Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 02:03

Makron: ‘Azərbaycan Ermənistanın ərazi bütövlüyü məsələsində ikimənalılığa son qoymalıdır’


Fransa prezidenti Emmanuel Makron fevralın 21-də Parisin Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib
Fransa prezidenti Emmanuel Makron fevralın 21-də Parisin Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) fevralın 22-də bir gün əvvəl Fransa prezidenti Emmanuel Makronun Parisdə Ermənistan baş naziri ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirib.

XİN-in vurğulamasına görə, Fransanın "öz istəkləri və heç bir zorakılıq tətbiq olunmadan" Azərbaycan ərazilərini tərk edən ermənilərin hüquq və təhlükəsizliyindən danışması yersizdir: "Almatı bəyannaməsi və müəyyən xəritələr çərçivəsində ərazi bütövlüyünün vacibliyinə toxunan Fransa tərəfinin nəyə görə məhz bu kimi razılaşmalara zidd olaraq 30 ilə yaxın davam etmiş Ermənistan təcavüzünə və Azərbaycan ərazilərinin işğalına, habelə hal-hazırda Ermənistanın Azərbaycanın səkkiz kəndini hələ də işğalda saxlamasına qarşı çıxmaması sualına aydınlıq gətirməsi faydalı olardı".

Ermənistan baş naziri Nikol Paşinyan da bir neçə dəfə bəyan edib ki, hazırda Ermənistanın 30-dən çox kəndinin əraziləri Azərbaycanın işğalı altındadır. Azərbaycan isə bu deyilənləri qəbul etmir.

Makron Paşinyanı qəbul edib

Azərbaycan Ermənistanın sərhədlərini birmənalı şəkildə tanımalı və Qarabağ ermənilərinin öz yurdlarına “azad və tez bir zamanda” qayıtmasını təmin etməlidir.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 21-də Parisin Yelisey sarayında Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edən Fransa prezidenti Emmanuel Makron deyib:

“Fransa sizin ölkənizin yanındadır, çünki ədalət, müstəqillik, azadlıq və beynəlxalq qanun düşərgəsi də oradadır”.

Azatutyun yazır ki, iki lider günün ikinci yarısında nasist Almaniyasına fransız müqavimətinin qəhrəmanı, milliyyətcə erməni Missak Manuçyanın Fransanın Milli Panteonunda torpağa tapşırılması mərasimində iştirak etməli idi.

Təkrar dəfnetmə mərasimi Manuçyanın və onun müqavimət qrupunun nasistlər tərəfindən edamının 80-ci ildönümünə təsadüf edir.

Mətbuat üçün açıqlama

Mətbuat üçün verdiyi açıqlamada Makron deyib ki, o Paşinyanla Ermənistan-Azərbaycan münaqişəsini və onun təbirincə deyilərsə “eskalasiya riskini” müzakirə edəcək.

O Ermənistan və Azərbaycan arasında “ədalətli və davamlı sülhə” çağırıb:

“Azərbaycan Ermənistanın ərazi bütövlüyünə hörmət məsələsində, xüsusilə də Ermənistanla sərhədlərinin xoş məramla delimitasiyası və demarkasiyasına əsas olacaq xəritə məsələsində hər hansı ikimənalılığa son qoymalıdır”.

Makron əlavə edib ki, bu, habelə qoşunların sərhəddən qarşılıqlı çəkilməsinin əsası olmalıdır.

Ermənistan delimitasiya üçün 1970-ci illərə aid son sovet hərbi xəritələrindən istifadə olunmasında israr edir.

Xəritə ziddiyyəti

Paşinyan 2023-cü ilin oktaybrında İspaniyanın Qranada şəhərində Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşündən sonra verdiyi bəyanatda demişdi ki, onun həmsöhbətləri də delimitasiya üçün sovet baş qərargahının xəritələrindən istifadə ideyasına tərəfdardırlar.

Azərbaycan prezidenti İlham Əliyev dəvətli olmasına baxmayaraq bu görüşdən imtina etmişdi. Azərbaycanın rəsmi mediası bunu həmin danışıqlarda həm də Fransa prezidentinin olması ilə izah edir, Makronun “erməniyönlü” mövqe tutmasını vurğulayırdı.

İlham Əliyev yanvarın əvvəllərində sözü gedən xəritələrin Yerevana sərf etdiyini və Bakı üçün qeyri-məqbul olduğunu bəyan etmişdi.

Əliyev habelə Ermənistanın Azərbaycanın 8 kəndindən çıxmasına və Azərbaycandan Naxçıvana dəhliz verilməsinə dair tələblərini təkrar səsləndirmişdi. Yerevan bu tələblərin Ermənistana qarşı “ərazi iddiları” olduğunu bildirmişdi.

Makron Qarabağ erməniləri barədə

Azatutyun yazır ki, nüfuzlu erməni icmasına malik Fransa Ermənistana dəstək bildirmiş və bununla da Bakının qəzəbli bəyanatlarına səbəb olmuşdu.

Fransa habelə Azərbaycanın ötən sentyabrda Qarabağda keçirdiyi əməliyyatın pislənməsi üçün BMT Təhlükəsizlik Şurası iclasının keçirilməsinin təşəbbüsçüsü kimi çıxış etmişdi.

Azatutyunun yazdığına görə Makron fevralın 21-də deyib ki, Bakı Beynəlxalq Cinayət Məhkəməsinin noyabr hökmünü icra etməli və Qarabağa qayıtmaq istəyən ermənilərin təhlükəsizliyi üçün şərait yaratmalıdır.

Fransa prezidenti habelə vurğulayıb ki, Paris Yerevanla “müdafiə əməkdaşlığını” bundan sonra da davam etdirəcək.

Azatutyun yazır ki, Fransa ötən oktyabrda Ermənistanla silah təchizatına dair razılaşma imzalayan ilk Qərb ölkəsi olub.

Paşinyan deyib ki, bu silahlar Ermənistana onun ərazi bütövlüyünün mühafizəsi üçün lazımdır.

O vurğulayıb ki, Ermənistan bütün qonşularının, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Rəsmi Bakı Azərbaycan-Ermənistan sülh prosesində Fransanın hər hansı iştirakına qarşı çıxır.

Bakı Parisi Ermənistana “tərəfkeşlikdə” ittiham edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG