Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:54

“Nahaqdan 4 aydır həbsdəyəm, necə əsəbiləşməyim?"


Mammad Ibrahim
Mammad Ibrahim

►Bir yumruq, yoxsa bir neçə yumruq?

AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin işi üzrə məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror dəyişdirilib.

Bu barədə yanvarın 11-də Nərimanov Rayon Məhkəməsində hakim Turqay Hüseynov məlumat verdi.

Məlum oldu ki, əvvəlki məhkəmə iclaslarından fərqli olaraq, artıq bu prosesdə ittihamçı qismində Rizvan Sultanov iştirak edəcək.

Vəkil Yalçın İmanov dəyişikliyin səbəbini soruşanda hakim bunu hər yeni ildə məhkəmələrdə dövlət ittihamçılarının dəyişdirilməsilə izah etdi.

Məhkəmə iclasında iş üzrə zərərçəkmiş qismində tanınan Oruc Vəliyev dindirildi. O, ifadəsində bildirdi ki, sentyabrın 29-da yoldan keçərkən 5-6 nəfərin bir yerə toplaşdığını və onlardan ikisinin dalaşdığını görüb. Dediyinə görə, dalaşanlara yaxınlaşıb ayırmaq istəyərkən, onlardan biri olan Məmməd İbrahim onun sinəsindən bir yumruq vurub, həm də təhqir edib. Zərərçəkmiş əlavə etdi ki, bundan sonra çayxanaya gedib, oktyabrın 1-də isə polis bölməsinə ərizə verib.

Buna da bax: “Maaşların verilməsində problemlər yarana bilər”

"YADDAŞIN POZULMASI"

Vəkillə sual-cavab zamanı xeyli ziddiyyətlər ortaya çıxdı. Məsələn, vəkilin "Məmməd İbrahimin adını hardan öyrəndiniz?" zərərçəkmiş "2 gün sonra orada olanlardan soruşdum" cavabını verdi. Amma onun izahatı elan olunarkən məlum oldu ki, orada Məmməd İbrahimin adını polis bölməsində əməkdaşlardan birindən eşitdiyini yazıb.

İzahatda zərərçəkmişin polis bölməsinə hadisə baş verən gün-sentyabrın 29-da gətirildiyi və ərizənin də həmin gün yazıldığı qeyd edilib. Amma özü ifadəsində polis bölməsinə ərizə ilə oktyabrın 1-də müraciət etdiyini demişdi.

Bundan başqa, ifadəsində bildirdi ki, Məmməd İbrahim ona bir yumruq vurub, amma ərizəsində bir neçə yumruqdan söhbət gedir.

Yalçın İmanov
Yalçın İmanov

Vəkil Yalçın İmanov zərərçəkmişdən bu və digər ziddiyyətlərə aydınlıq gətirməsini istədi. Oruc Vəliyev bir müddət əvvəl keçirdiyi avtoqəzadan sonra yaddaşının pozulduğunu bildirərək, xeyli məsələləri xatırlamadığını dedi.

Buna da bax: Sumqayıtda etirazlar- [Video]

“POLİSİN ŞTATDANKƏNAR İŞÇİSİDİ”

Müdafiə tərəfinin çoxsaylı suallarından sonra zərərçəkmiş etiraf etdi ki, izahatı da polis bölməsində özü yazmayıb, çünki latın qrafikasını bilmir. İzahatın sonundakı imza onun olsa da, orada yazılanları oxumadığını qeyd etdi.

"Biz əminik ki, bu şəxs polis bölməsinə heç də izahatda yazıldığı kimi hadisə baş verən gün yox, oktyabrın 1-də müraciət edib. Səbəb də odur ki, Məmməd İbrahimə qarşı ittiham əvvəlcə başqa maddə ilə verilmişdi. Sonradan vəziyyətini ağırlaşdırmaq üçün bu adamları da ora zərərçəkmiş kimi əlavə ediblər. Bu şəxs, ümumiyyətlə, hadisə yerində olmayıb", - deyə vəkil bildirdi.

Məmməd İbrahim özü də dedi ki, bu adamı, ümumiyyətlə, tanımır, heç vaxt görməyib, xəsarət də yetirməyib:

"Bu adam mənə böhtan atır. O, polisin ştatdankənar işçisidi".

Dövlət ittihamçısı müdaxilə edərək ona səbrli olmağı məsləhət görəndə Məmməd İbrahim daha da əsəbiləşdi:

"Mən böhtan nəticəsində nahaqdan 4 aydır həbsdəyəm. Necə əsəbiləşməyim?"

Buna da bax: Köçkün ailə yanmış evdə yaşamağa məcburdu

"MƏHKƏMƏ-TİBBİ EKSPERTİZA TƏYİN OLUNSUN!"

Vəkil Yalçın İmanov zərərçəkmişin tibbi ekspertizadan keçirilməsi barədə şifahi vəsatət qaldırdı:

"Bu adam deyir ki, yaddaşı pozulub. Onun ifadəsi əsasında hökm çıxarılacaq. Ona görə də xahiş edirəm, onun barəsində məhkəmə-tibbi ekspertizası təyin olunsun, vəziyyəti aydınlaşdırılsın".

Hakim bildirdi ki, bu vəsatət yazılı verilməlidir.

Bu iş üzrə məhkəmə prosesi yanvarın 22-də davam edəcək.

Xatırladaq ki, Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayət ərizəsi əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə qarşı CM-nin 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə qarşı ittiham irəli sürülən maddə ağırlaşdırılıb və CM-nin 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddənin sanksiyasında iki ilədək islah işləri və ya beş ilə qədər həbs cəzası nəzərdə tutulub.

Məmməd İbrahim isə ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

XS
SM
MD
LG