Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:46

'Diqlas'dakı yanğına görə prezident müşavirə keçirib


Müşavirə
Müşavirə

'Diqlas'dakı yanğına görə cinayət işi açılıb

Martın 26-da Bakının Nizami rayonu ərazisində «Diqlas» Ticarət Mərkəzində baş verən yanğınla bağlı Baş Prokurorluq, Fövqəladə Hallar, Daxili İşlər və Vergilər nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Bu barədə Baş Prokurorluğun martın 28-də yaydığı məlumatda bildirilir.

Məlumata görə, cinayət işinin icraatı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə tapşırılıb.

Cinayət işinin Cinayət Məcəlləsinin 225.2 (Yanğın təhlükəsizliyi qaydalarını pozma - ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri üzrə açıldığı bildirilir.

Verilən məlumata görə, hazırda hadisəsinin baş vermə səbəblərinin, sahibkarlara dəymiş ziyanın öyrənilməsi və hadisədə təqsirli şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

Prezident: 'Azərbaycanda sığorta sahəsində boşluqlar var'

«Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük».

AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, martın 28-də Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğınla əlaqədar keçirilən müşavirədə prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı başqa nümunələr də çəkib: «Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir».

Prezident vurğulayıb ki, bütün ticarət mərkəzlərində ciddi təftiş işləri aparılmalıdır, təhlükəsizlik tədbirləri gücləndirilməlidir: «Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar, Bakı Şəhər İcra Hakimiyyəti, rayon, şəhər icra hakimiyyətləri bu işlərlə çox ciddi məşğul olmalıdırlar. Təhlükəsizliklə bağlı olan bütün məsələlər ən yüksək standartlarda təmin edilməlidir».

Prezident deyib ki, dövlət mağazaları yanan sahibkarların yanında olacaq: «Eyni zamanda,... onlara güzəştli şərtlərlə kreditlər verilməlidir, dəymiş ziyan dəqiq hesablanmalıdır. Onların bu gün fəaliyyətdə olan digər ticarət mərkəzlərində yerləşdirilməsi ilə bağlı tədbirlər görülməlidir ki, işsiz qalmasınlar».

'Diqlas'dakı yanğınla bağlı Komissiya yaradılıb

Prezident İlham Əliyev bu gün, martın 28-də «Diqlas» Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında sərəncam imzalayıb.

Sənəddə yazılıb ki, görülən işlər haqqında Azərbaycan prezidentinə məlumat verilməlidir.

Sərəncam imzalandığı gündən qüvvəyə minib.

"Diqlas" ticarət mərkəzində yanğın
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

+++

Bakının Nizami rayonundakı ticarət mərkəzində yanğınla əlaqədar martın 28-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, prezident İlham Əliyev martın 26-da paytaxtın Nizami rayonundakı ticarət mərkəzlərindən birində baş vermiş yanğın zamanı xoşbəxtlikdən insan itkisinin olmadığını, lakin orada çalışan insanlara maddi ziyan dəydiyini bildirib. Hazırda hadisənin səbəblərinin araşdırıldığını və sahibkarların problemlərinin həlli ilə bağlı tədbirlərin görüldüyünü deyən dövlət başçısı qeyd edib ki, onlar iş yerlərini, əmlaklarını itirib, onlara ciddi maddi ziyan dəyib.

İ.Əliyev habelə martın 27-də və 28-də Nizami Rayonu İcra Hakimiyyətində sahibkarlarla görüş keçirildiyini, onlara dövlət tərəfindən dəstək göstəriləcəyinin deyildiyini bildirib.

Diqlas TM sahibkarları narazılıq edirlər
Gözlə

No media source currently available

0:00 0:08:45 0:00

Dövlət başçısı vurğulayıb ki, İqtisadiyyat Nazirliyi sahibkarlarla bir-bir görüşməli və onların problemlərini dinləməlidir. «Maliyyə Nazirliyi operativ qaydada ilkin olaraq maliyyə vəsaiti ayırmalı və həmin vəsait sahibkarlara verilməlidir. Digər müvafiq qurumlar da yanmış malların qiymətini sahibkarlarla birlikdə aydınlaşdırmalıdır», - prezident bildirib.

Prezident İ.Əliyev yanğın hadisəsinin tam araşdırılıb təkliflərin verilməsindən ötrü komissiyanın yaradılacağını, bununla yanaşı, operativ olaraq sahibkarlara maddi dəstək göstəriləcəyini vurğulayıb.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, daxili işlər naziri Ramil Usubov, iqtisadiyyat naziri Şahin Mustafayev, Nizami Rayonu İcra Hakimiyyətinin başçısı Arif Qasımov məruzə ediblər.

