Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Makron Parisin Ermənistanı silahlandırmasına haqq qazandırıb


Nikol Paşinyan və Emmanuel Makron iyulun 18-də Avropa Siyasi İcmasının sammiti zamanı
Nikol Paşinyan və Emmanuel Makron iyulun 18-də Avropa Siyasi İcmasının sammiti zamanı

Fransa prezidenti Emmanuel Makron Fransanın Ermənistanla imzaladığı milyonlarla dollarlıq silah kontraktlarını müdafiə edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Avropa Siyasi İcmasının Londonda keçirilən sammiti zamanı təşkil olunan mətbuat konfransında azərbaycanlı jurnalistin sualına cavab verən Fransa prezidenti deyib:

“Özünü hərbi baxımdan möhkəmləndirmək istəyən və başqa ölkə tərəfindən hücuma məruz qala biləcəyini düşünən istənilən suveren ölkənin ricasını icra etmək tam normaldır. Əgər biz son onilliyə nəzər salsaq görərik ki, Azərbaycan Ermənistandan daha çox silahlanıb. Və əgər yaddaşım məni aldatmırsa, səhv edirəmsə düzəldin, Azərbaycan 2020-ci ildə müharibəyə başlayıb...Dəhşətli müharibəyə”.

Bakıdan reaksiya

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə iyulun 19-da Emmanuel Makronun dediklərinə münasibət bildirib:

“Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Hacızadə vurğulayıb ki, işğal edilmiş ərazilərinin azad olunması Azərbaycanın legitim haqqı idi və “Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir”.

Paris ötən oktyabrda Ermənistanı müdafiə silahları ilə təchiz edəcəyini bildirmişdi.

Daha sonra Ermənistan və Fransa arasında silahlarla bağlı bir neçə müqavilə imzalanıb.

Azərbaycan Ermənistanın silahlandırılması ilə bağlı etiraz və narahatlığını bildirib.

Makron danışıqları dəstəklədiyini deyib

Fransanın Ermənistana verdiyi silah, texnika və hərbi avadanlığın arasında təkmil radarlar, qısamənzilli hava hücumundan müdafiə sistemləri və zirehli maşınlar var.

Tərəflər arasında ötən ay imzalanmış başqa bir müqaviləyə görə Paris Yerevana 36 ədəd CAESAR haubitsaları verəcək.

Makron habelə iyulun 18-də Ermənistanın ərazi bütövlüyünü və Azərbaycanla sülh müqaviləsi üçün apardığı danışıqları dəstəklədiyini bildirib.

Fransa prezidenti sammit əsnasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

Bu sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edirdi. Sammitdən əvvəl Azərbaycan və Ermənistan liderləri arasında mümkün görüş barədə xəbər verilmişdi.

Bakı və Yerevan bu görüşün baş tutmamasına görə bir-birini ittiham edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG