Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 06:25

Oğlunun ölümünə görə evə buraxılan şəxsə 7 il həbs tələb olundu


 Mahir Əzimov (solda)
Mahir Əzimov (solda)

Narkotik ittihamı ilə həbsdə olan dini inanclıların bir hissəsi Müsəlman Birliyi Hərəkatının üzvləridir. Onlardan biri - Mahir Əzimova 7 il həbs cəzası istənilib. İyunun 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, Əzimova qarşı narkotik ittihamı məhkəmədə sübuta yetirilib.

Hərəkatı tərk etmək tələb olunub

41-yaşlı Əzimov isə deyir ki, cibindən 7 qrama yaxın narkotik tapılması haqda ittihamda yazılanlar yalandır. Onun sözlərinə görə, sosial şəbəkələrdə paylaşdığı tənqidi statuslara və Müsəlman Birliyi Hərəkatının üzvü olduğuna görə cəzalandırılıb. O vurğulayıb ki, tutulduğu gün Suraxanı rayonu 33-cü polis bölməsində ondan narkotik haqda heç nə soruşmayıblar, ancaq üzvü olduğu təşkilat barədə suallar veriblər: "Həmin ərəfədə Qarabağ əlilləri intihar etmişdi. Mən də şəhid ailələrinə, Qarabağ əlillərinə qarşı qanunsuzluqlar haqda yazmışdım. O statuslarımı da göstərmişdilər".

Əzimov vurğulayıb ki, ondan Müsəlman Birliyi Hərəkatını tərk etmək də tələb olunub. Lakin o, imtina edib.

Vəkili Zibeydə Sadıqova hakimlərin nəzərinə çatdırıb ki, Əzimova qarşı polis idarəsindəki fiziki və psixoloji təzyiqlərlə əlaqədar prokurorluğa şikayət ediblər. Lakin prokurorluq normal araşdırma aparmadan şikayəti rədd edib.

Əzimov həbsdə olduğu dövrdə – iyunun 3-də onun 16-yaşlı oğlu Məhəmməd dənizdə boğularaq vəfat edib. Övladının dəfn mərasimində iştirakına icazə verilməsi üçün vəkili Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib. Bundan sonra Əzimova üç günlük icazə verilmişdi.

İyulun 7-də Əzimov son sözünü deyəcək, ardınca ona hökm oxunacaq.

Xatırlatma

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov daxil olmaqla, təşkilatın 50-yə yaxın üzvü həbsdədir. Bağırov 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilib, terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir, hökumətin siyasətini sərt və açıq şəkildə tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.

Təşkilat üzvlərinin bir çoxu da narkotik ittihamı ilə həbsdədir. Onlar da bu ittihamı qəbul etmirlər.

Lakin rəsmilər Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını, hər kəsin konkret törətdiyi cinayətə görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG