Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:25

Maaş, təqaüd artdı, amma... [İlin iqtisadi mənzərəsi]


Pensiya və maaş artımından nə dərəcədə razı qaldınız? - Sorğu
Gözlə

No media source currently available

0:00 0:01:28 0:00

Pensiya və maaş artımından nə dərəcədə razı qaldınız? - Sorğu

Başa çatmaqda olan 2019-cu il Azərbaycan vətəndaşı üçün minimum pensiyaların 72 faiz, minimum əməkhaqqının, 600 min insanın müavinət və təqaüdünün də 2 dəfə artırılması ilə yadda qalır. Prezident İlham Əliyevin bu addımı rəsmi təbliğatda «sosial sahədə inqilabi addım» kimi təqdim edilməkdədir.

Bundan başqa, 800 mindən çox insanı əhatə edən problemli kredit məsələsi ilə bağlı fərman imzalandı.

«Qiymətlər də artmaqdadır»

«Bizim evdə nə dövlət qulluğunda işləyən var, nə də pensioner. Ona görə maaş artımlarının bizı təsiri yoxdur», – Gülbəniz Həsənova söyləyir.

«Artım var, amma qiymətlər də artmaqdadır. Bu artımların dolanışığımıza təsiri çox da güclü deyil», – bunu da təqaüdçü Bəyaz Mütəllibova deyir.

Elə iqtisadçı Elçin Bayramlı da artımlar ilin sonunda olduğundan insanların güzəranında bunu az hiss etdiklərini bildirir: «Yəqin yeni ildən daha yaxşı olacaq. İndisə əvvəlki illə müqayisədə az da olsa fərq edir».

R.Ağayev
R.Ağayev

İqtisadçı Rövşən Ağayev Facebook sosial şəbəkəsində yazır ki, rəsmi statistikaya görə, 2015-ci ilin ağır sosial-iqtisadi böhranından sonra əhalinin real gəlirlərinin ən aşağı artım tempi 2019-cu ildə qeydə alınır: «Baxmayaraq ki, real əməkhaqqının ən yüksək artım tempi də məhz 2019-cu ilə təsadüf edir. Əhalinin real gəlirlərinin artımı 2016-cı ildə 8.2%, 2017-ci ildə 8.9%, 2018-ci ildə 9.2% artdığı halda, 2019-cu ilin 11 ayının yekunlarına görə, 7.4% təşkil edir. Və həmçinin, qeyri-neft ÜDM-sinin də real artım tempinin 2015-ci ildən sonra ən yüksək səviyyəsi bu ilə təsadüf edir».

Onun dediyinə görə, əməkhaqqının artım tempinin əhalinin ümumi gəlirlərinin artım tempi ilə sinxronluq təşkil etməməsinin əsas səbəbi odur ki, Azərbaycanda əhalinin gəlirlərinin ən yaxşı halda 25-30%-i maaşlardan formalaşır:


«Məşğul əhalinin ən yaxşı halda hər 100 nəfərindən 30-32 nəfəri əməkhaqqı alan insanlardır».

Bu il əhali, xüsusən də uşaqlı ailələr daha bir sosial addımın atılacağını – uşaqpulunun verilməsini ümidlə gözləyirdilər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu ümidlərə nöqtə qoymuş oldu: «Hələ tutaq ki, ən aşağı onlara (uşaqlara – A.R.) 100 manat vəsait ödənilsə, bu 3.3 milyard manat pul edir. Uşaqpulu kimi proqramlar birillik, ikiillik proqramlar deyil. Ən azı beşillik, onillik proqramlardır. Bunun üçün ümumilikdə 18-35 milyard vəsait xərclənməlidir».

Vergidəki şəffaflaşma, gömrükdə rüsumların artırılması

İqtisadçılar başa çatmaqda olan ilin iqtisadi mənzərəsini cızanda vergi və gömrük sahəsindəki dəyişiklikləri, bu sahədə gəlirlərin artmasını da vurğulayırlar.

Uşaq puluna ehtiyac varmı?
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Vergilər Nazirliyinin məlumatına görə, 2019-cu ildə kölgə iqtisadiyyatında cəmlənmiş dövriyyələrin şəffaflaşdırılması prosesinin sürətləndiyi müşahidə edilir. Bu ilin yanvar-sentyabr aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə təxminən 8 milyard manat vəsait daxil olub. Bunun da 6 milyard manata yaxını dövlət büdcəsinə ödənilmiş vergilər, 2 milyard 74.4 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Qeyri-neft sektoru üzrə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artdığı bildirilir.