Prezident İ.Əliyev yanğının səbəblərinin araşdırılması ilə bağlı bir daha tapşırıqlar verib. «Bildirdi ki, bütün ticarət mərkəzlərində ciddi təftiş aparılmalı, təhlükəsizlik tədbirləri gücləndirilməlidir», - xəbərdə qeyd edilir.

Sahibkarlar Nizami Rayon İcra Hakimiyyətində. 28 mart 2019
Sahibkarlar Nizami Rayon İcra Hakimiyyətində. 28 mart 2019

Mağazası yanan şəxs: 'Bizə deyildi ki, kompensasiya ödəniləcək'

Bu gün, martın 28-də Bakının Nizami rayonunda yerləşən «Diqlas» Ticarət Mərkəzində mağazası yanan sahibkarlarla Nizami Rayon İcra Hakimiyyətində yenidən görüş olub.

Bu barədə görüş başa çatandan sonra sahibkarlar bildiriblər. Amma jurnalistlər həmin görüşə buraxılmayıblar.

Görüşdən çıxan sahibkarlar əsasən danışıqlardan razı qaldıqlarını ifadə ediblər: «Bizə deyildi ki, kompensasiya ödəniləcək. Görüşdə Prezident Administrasiyasının nümayəndəsi də iştirak edirdi. Biz ancaq prezidentə inanırıq və bildirdik ki, bu işə qarışsa, məsələ həllini tapacaq. Sağ olsun prezidentimiz. İndi komissiya yaradılacaq, sahibkarlar və dəyən ziyan siyahıya alınacaq. Yəqin, 2-3 günə nəticə də bəlli olar».

Amma mağazası yanan sahibkarların heç də hamısı nikbin olmayıb. «Yaxşı vədlər verdilər, əgər yerinə yetirə bilsələr…»,-deyə bəzi sahibkarlar vurğulayıblar.

Ticarət mərkəzinin rəhbərlərindən biri kimi təqdim edilən Rasim adlı şəxs də dəyən zərərin ödəniləcəyini bildirib. O, binada yanğın təhlükəsizliyinin qorunmaması ilə bağlı tənqidlərə də cavab verib. Onun sözlərinə görə, yanğından mühafizə məqsədi ilə mərkəzin daxilində 40 tonluq su anbarı var: «Bütün avadanlıqlar işlək vəziyyətdədir. Məsələ budur ki, yanğın səhər, mərkəz işə başlamazdan öncə baş verib. Bu kənardan olub. Daxildən olsa idi, öncə təhlükəsizlik məqsədilə elektrik söndürülməli, generatorlar qoşulmalı və su nasosları işə salınmalı idi».

Mərkəz rəhbərinin deməsinə görə, bütün icarədarlarla müqavilə var.

Dünən, martın 27-də isə mağazası yanan sahibkarlar Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımovla görüşmüşdülər.

İcra başçısı hələ istintaq getdiyini bildirərək, sahibkarlardan vaxt istəmişdi. Bununla belə o, qeyd edirdi ki, mağazası yanan şəxslərin hüquqları dövlət səviyyəsində qorunacaq.

Yanğından zərərçəkənlər etiraz edirlər
Gözlə

No media source currently available

0:00 0:06:27 0:00

Həmin gün mağazası yanan insanlar daha sonra Mərkəzin yarısına rəhbərlik edən Araz Rəhimovla da görüşmüşdülər. A.Rəhimov da mağazası yanan şəxslərdən vaxt istəmişdi. «Axşam gedib sahibkarlarla (obyektin sahibləri-red.) görüşüm, görüm nə deyirlər», - o vurğulamışdı.

Xatırlatma

Martın 26-da səhər saat 8 radələrində «Diqlas» Ticarət Mərkəzində yanğın başladığı açıqlanmışdı. Hadisə yerində olan şahidlərin bildirməsinə görə, nəticədə həm dördmərtəbəli Mərkəz, həm də ona bitişik bir sıra binalar yanıb. 10-dan çox şəxsin xəsarət gördüyü bildirilir.

Rəsmi qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar. İlkin açıqlamaya görə, yanğın öncə binadakı gül mağazasında başlayıb. Mərkəzdə mağazaları olan sahibkarlar onlara ciddi şəkildə ziyan dəydiyini açıqlayıblar. Sahibkarların bir çoxunun bildirməsinə görə, mallarının sığortası olmayıb. Ümumilikdə 420 şəxsə ziyan dəydiyi bildirilir.

XS
SM
MD
LG