Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:02

ABŞ müxalifət namizədini Venesueladakı seçkinin qalibi kimi tanıyır 


Venesuelada seçkidən sonrakı etirazlar
Venesuelada seçkidən sonrakı etirazlar

Birləşmiş Ştatlar avqustun 1-də Venesuelada müxalifət namizədi Edmundo Qonsalesi (Edmundo González) prezident seçkisinin qalibi kimi tanıyıb. Ölkənin seçki orqanı isə bundan öncə prezident Nikolas Maduronu (Nicolás Maduro) qalib elan etmişdi.

Çoxsaylı hökumətlər, eyni zamanda Maduronun yaxın müttəfiqləri Venesuelanın Milli Seçki Şurasını əvvəlki seçkilərdə etdiyi kimi, səsvermə nəticələrini detallı açıqlamağa çağırmışdı.

Seçki şurası Maduronu iyulun 29-da bir gün öncə keçirilmiş seçkinin qalibi elan edib. Əsas müxalifət koalisiyası isə bundan bir neçə saat sonra bildirib ki, bunun əksini göstərən dəlilləri var. Dəlillər məntəqələr bağlanandan sonra elektron səsvermə maşınlarının çap etdiyi seçki nəticələrinin üçdə ikisindən də artığını əhatələyir.

Edmundo González
Edmundo González

“Nəhəng dəlillər Birləşmiş Ştatlara və ən əsası Venesuela xalqına göstərir ki, Edmundo Qonsales Urrutia iyulun 28-də Venesuelada prezident seçkisində səslərin əksəriyyətini qazanıb”, -- ABŞ dövlət katibi Antoni Blinken bəyanatında deyib.

Maduro isə bu bəyanata “Birləşmiş Ştatlar Venesuelaya burnunu soxmamalıdır!” açıqlaması ilə cavab verib.

Rəsmi nəticələrə görə...

Venesuelada tamamilə hazırkı prezident Nikolas Maduronun nəzarətində olan Milli Seçki Şurası onu ötən bazar keçirilmiş prezident seçkisinin qalibi elan edib.

Maduro üçün bu, üçüncü 6 illik prezident müddəti deməkdir. Ümumilikdə isə Maduronun “bolivarçı sosialistləri” ölkəyə fasiləsiz olaraq 25 ildir ki, rəhbərlik edirlər.

Nikolas Maduro seçkidən sonra çıxış edir
Nikolas Maduro seçkidən sonra çıxış edir

Rəsmi xəbərdə deyilir ki, bülletenlərin 80 faizinin sayılmasından sonra indiki prezident 51 faizdən bir qədər çox səs toplayıb. Onun müxalifətdən olan əsas rəqibi Edmundo Qonsalesə səslərin 44 faizinin verildiyi bildirlir.

Prezidentliyə qalan 8 namizəd səslərin toplam 4.6 faizini qazanıb.

Müxalifət əmindir ki, 2018-ci ildə keçirilmiş son seçkidə olduğu kimi yenə də seçki nəticələri saxtalaşdırılıb.

Maduro bəyan edib ki, onun qələbəsi “sülhün və stabilliyin təntənəsidir”.

Buna baxmayaraq mümkün iğtişaşların qarşısının alınması üçün ölkənin bir sıra şəhərlərinə qoşun hissələri yeridilib.

“Vahid platforma”nın lideri, hazırda Venesuelada ən populyar müxalif siyasətçi Mariya Korina Moçado seçkilərə buraxılmamışdı və buna görə də tərəfdarlarını Edmundo Qonsalesi dəstəkləməyə çağırmışdı.

Putin, Əliyev, Kuba, Nikaraqua və Maduronu təbrik edən başqaları...

Maduronun qələbəsini tanımadıqlarını artıq Argentina, Peru, Çili, Uruqvay və Panama bəyan ediblər. Qvatemala və Kolumbiya Venesuela seçkisinin nəticələrinə şübhə ifadə edib. Braziliya bu seçkidə mümkün pozuntuların təhqiq olunması üçün BMT-yə müraciət edəcəyini bildirib. ABŞ seçki nəticələri ilə bağlı “dərin narahatlığını” ifadə edib.

Argentina prezidenti Xaviyer Miley X platformasında Venesuela seçkisinə münasibətini bildirib:

"Rəqəmlər müxalifətin qəti qələbəsini göstərir və dünya Madurodan illərlə davam edən sosializmdən, tənəzzüldən, iztirab və ölümlərdən sonra məğlubiyyətini qəbul etməsini gözləyir. Argentina növbəti fırıldağı qəbul etmək niyyətində deyil və ümid edir ki, silahlı qüvvələr bu dəfə demokratiya və xalq iradəsini müdafiə edəcək”.

Xəbər verilir ki, Peru və Çili də buna bənzər mövqe tutublar.

Bununla belə Maduronu seçki qələbəsi münasibətilə təbrik edənlər də var.

Bunlar Latın Amerikası regionundan Kuba, Nikaraqua, Boliviya və Ekvadordur. Qeyri-region ölkələrində Maduronu İran təbrik edib. Təbrik edənlərin arasında Rusiya və Azərbaycan prezidentləri Vladimir Putinİlham Əliyev də var.

Öz ölkəsini tam siyasi və sosial-iqtisadi iflas vəziyyətinə gətirmiş Maduro özünü “Rusiyanın böyük dostu” adlandırır, Putini və onun Ukraynaya qarşı müharibəsini dəstəkləyir.

Öz ölkəsini müflis edən Maduro

Som 14 il ərzində “bolivarçı sosialistlərin” hakimiyyətinə, aclıq, səfalət və ən adi malların qıtlığına, habelə həddini aşan cinayətkarlığa görə ölkəni 7 milyonadək vətəndaş tərk edib. Bu, ölkə əhalisinin dörddə biri deməkdir.

Bu onilliyin əvvəllərindən ölkədə yoxsulluq o həddə çatıb ki, Venesuela Latın Amerikasının “ən kasıb ölkəsi” kimi tanınıb.

Ötən illər ərzində neftlə zəngin Venesuelanın iqtisadiyyatı 80 faiz geriləyib.

Venesuelada bundan əvvəlki seçkilər zamanı kütləvi etirazlar baş verib. Bu etirazlar müəyyən məqamlarda vətəndaş müharibəsinə çevrilə bilərdi.

O vaxt müxalifətin vahid namizədi Xuan Quaydo seçki saxtakarlıqlarını rədd edərək özünü birtərəfli qaydada müvəqqəti Venesuela prezidenti elan etmişdi. ABŞ və bir neçə başqa ölkə Quaydonu elə bu ampluada qəbul etdiklərini bildirmişdilər.

Daha sonralar Venesuela hakimiyyəti ABŞ-ın vasitəçiliyi ilə müxalifətlə danışıqlara başlamışdı. Nəticədə müxalifət Quaydonu prezident kimi tanımaq qərarından əl çəkmişdi. Bunun müqabilində hakimiyyət müxalifəti növbəti seçkilərə buraxmalıydı.

Buna cavab olaraq ABŞ Venesuela üzərindəki bir sıra sanksiyaları qaldırmışdı. Lakin bu sanksiyalar hazırda tam bərpa edilib.

XS
SM
MD
LG