Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 08:15

İran sazişi “qorunub saxlanmalıdır”


Donald Trump və Emmanuel Macron aprelin 24-də Ağ Evdə görüşüblər
Donald Trump və Emmanuel Macron aprelin 24-də Ağ Evdə görüşüblər

İranla mövcud saziş Tehranın nüvə silahı hazırlamasını səmərəli şəkildə önləyir və ondan əl çəkilməməlidir. Bunu Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogherini deyib.

Gələcəkdə nə baş verəcəyini gələcəkdə görəcəyik, ancaq hazırda saziş mövcuddur, işləyir və onu qoruyub saxlamaq lazımdır”, – Mogherini Brüsselə Suriya üzrə donor konfransına gələrkən Brüsseldə deyib.

Almaniya və Rusiya da mövcud sazişə “alternativ olmadığını” bildiriblər.

Onu qorumaq istəyirik, həm də Birləşmiş Ştatların mayın 12-dən sonra sazişdə qalmasına töhfəmizi vermək istəyirik”, – bunu isə Almaniyanın xarici işlər naziri Heiko Maas söyləyib.

Bu həftənin sonuna yaxın Almaniya kansleri Angela Merkel Vaşinqtonda Trump-la danışıqlar aparmalıdır.

Moskvada isə prezident Vladimir Putin-in sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, “sazişə alternativin olmadığına inanırıq”. O, İranın mövqeyinin vacib olduğunu vurğulayıb.

***

İran prezidenti Hassan Rohani yeni nüvə sazişiylə bağlı tələblərin qanuniliyini şübhə altına alıb.

Avropa ölkəsinin lideriylə birlikdə onlar (amerikalılar) deyirlər ki, yeddi tərəfin əldə etdiyi saziş üzrə qərar verəcəklər. Niyə? Hansı hüquqla?” Rohani aprelin 25-də televiziyayla çıxışında deyib.

Hassan Rohani (sağda)
Hassan Rohani (sağda)

Rohani çıxışında Trump-ın əleyhinə danışıb, onu təcrübəsiz “alverçi” adlandırıb.

Siyasətlə bağlı heç bir ön tarixçən yoxdur”, – Rohani deyib.

Hüquqlar, beynəlxalq sazişlərlə bağlı ön tarixçən yoxdur. Ticarətçi, alverçi, bina konstruktoru, qüllə konstruktoru beynəlxalq məsələlər haqda necə fikir söyləyə bilər, axı”, – deyən Rohani Trump-ın daha öncə əmlak developeri olmasına eyham vurub.

***

ABŞ prezidenti Donald Trump və fransalı həmkarı Emmanuel Macron deyirlər ki, İranla yeni saziş üzrə danışıqlara başlamaq istəyirlər. Bu saziş Tehranın dünya gücləri ilə 2015-ci ildə imzaladığı nüvə sazişindən kənara çıxmalı, regiondakı daha geniş narahatlıqları əhatələməlidir.

Bu təklif iki prezidentin aprelin 24-də Ağ evdə görüşündən sonra səslənib. Bu arada İranın xarici işlər naziri Mohammad Javad Zarif BMT-də çıxışında təklif edib ki, Yaxın Şərqdə dialoq üçün yeni forum yaradılsın.

Birləşmiş Ştatlarda üçgünlük səfərdə olan Macron deyib ki, İranla yeni razılaşma üzərində işləmək istəyirlər. Bu razılaşma Yaxın Şərq ölkələrini və Türkiyə və Rusiya kimi “regional gücləri” də danışıqlar masasına cəlb etməlidir.

YEGANƏ YOL

Trump indiyədək 2015-ci il nüvə sazişindən çıxmaqla hədələyirdi. Ancaq Macron onunla danışıqlardan sonra bildirib ki, “bütün narahatlıqlarımızı əhatələyən yeni bir şey qurmağın” mümkünlüyünə inanır.

Onun sözlərinə görə, yeni saziş Qərbin İranın ballistik raket proqramı sarıdan narahatlığına cavab verəcək, İranın Livanda, Suriya və Yəməndə vətəndaş müharibələrində iştirakını “önləməkdən ötrü” siyasi həllər ortaya qoyacaq.

Macron deyib ki, daha geniş saziş “regiondakı durumu bütövlükdə” əhatələyəcək, “sabitlik yaradacaq” yeganə yol olacaq.

