trampın özü tərəfindən hakimliyə nominasiya edilmiş Bibas daha sonra deyib:

"Azad, ədalətli seçkilər demokratiyanın canı və qanıdır. Ədalətsizlik barədə ittiham ciddi məsələdir. Amma seçki onu ədalətsiz adlandırmaqla ədalətsiz olmur”.

Tramp kampaniyası bu qərardan ABŞ Ali Məhkəməsinə apellyasiya verə bilər.

Tramp sonadək mübarizə aparacağını deyir

Pensilvaniya bu ştatda ən çox seçici səsi qazanmış Baydeni bu həftə qalib kimi qeydiyyatdan keçirib.

Pensilvaniya ştatının qanunlarına görə burada ən çox seçici səsi toplamış namizəd avtomatik olaraq ştatın 20 seçki kollegiyası səsinə də sahiblənir.

Tramp heç bir sübut təqdim etmədən seçkilərdə geniş saxtakarlığa yol verildiyini iddia edir və məğlubiyyətini qəbul etmir.

Lakin o noyabrın 26-da deyib ki, Seçki Kollegiyasının Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcək.

Noyabrın 23-də Tramp administrasiyası Baydenin Ağ Evə keçidi üçün hazırlığa yaşıl işıq yandırıb.

ABŞ qanunlarına görə Seçki Kollegiyasının dekabrın 14-də keçiriləcək iclasına qədər 50 ştatın hamısı seçki nəticələrini təsdiq etməlidir.

Seçki nəticələrinə qarşı hər hansı şikayət yalnız dekabrın 8-dək verilə bilər.

Co Bayden həm seçici sayına, həm də seçki kollegiyası səslərinin sayına görə Trampdan böyük fərqlə irəlidədir.

XS
SM
MD
LG