Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 07:13

'Stalin Kirovun qətlindən ölkədə siyasi repressiyaları gücləndirmək üçün yararlandı'


Maksim Fominin dəfni
Maksim Fominin dəfni

Rusiyanın Ukraynada apardığı müharibənin qatı dəstəkçisi olan blogerin Sankt-Peterburqda kafedə bomba partlayışı nəticəsində ölməsindən sonra hadisəni törədənlərin kimliyi haqda suallar və spekulyasiyalar dolaşır. Spekulyasiya və iddiaların mərkəzində Ukrayna xüsusi xidmətləri və Rusiya elitası daxilindəki qarşıdurmalar dayanır. Təhlilçilərlə hökuməti tənqid edənlərin razılaşdığı bir ortaq fikir var: Kreml bu partlayışdan öz opponentlərini daha çox sıxmaq üçün istifadə edəcək.

"Aydındır ki, hökumət repressiyanı maksimallaşdırmaq üçün bu hekayədən hər cür yararlanacaq”, – keçmiş peterburqlu deputat və müxalifətçi Maksim Reznik AzadlıqRadiosunun rus xidmətinə deyib.

Reznik hücumun məxsusi olaraq repressiyaları sərtləşdirmək məqsədilə törədildiyinə inanmadığını deyir. O da Ukraynanın və Rusiya daxilindəki qrupların qarşıdurmasının daha inandırıcı izah sayır.

Ukrayna bomba hücumunda hər hansı rolu olduğunu inkar edib.

Reznik deyir ki, Kreml artıq illərdir ki, repressiyaları artırmaq yolunda irəliləyir və onun buna haqq qazandırmaq üçün zorakı akta ehtiyacı yox idi. Sankt-Peterburqda müxalifətin tanınmış siması olan Reznikin özü də dəfələrlə siyasi təzyiqlərə məruz qalıb.

Hadisə necə baş verib

Aprelin 2-də şəhərin mərkəzində törədilən və əsl adı Maksim Fomin olan müharibə tərəfdarı bloger Vladlen Tatarskini öldürən bomba partlayışında daha 32 nəfərin yaralandığı bildirilir.

Bomba partlayan zaman Fomin müharibə zonasındakı təcrübəsi ilə bağlı təqdimat edirmiş. Həmin kafe daha öncə Vaqner qrupunun rəhbəri Yevgeni Priqojinə məxsus olub.

Rusiya Təhqiqat Komitəsi hadisədən sonrakı gün 26-yaşlı Darya Trepovanı həbs edib. Trepova Fominə içərisində bomba olan büstü verməkdə ittiham edilir.

Hadisənin baş verdiyi gün Rusiyanın Terrorizmə qarşı Milli Komitəsi hücumun Ukrayna xüsusi xidmətləri tərəfindən planlaşdırıldığını, müxalifətçi Aleksey Navalnının Antikorrupsiya Fondunun (FBK) da ona kömək göstərdiyini iddia edib. Ancaq heç bir dəlil ortaya qoymayıb.

Trepova 2022-ci il, fevralın 24-də Sankt-Peterburqda keçirilən müharibə əleyhinə spontan aksiyada iştirak edib, saxlanılaraq 10 gün həbs cəzasına məhkum edilib. FBK Trepova-nın təşkilatın üzvü olmadığını deyib və özünün hücumda iştirakı ilə bağlı iddiaları rədd edib.

“Bu məni çox qorxudur”

Siyasi təhlilçi Fyodor Kraşeninnikov bildirir ki, Rusiya təhlükəsizlik xidmətləri Putinin doğma şəhəri və ölkənin ikinci ən böyük şəhərində bomba hücumunun qarşısını ala bilməsə də, Ukrayna təhlükəsizlik qüvvələri ilə Navalnının təşkilatı arasında birbaşa əlaqənin olduğunu iddia etməklə “siyasi mənfəət” qoparmağa çalışırlar.

Kraşeninnikov Rusiya hökumətinin sevmədiyi adamların Navalnı ilə ən uzaq əlaqəsini belə tapdıqları halda onları terrorçu adı ilə həbs etməyə başlayacağından qorxduğunu deyir. Bu, məsələn, yürüşlərə qatılan, yaxud Navalnının hər hansı bir postunu bəyənən adamlar da ola bilər.

"Əlbəttə, bu məni çox qorxudur. Bu, Rusiyada müxalifətin qalan üzvlərinə, nə vaxtsa müxalifətin tədbirlərində iştirak edən fəallara ciddi təsir edə bilər”, – o vurğulayır.

Bu, Putinin terror hücumu kimi görülən hadisədən siyasi repressiyanı gücləndirmək üçün faydalanacağı ilk hadisə olmayacaq. 2004-cü ildə, Beslan şəhərində orta məktəbə hücum və girov böhranında 330 nəfərin öldürülməsindən sonra, o zaman özünün ikinci prezidentlik müddətində olan Putin ölkədə siyasi plüralizm və demokratiyaya hücumları gücləndirdi.

Kirov misalı

Kraşeninnikov və Berlindəki Karnegi Rusiya Avrasiya Mərkəzinin tədqiqatçısı Andrey Kolesnikov 1934-cü ildə Sovet Politbürosunun üzvü Sergey Kirovun Sankt-Peterburqda öldrülməsini də presedent kimi görürlər. Kirovun qətlinin motivi bilinməsə də, İosif Stalin bundan ölkədə siyasi repressiyaları gücləndirmək üçün yararlandı.

