Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:39

Şoyqu üzə çıxır. Ukrayna daha bir kəndi azad etdiyini deyir


Ukrayna hərbçiləri
Ukrayna hərbçiləri

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar iyunun 26-da özünün teleqram kanalında yazır ki, Ukrayna ordusu Donetsk vilayətinin qərbində Rovnopol kəndini işğaldan azad edib.

Rovnopol kiçik yaşayış məntəqəsidir. Buranın müharibədən əvvəl 100-dək sakini olub.

Kənd “Vremyev çıxıntısı” deyilən yerin şimalında yerləşir və iyunun 4-də Ukraynanın hücumu başlanandan bəri yarımmühasirə vəziyyətində idi.

Bu kəndin alınması o deməkdir ki, Ukrayna qüvvələri Donetsk və Zaporojye vilayətlərinin sərhədindəki həmin “çıxıntını” kəsmiş olublar.

Ukrayna Silahlı Qüvvələrinin 31-ci əlahiddə mexanikləşdirilmiş briqadası kənddə çəkilmiş videonu paylaşıb.

Rusiya mənbələri hələ ki, bu xəbəri nə təsdiq, nə də təkzib edirlər.

Bundan əvvəl elə bu ərazidə Ukrayna qüvvələri bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Habelə Xerson vilayətində Dnepr çayının sol sahilində döyüşlərin getdiyi xəbər verilir.

Həm Rusiya, həm də Ukrayna teleqram kanalları yazırlar ki, Ukrayna hərbçiləri dağıdılmış Antonov körpüsü yaxınlığında Dneprin Rusiya ordusunun nəzarətində olan sol sahilinə keçə və burada möhkəmlənə bilib.

Xerson vilayətinə Rusiyanın təyin etdiyi “başçı” Vladimir Saldo bu xəbəri təkzib edib, amma Rusiya hərbi blogerləri bu barədə açıq yazırlar.

Ukraynanın Müdafiə Nazirliyi və Baş Qərargahı döyüşlər barədə rəsmi məlumat yaymayıb.

Bununla belə Ukrayna sosial media istifadəçiləri buna işarə edir və yazırlar ki, informasiya sakitliyinə riayət etmək lazımdır.

***

Moskvanın meri Sergey Sobyanin paytaxtda antiterror tədbirlərinin qaldırıldığını açıqlayıb. “Bütün məhdudiyyətlər ləğv olunacaq”, – Sobyanin Telegram-da yazıb.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) isə Moskva regionunda bütün müvəqqəti məhdudiyyətlərin qaldırıldığını elan edib.

Belarus lideri Alyaksandr Lukaşenkanın vasitəçilik etdiyi sövdələşməyə görə, qiyamçılara qarşı cinayət ittihamları ləğv olunacaq, onlar öz düşərgələrinə qayıdacaq, Priqojin isə Belarusa gedəcək.

Rusiyanın “Kommersant” qəzeti və TASS xəbər agentliyi isə qeyri-müəyyən mənbələrə istinadla iyunun 26-da bildirib ki, FSB Priqojinə qarşı silahlı qiyam təşkili şübhəsi ilə istintaqı davam etdirir.

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) iyunun 26-da Litvaya səfəri zamanı bildirib ki, Priqojinin yarımçıq kəsilmiş qiyamı Moskvanın Ukraynada müharibə ilə strateji səhvə yol verdiyini göstərir.

“Həftəsonu hadisələri Rusiyanın daxili işidir, eyni zamanda Prezident Putinin Krımın qanunsuz ilhaqı və Ukraynaya qarşı müharibəylə böyük strateji səhv etdiyini göstərir. Rusiya hücumu davam etdirdiyi müddətdə bizim Ukraynaya dəstəyimiz daha vacibdir”, – o, Vilnüsdə jurnalistlərə deyib.

+++

Çoxdan gözlənən əkshücum başlayandan Ukrayna qüvvələri 130 kvadrat kilometrlik ərazini işğalçılardan geri alıblar. Müdafiə nazirinin müavini Hanna Malyar iyunun 26-na keçən gecə bu haqda məlumat verib. Bu arada şərqi Donetsk vilayətində Rusiyanın hücumlarının artdığı xəbər verilir.