Trump da İranla daha geniş saziş bağlamaq ideyasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Fransayla ABŞ belə bir fikirlə razılaşırlar ki, İrana “nüvə silahı hazırlamağa icazə verilməməlidir” və “rejim terrorçuluğa dəstəyi dayandırmalıdır”.

Fikrimcə, daha böyük sazişə cəhd edəcəyik. Möhkəm əsaslarla yeni sazişin əldə olunmasının mümkün olub-olmadığına baxacağıq”, – Trump bildirib.

Trump-la Macron İranın raket fəaliyyəti, Yaxın Şərqə müdaxilədən geri çəkilməsi əvəzində hansı güzəştlər əldə edəcəyini açıqlamayıblar. Hələlik, İrandan da təklifə reaksiya gəlməyib.

Ancaq İranın xarici işlər naziri Nyu Yorka səfəri zamanı təklif etmişdi ki, Fars Körfəzindəki digər ölkələrlə birlikdə forum yaradılsın, dialoqa başlansın, qarşılıqlı təhlükəsizlik məsələlərinə baxılsın.

***

ABŞ prezidenti Donald Trump və Fransa prezidenti Emanuel Macron aprelin 24-də İranın cilovlanması üçün daha güclü tədbirlər barədə razılığa gəldiklərini elan ediblər. Bununla belə Trump ABŞ-ın 2015-ci il nüvə sazişində qalıb-qalmayacağı barədə konkret heç nə deməyib.

Reuters agentliyi xəbər verir ki, Fransa prezidenti ilə Vaşinqtonda keçirilən birgə mətbuat konfransında Trump İranla dünyanın 6 gücü arasında imzalanmış sazişin kəskin tənqidini davam etdirib:

“Bu, bünövrəsi çürük sazişdir. Bu çox pis sazişdir. Bu saziş uçub-tökülür”.

Trump nüvə sazişinin tərəfi olan Avropa ölkələrinə bu sənəddəki “dəhşətli qüsurların” aradan qaldırılması üçün mayın 12-dək “vaxt verib”. O deyib ki, əks halda Vaşinqton bu razılaşmadan çıxa bilər.

Macron Trump-la görüşdən sonra deyib ki, o ABŞ prezidentinə “yeni saziş” təklifi edib. Macron-un fikrincə yeni sənəd ABŞ və Avropa İranla bağlı nüvə proqramından kənarda qalan narahatlıqlarını hədəfləyə bilər.

Macron ABŞ-a üç günlük səfərindən 2015-ci il nüvə sazişini xilas etmək üçün istifadə etməyə çalışır. Qərb ölkələrinin fikrincə hazırda bu saziş İranı atom bombası istehsal etməkdən çəkindirən ən yaxşı vasitədir.

Macron-un yeni təklifinə əsasən Birləşmiş Ştatlar və Avropa İranın bütün nüvə fəaliyyətini 2025-ci ilədək və ondan sonra bloklamağa razılaşmalı, İranın ballistik raket proqramını müzakirə etməli və İranın Yəmən, Suriya və Livandakı fəaliyyətlərinin cilovlanması üçün şərait yaratmalıdırlar.

Bununla belə, Macron-un Trump-ı ABŞ-ı 2015-ci ilin nüvə sazişində saxlamaq zərurətinə nə dərəcədə inandıra bildiyi məlum deyil.

Buna baxmayaraq Fransa lideri danışıqlarda tərəqqi edildiyinə inanır. Fransa rəsmilərindən biri müxbirlərə deyib:

“Bu səhər ən mühüm və yeni olanı budur ki, Trump yeni sazişi Fransa ilə birlikdıə masa üstünə qoymağa razıdır”.

Lakin bu razılaşmanın 2015-ci il sazişinin taleyi üçün nə demək olduğu tam aydın deyil. Buna Çin və Rusiya kimi ölkələrin münasibətinin necə olacağı da bilinmir.

Ağ Evdə aparılan danışıqlarla tanış rəsmilərdən biri deyib ki, müzakirə edilən məqamlardan biri də nüvə sazişinin sərtləşdirilməsi üçün Avropa müttəfiqlərinə daha çox vaxtın verilməsi idi.

XS
SM
MD
LG