"Siyasi baxımdan, güman ki, bu, vətəndaş cəmiyyətinə hücum və Ukraynaya təzyiqin artırılmasına səbəb olacaq”, – Kolesnikov “Nastoyaşeye Vremya”ya deyib.

Ukraynanın Donbas bölgəsində doğulan Fomin 2014-cü ildə həbsxanadan qaçandan sonra rusiyayönlü dəstələrə qoşulub. O, bankı qarət etməkdə günahkar bilinərək həbs cəzası alıbmış. Sonradan yaratdığı bloqunda Rusiyanın Ukraynaya hücumu haqda yazan Fomin 500 mindən çox izləyici toplaya bilmişdi.

“Ukraynanın tam məhvinə” çağırış etmişdi

Fomin müharibədən yazan çox sayda rusiyalı hərbi blogerdən sadəcə biri olsa da, təhlilçilər onun Kiyevin simvolik hədəfinə çevrilə biləcəyini deyirlər. Çünki Fomin Kremlin 2022-ci ilin sentyabrında keçirdiyi tədbirdə iştirak edib və orada dedikləri diqqət çəkib.

O, Putinin Ukraynanın Donetsk, Luhansk, Zaporojye və Xerson bölgələrini Rusiyanın tərkib hissəsi elan etdiyi həmin mərasimdə belə demişdi: “Biz hamıya qalib gələcəyik, hamını öldürəcəyik, lazım gələrsə, hamını qarət edəcəyik. Özümüz istədiyimiz kimi”.

Fomin eyni zamanda “Ukraynanın tam məhvinə” çağırış etmişdi. Putin onu ölümündən sonra “Şücaət Ordeni” ilə təltif edib.

Ukrayna Prezidenti Volodımır Zelenskinin köməkçisi Mıxaylo Podolyak Fominin qətlinin Rusiyada gedən daxili münaqişənin nəticəsi olduğunu deyib. “Hörümçəklər bankanın içində bir-birini yeyirlər”, – o deyib.

Reznik bu ehtimalı şərh etməyib. O deyib ki, Rusiya elitasının üzvləri Moskvanın Ukraynada apardığı müharibədə məğlub olduğunu anlayırlar və özlərini Putindən sonrakı dünyaya hazırlayırlar.

"Güc uğrunda ölüm-dirim mübarizəsi gedir. Adamlar Qərblə öz gönlərini xilas etmək üçün sövdələşmə apara bilmək üçün mövqelər tutmağa çalışırlar. Ona görə də bu gün daxili məsələləri həll edir, rəqiblərdən qurtulmağa çalışırlar”, – o deyir.

Priqojinə xəbərdarlıq?

Fominin Priqojin və Vaqnerlə əlaqələrinin olduğu da deyilir. Partlayış Priqojinin əsas qərargahı yaxınlığında baş verib.

Vaşinqtonda fəaliyyət göstərən Müharibə Elmləri İnstitutu (ISW) bildirib ki, Fominin qətli Priqojinə xəbərdarlıq niyyətilə törədilmiş ola bilər.

Priqojinin Rusiya hərbi rəhbərliyini açıq tənqid etməsi Moskvada rəqib düşərgələrin arasında müharibə ilə bağlı gərginliyin olmasının ən bariz göstəricisidir. Bir neçə gün ərzində Kiyevi diz çökdürəcəyini iddia edən Moskva müharibənin davam etdiyi 13 ay ərzində çox sayda ciddi itkilər verməli olub.

Fomin və digər millətçi hərbi blogerlər ordunu hücumu daha da aqressivləşdirməyə çağırırdılar.

Putinə Priqojini “cilovlamaq” lazım olsaydı...

Kraşeninnikov Fominin daxili qarşıdurmanın bir hissəsi olması versiyasını inkar edir və onun aşağı səviyyəli fiqur olduğunu deyir.

O deyir ki, Putinə Priqojini “cilovlamaq” lazım olsaydı, bunu başqa yollarla, sabitliyi daha az pozacaq şəkildə edə bilərdi.

Priqojinsə Fomin və Darya Duginanın qətllərinə görə Ukrayna hökuməti ilə bağlı olmayan radikalların məsuliyyət daşıya biləcəyini deyib. Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumunu dəstəkləyən ifrat sağçı ideoloq Aleksandr Duginin qızı Darya Dugina 2022-ci ilin avqustunda bomba partlayışında ölmüşdü.

Kraşeninnikov və Reznik Fominin qətlinin arxasında Rusiya müxalifətçilərinin dayanması versiyasını inkar edirlər. Kraşeninnikov deyir ki, Rusiya təhlükəsizlik xidmətləri hökumətə qarşı olan qrupları yaxından izləyir və onların partlayıcı maddə və bomba düzəltmək üçün laboratoriyaya çıxış əldə etməsi qeyri-mümkündür.

Reznik deyir ki, arxasında kimin durmasından asılı olmayaraq, Sankt-Peterburqda baş verən bomba partlayışı, özünü sabitlik və təhlükəsizliyin qarantı kimi qələmə verən Putinin ictimai imicinə ziyan vuracaq.

XS
SM
MD
LG