Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:48

Makron hökumətin təcili iclasını keçirir


Fransa
Fransa

Fransa Prezidenti Emmanuel Makron iyunun 30-da hökumətin son iki gündə ikinci təcili iclasını keçirir. Polisin yeniyetməni güllələyib öldürməsindən sonra ötən gecə ölkədəki dağıdıcı və zorakı iğtişaşlar pik həddə çatıb.

Ancaq Makron fövqəladə vəziyyət elan etməyib.

Yüzlərlə polis əməkdaşı xəsarət alıb, yüzlərlə etirazçı saxlanıb. Ölkə boyunca etirazçlar polislə toqquşub, binalara, maşınlara od vurulub, piştaxtalar, avtobuslar aşırılıb.

Daxili işlər naziri Gerald Darmanin ötəngecəki iğtişaşları yatırmağa 40 min polis əməkdaşını cəlb edib. O, polisin 667 nəfəri həbs etdiyini Twitter-də yazıb.

Marsel, Lion, Tuluza, Lil, eləcə də Parisin müxtəlif yerlərində zorakılıqlar olub. Rəsmilər 249 polis əməkdaşının xəsarət aldığını deyirlər.

17-yaşlı, Əlcəzair və Mərakeş mənşəli Nahel M. iyunun 27-də polis tərəfindən saxlanaraq güllələnib.

İctimai nəqliyyatda pozuntu gözlənir

Baş nazir Elizabet Born zorakılığı “dözülməz və bağışlanmaz” adlandırıb. Nəqliyyat naziri Klemen Bon deyib ki, cümə günü Paris regionunda ictimai nəqliyyatın işində pozuntular olacaq, daha tez bağlana bilər.

Nahel M.-in ölümü ifrat sağçılar və aztəminatlı qrupların polis zorakılığı, güc strukturlarında sistematik irqçiliklə bağlı şikayətlərini qızışdırıb. Hazırda həmin polis əməkdaşı saxlanıb. Vəkili isə deyib ki, müvəkkili sürücünün qıçını hədəfə alıb, müqavimətlə üzləşdiyindən onun sinəsinə tərəf atəş açıb. Yəni, vəkilin sözlərinə görə, polis əməkdaşı sürücünü öldürmək istəməyib.

Bu iğtişaşlar 2005-ci ildə Fransanı üç həftə çalxalamış etirazları yada salıb. O zaman prezident Jak Şirak fövqəladə vəziyyət elan etmişdi.

XS
SM
MD
LG