Keçid linkləri

2025, 13 Mart, Cümə axşamı, Bakı vaxtı 05:13

Manatın qeyri-neft-qaz sektoru üzrə məzənnəsi ucuzlaşıb, səbəb...


Manat/Dollar
Manat/Dollar

"Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2024-cü ildəki 9 faizlik möhkəmlənmənin ardınca 2025-ci ilin ilk iki ayında 1.5 faiz ucuzlaşıb". Bu rəy Mərkəzi Bankın (AMB) faiz dəhlizinin parametrləri haqqında bu gün, martın 12-də açıqladığı press-relizdə yer alır.

AMB qeyd edib ki, ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib: "Mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2 faiz) olacağı proqnozu dəyişməz qalır".

Bu açıqlamanı şərh edən iqtisadçı Zöhrab İsmayıl deyir ki, real effektiv məzənnə milli valyutanın ölkənin ticarət apardığı əsas xarici valyutaların orta çəkili qiymətinə qarşı dəyərinin ölçüsüdür: "Əgər real effektiv məzənnə bahalaşırsa, demək, ölkənin ixracı bahalaşır, idxalı ucuzlaşır. Əksinə, real effektiv məzənnə ucuzlaşırsa, ixrac ucuzlaşır, idxal bahalaşır".

İqtisadçının sözlərinə görə, Azərbaycan, əsasən, neft və qaz ixrac etdiyindən bu göstəricilər ixracda özünü əhəmiyyətli büruzə vermir: "Ancaq keçən il biz Azərbaycanda idxalın 22 faiz artmasının şahidi olduq. Demək, bunun səbəblərindən biri kimi real effektiv məzənnənin bahalaşması kimi iqtisadi faktor da varmış. Eyni zamanda, bu ilin yanvarında qeyri-neft məhsullarının ixracında cüzi artımı görürük, burada da real effektiv məzənnənin ucuzlaşmasının təsiri mümkündür".

Zöhrab İsmayıl
Zöhrab İsmayıl


DSK cəmi 5.5 faiz inflyasiyadan danışır

Dövlət Statistika Komitəsi (DSK) bu gün, martın 12-də bildirib ki, 2025-ci ilin fevralında istehlak qiymətləri 2024-cü ilin fevralına nisbətən 5.5 faiz artıb. Qida məhsullarında bu rəqəm 5.7 faiz göstərilib.

Son bir ildə inflyasiyanın cəmi 5.5 faiz artması inandırcıdırmı?

Z.İsmayıl təəssüflə qeyd edir ki, indi rəsmi rəqəmləri yoxlamaq, mübahisələndirmək üçün alternativ resurslar yoxdur: "Amma biz şahidiyik ki, ötən il ərzində gündəlik istifadə olunan ərzaq məhsulları kəskin bahalaşıb. Xüsusilə də dana əti, qoyun əti, toyuq, kərə, bitki yağları, meyvələr və başqa gündəlik tələbat mallarınin qiyməti yüksəlib. Eləcə də kommunal xidmətlər, yanacaq, nəqliyyat qiymətləri də artıb. Hökumət özü bu şəraiti yaradıb ki, hər hansı formada qiymətlərin monitorinqi və ev təsərrüfatlarının müayinəsi ilə məşğul olan yalnız bir qurum qalıb. Bu da Dövlət Statistika Komitəsidir".

XS
SM
MD
LG