Ötən həftəsonu “Vaqner” muzdlu döyüşçü qrupunun başçısı Yevgeni Priqojin Rostov-na-Don şəhərini tutduqlarını, Moskva üzərinə yürüşə başladıqlarını açıqlayıb. Ancaq iyunun 25-də onunla razılaşma əldə olunduğu, Belarusa gedəcəyi, barəsindəki cinayət işinə xitam veriləcəyi bildirilib.

Daha 17 kv. kilometr ərazi

Malyar Telegram kanalında yazıb ki, Ukrayna ordusu cənubi Zaporojye vilayətində Melitopol və Berdyanksda irəliləyir. Rusiya isə sərt müqavimət göstərir, “ciddi” heyət və texnika itkisi verir.

Nazir müavininin sözlərinə görə, həftə ərzində azad olunmuş ərazilər 17 kv. kilometr artıb.

“Ümumilikdə, əkshücum başlayandan cənubda azad olunan ərazinin sahəsi 130 kv. kilometrə çatıb”, – o bildirib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı isə son bir gündə Donetskdə Rusiyanın 36 hücumunun dəf olunduğunu açıqlayıb. Ukrayna qüvvələrinin Zaporojye və Xersonda əməliyyatları davam etdirdiyi xəbər verilir.

Zelenski Baydenlə danışıb

İyunun 25-də Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenlə (Joe Biden) telefon söhbətində əkshücumu müzakirə edib, həmçinin Priqojinin hərəkətlərinin Rusiyanın Ukraynada apardığı müharibəyə təsirinə toxunub, ABŞ və Ukrayna rəsmiləri bu haqda açıqlama veriblər.

“Müsbət və ruhlandırıcı söhbətimiz oldu. Əməliyyatın gedişatını, Rusiyada baş verən prosesləri müzakirə etdik”, – Zelenski tvitində yazaraq əlavə edib ki, iyulun 11-12-də Litvada NATO sammiti öncəsi “mövqelərini koordinasiya ediblər”.

Ağ evin məlumatına görə, tərəflər “Rusiyadakı son hadisələri” götür-qoy ediblər, Bayden “ABŞ-ın qətiyyətli dəstəyini, o cümlədən davam edən təhlükəsizlik, iqtisadi və humanitar yardımı bir daha təsdiqləyib”.

İyunun 26-dək Priqojinin harada olduğu bəlli deyildi. Daha öncə isə onun Rusiyadan Belarusa gedəcəyi açıqlanıb.

Şoyqunun qiyamdan bəri ilk görüntüləri

Priqojinin istefasını tələb etdiyi Müdafiə naziri Sergey Şoyqunun isə 24 iyun qiyamından bəri ilk görüntüləri yayılıb.

Rusiyanın “RIA” xəbər agentliyinin məlumatına görə, Şoyqu Ukraynadakı hərbi əməliyyata cəlb olunmuş qoşunlara baş çəkib. Müdafiə Nazirliyinin yaydığı səssiz videoda Şoyqunun həmkarıyla təyyarədə uçduğu, qərargahda məruzə dinlədiyi görünür.

Ancaq görüntülərin harada və nə vaxt lentə alındığı bəlli deyil.

Həftəsonu böhranından sonra iyunun 26-da Moskvada istirahət günü elan edilib və vəziyyətin sabitləşdiyi görünüb.

Kreml üçün böhran indilik azalsa da, dünya liderləri və təhlilçilər silahlı qiyamın nəticələrinin bir neçə ay hiss olunacağını deyirlər.

“Rusiyanın fasadında daha çox çat görürük. Putin qarşıdakı həftələrdə və aylarda bir sıra yeni suallarımıza cavab verməli olacaq”, – ABŞ-ın Dövlət katibi Entoni Blinken (Antony Blinken) NBC News-a deyib.

Blinken ABC News-a isə deyib ki, Kremlin problemləri Ukraynanın Rusiya işğalına qarşı müdafiəsinə kömək edə bilər, rusiyalılar isə “dağınıq və parçalanmış” vəziyyətdə qalacaqlar.

XS
SM
MD
LG