Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:21

Macarıstan NATO-nun Ukrayna bəyanatı üzərindən vetosunu geri götürdü


Macarıstanın xarici işlər naziri Peter Szijjarto
Macarıstanın xarici işlər naziri Peter Szijjarto

Macarıstan NATO üzvü olan ölkələrin Ukraynaya dair bəyanatının üzərindən vetosunu geri götürüb.

Xəbər verilir ki, bu, sənəddə Ukraynadakı macar azlığına dair Budapeştin təklifləri nəzərə alındıqdan sonra mümkün olub.

Ukraynadakı macarlar əsasən Zakarpatyedə kompakt şəkildə yaşayırlar.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto deyib ki, sözü gedən təkliflər son anda nəzərə alınıb və Budapeşt buna görə də NATO səfirlərinin birgə bəyanatına qoşulub.

Macarıstan bu sənədi Rusiya prezidenti Vladimir Putinin Budapeştə səfər etdiyi günün ərəfəsində bloklamışdı.

Budapeşt bildirmişdi ki, “Qərbi Ukraynada yaşayan 150 min etnik macarın maraqlarını qurban vermək niyyətində deyil”.

Budapeşt və Kiyev arasında münasibətlər Ukrayna dil haqqında yeni qanunu qəbul etdikdən sonra pisləşib.

Bu qanuna əsasən Ukraynada yeganə dövlət dili kimi Ukrayna dili təsbit edilir. Qanun bütün dövlət idarələrinin və ictimai təşkilatların sənədləşdirməni bu dildə aparmasını tələb edir, lakin fərdi təmaslarda başqa dillərdən istifadəni tanıyır.

Macarıstan narahat idi ki, bu qanun Zakarpatyedə yaşayan macarların hüquqlarını məhdudlaşdıra bilər.

Budapeşt bildirir ki, qanun Avropa İttifaqının prinsiplərinə və Ukraynanın imzaladığı assosiasiya sazişinə ziddir.

Öz növbəsində Kiyev israr edir ki, Ukrayna bütün milli azlıqlarını hüquqlarını müdafiə edir, dil haqqında qanun isə bu azlıqların Ukrayna cəmiyyətindəki mühüm rolunu genişləndirir.

XS
SM
MD
LG