E.Bayramlı Vergi Məcəlləsindəki dəyişikliklərin sahibkarlar üçün daha əlverişli olduğu qənaətindədir. «Məsələn, Bakıda sadələşdirilmiş vergi 4 faizdən 2 faizə endirildi. Bu, böyük addımdır», - iqtisadçı söyləyir.

Ancaq ReAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli vergi sahəsində gəlirlərin artmasını istehsalın və ya xidmətin artımı ilə izah etmir, sadəcə, sənədləşdirmədə şəffaflıq yarandığını bildirir.

E.Bayramlının sözlərinə görə, hökumət gömrük sahəsində dəyişikliklərə getməlidir: «Gömrük sahəsində dəyişikliklər, rüsumların çoxluğu ölkənin iqtisadi-sosial vəziyyətinə ağır zərbə vurub. Gömrük rüsumları azaldılmalıdır. Ölkənin özündə istehsal edilən, əhalini qismən və ya tam təmin edən məhsulların idxalına gömrük rüsumunu artırmaq olar. Ancaq istehsalı olmayan, ya da az olan məhsullara ya rüsum qoyulmamalı, ya da aşağı salınmalıdır. Bu, bahalaşmaya imkan vermir və istehsalı stimullaşdırır».

İlə yekun qiymət

Ümumiyyətlə, ilin iqtisadi yekunundan danışan N.Cəfərli hesab edir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi baxımdan ciddi dəyişiklik baş verməsə də, hər halda vəziyyət pisliyə doğru dəyişmədi. «Bu da neftin qiyməti, dövlət investisiyaları, sosial sahələrdə büdcə hesabına atılan addımlarla bağlı oldu», – o, izah edir. İqtisadçı neftin qiymətinin 60 dollar olmasının iqtisadi sabitliyə, tənəzzülü önləməsinə səbəb olduğunu bildirir. Ancaq sözügedən sabitliyin iqtisadi institutlarla bağlı olmamasına təəssüflənir.

N.Cəfərli
N.Cəfərli

«Qeyri-neft sektorunda müəyyən artım olsa da, rəqəmlər çox aşağıdır. Məsələn, hökumət kənd təsərrüfatı sahəsində ixracatın artmasını fəxrlə qeyd etsə də, ancaq müqayisədə bu rəqəm Türkiyənin təkcə bir bölgəsinin - Antalyanın meyvə-tərəvəz ixracatından azı 3 dəfə azdır», – N.Cəfərli izah edir.

İqtisadçı prioritet sayılan aqrar sektorda düşünülmüş iqtisadi əsaslandırmanın olmadığını, təbliğat və kampaniya xarakterli addımlar atıldığını, fəsadları, nəticələrin hesablanmadığını söyləyir: «Aqrar sektorda istehsalda və ixracatda artım var, təxminən 9 faizə yaxındır. Ancaq kiçik rəqəmdir. Aqrar sektorun neftdən gələn gəlirləri əvəz etməsi üçün bu sahədə istehsal və ixrac həcmi 11dəfə artmalıdır. Buna da imkan çatmır. Əkinə, yararlı torpaqların 40 faizi şoranlaşıb, suvarmayla bağlı problemlər qalmaqdadır və s. Və ya turizmin neft gəlirlərini əvəz etməsi üçün Azərbaycan ildə ən azı 11-12 milyon turist qəbul etməlidir. Bu, mümkün deyil - nə indiki infrastrukturla, nə də potensial olaraq».

Azərbaycanın dövlət başçısı isə nikbindir. O, Bakı Dövlət Universitetinin 100 illik yubileyindəki çıxışında deyib ki, ölkənin valyuta ehtiyatları artır, xarici borc azalır: «Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm, təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyllilik və rəhbərliyə olan inam əmsalına görə, biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır».

Müstəqil ekspertlərsə ölkədə iqtisadi islahatların daha çox kağız üzərində aparıldığını, davamlı xarakter daşımadığını bildirirlər.

XS
SM
MD
LG