Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin polis rəsmilərindən birinin qonşu Qırğızıstanda etirazlara səbəb olmuş bəyanatını izah etməyə çalışıb.
Tacikistanın şimalındakı Suğd rayonun polis rəisi Abdullo Navjuvonov fevralın 12-də Xocənd şəhərində demişdi ki, Qırğızıstanın cənubundakı Batken rayonu “tarixən heç vaxt qırğızlara mənsub olmayıb”.
Navjuvonov habelə bildirmişdi ki, “taciklərin əcdadları qırğızları Batkenə gətiriblər, indi isə onlar bizim üçün problem yaradırlar”.
Qırğızıstanın Batken rayonundakı rəsmilər Navjuvonovun bəyanatını “təxribat” adlandırıblar və deyiblər ki, bu, iki ölkə arasında əldə olunmuş sərhəd razılaşmalarını pozur.
Qırğızıstanın Xarici İşlər Nazirliyi fevralın 14-də Taciksitanın Bişkekdəki səfiri Nazirmad Alizodanı görüşə dəvət edib və Navjuvonovun bəyanatı üçün izahat istəyib.
Muhriddin fevralın 18-də Düşənbədə müxbirlərə deyib ki, Navjuvonovun bəyanatı onun sırf şəxsi mövqeyidir və Düşənbənin bu məsələdki rəsmi mövqeyini əks etdirmir.
Fərqanə vadisi
AzadlıqRadiosu yazır ki, 1991-cin ildə SSRİ-nin çökməsindən sonra Mərkəzi Asiyada bir çox sərhəd mübahisələri və hətta münaqişələri yaşanıb.
Vəziyyət xüsusilə də Fərqanə vadisindəki eksklavlarda gərgindir. Burada Taciksitan, Özbəkistan və Qırğızıstan həmsərhəddirlər.
Ötən ay Qırğızıstan-Tacikistan sərhədinin mübahisəli sektorlarından birində sakinlər arasında toqquşmalara görə qırğız rəsmilər Batken rayonundakı kəndlərdən birinin 250 sakinini təcili təxliyə etməli olublar.
Dekabr ayında bu ərazidə baş vermiş toqquşmalarda 6 qırğız və 4 tacik xəsarət almışdı.
Sentyabrda baş vermiş qarşıdurmada isə dörd nəfər həlak olmuşdu.
Həbs edilənlər var
Qazaxıstan rəsmiləri fevralın 7-8-də ölkənin cənubundakı Cambul rayonunda 11 nəfərin ölümü ilə nəticələnmiş etnik toqquşmalarla bağlı 90 cinayət işi qaldırıblar.
Daxili işlər nazirinin müavini Marat Qozhaev fevralın 19-da Nur-Sultanda jurnalistlərə deyib ki, bu hadisə ilə bağlı indiyədək yüzlərlə adam dindirilib və istintaqın bundan sonra iki ay davam edəcəyi gözlənilir.
Qozhayev deyib ki, toqquşmanın səbəkarları da daxil bu iş üzrə şübhəlilərin adları təhqiqat başa çatdıqdan sonra prokurorluq tərəfindən açıqlanacaq.
Qozhaev habelə baş prokurorun dunqan ailəsindən həbs edilmiş üç qardaş barədə bəyanatını da təsdiqləyib.
Etnik dunqan qardaşlar qazaxlarla aralarında baş vermiş yol hərəkəti mübahisəsindən sonra polisə hücum etməkdə ittiham olunurlar.
Yol mübahisəsindən başlanan toqquşma
Qazaxıstan rəsmiləri bundan əvvəl bildirmişdilər ki, Çin mənşəli Qazaxıstan vətəndaşları ilə qazaxlar arasında baş vermiş yol mübahisəsi sonradan genişlənərək çox sayda adamın iştirakı ilə böyük münaqişəyə yol açıb.
Zorakılıqlar Sortobe, Masançi, Auqattı və Bulan-Batır kəndlərinə yayılıb.
Bu toqüquşmaların gedişində 30 ev, 17 ticarət obyekti və 47 avtomobil məhv edilib.
Əsasən etnik dunqan olan 23 min nəfər evlərindən didərgin düşüb.
Onların böyük əksəriyyəti qonşu Qırğızıstanın Çuy rayonuna qaçıb.
Qazaxıstan rəsmiləri bildirirlər ki, o vaxtdan bəri dunqanların əksəriyyəti evlərinə qaytarılıb.
Bu toqquşmalara görə bir çox regional rəhbərlər, o cümlədən yerli polisin rəisi vəzifələrindən kənarlaşdırılıblar.
Dunqanlar kimdir?
Türk mənşəli, çindilli müsəlman dunqanlar
Həm də Huey adı ilə tanınan dunqanlar sünni müsəlmandırlar. Onlar tarixi mənşəcə türk tayfası olsalar da, ana dilləri Mandarin (Çin) dilidir.
Dillərində çox sayda ərəb, fars, türk mənşəli sözlər var. Onların əcdadları Çindən Rusiya imperiyasının Orta Asiya bölgəsinə 19-cu əsrdə köç ediblər.
Buna səbəb Çin hökumətinin 1862-1877-ci illər Dunqan Qiyamının iştirakçılarına divan tutması idi.
Keçmiş SSRİ-də dunqanların ümumu sayı 120 min nəfər idi.
Onlar əsasən Özbəkistanın Cambul və Qırğızıstanın Çuy rayonlarında yaşayırlar.