Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:40

«Fitch»in nikbinliyi: «Manat sabit qalacaq»


Manat
Manat

-

Uzun sürən bədbin dəyərləndirmələrdən sonra, axır ki, manat haqqında nikbin proqnoz da dilə gətirildi. «Fitch» beynəlxalq reytinq agentliyi analitik qrupunun rəhbəri Dmitry Vasiliev 6-12 ay boyunca manatın məzənnəcə sabit qalacağını söyləyib.

O, çox şeyin neftin ucuz qiymətinin nə qədər sürməsindən, hökumətin belə qiymətlərə reaksiyasından da asılı olduğunu vurğulayıb.

Agentlik rəsmisinin bu açıqlaması birmənalı qarşılanmayıb. AzadlıqRadiosuna danışan Azərbaycan ekspertləri manatın məzənnə sabitliyinə iqtisadi əsasın olmadığını bildirirlər.

«MANATIN MƏZƏNNƏ SABİTLİYİNDƏN DANIŞMAQ TEZDİR»

İqtisadçı mütəxəssis Samir Əliyevin fikrincə, hələlik, manatın məzənnə sabitliyindən danışmaq tezdir: «Bunu şərtləndirəcək iqtisadi zəmin yoxdur. Mərkəzi Bank (MB) daha çox inzibati metodlar hesabına manata dəstək verir. Bank sektorunda dollarlaşma, demək olar, bitib. Ancaq banklar dolları iqtisadiyyata yönəldə bilmir. MB manat kütləsini azaltdığından banklarda milli pul qıtlığı var. Bu, dollara tələbatı da məhdudlaşdırıb».

Ekspert vergi ödənişi dövrünün manata tələbatı artırdığını deyir: «Təsadüfi deyil ki, aprel ayında manat bahalaşmağa başladı və hətta son devalvasiyadan dərhal sonrakı həddə qalxdı. Aprelin sonlarına doğru manat nisbətən zəifləyəcək. Yaxın dövrlərdə kəskin devalvasiya ehtimalı yox dərəcəsindədir. Fikrimcə, dolların 1.50-1.65 manat arasında «üzdüyünü» görəcəyik».

S.Əliyev ilin 2-ci yarısı üçün eyni fikirləri söyləməyin çətinliyini vurğulayır: «Bütün bunlar neftin indiki səviyyəsinə uyğundur. Neft əhəmiyyətli dərəcədə bahalaşarsa, bu, manata əlavə dəstək verəcək. «Fitch» ekspertinin dediyi kimi, hər şey dünya bazarında neftin qiymətindən və hökumətin atacağı addımlardan asılı olacaq».

«MANATIN SABİTLİYİ, ÖZ-ÖZLÜYÜNDƏ, ALİ MƏQSƏD OLA BİLMƏZ»

Bank məsələləri eksperti Əkrəm Həsənov düşünür ki, indiki iqtisadi siyasət sürdürülərsə, manat məzənnəcə sabit qala bilər: «İndiki siyasət manat kütləsini azaltmaqdan ibarətdir. Dövriyyədə manat azdır. MB əhəmiyyətli emissiya etmir. Əlbəttə, manat kütləsi azdırsa, manat sabit qala bilər. Lakin ümumən, bu iqtisadiyyatımıza sərf edirmi? Əlbəttə, yox. Pul kütləsi azalırsa, deməli, iqtisadiyyat nəinki inkişaf etmir, əksinə, geriləyir. Bu baxımdan manatın sabitliyi, öz-özlüyündə, ali məqsəd ola bilməz».

«QORXURLAR Kİ, DƏRHAL DOLLARA ÇEVİRƏRLƏR»

Ekspertin fikrincə, manat kütləsi mütləq artırılmalıdır: «Ancaq bunu savadlı etmək lazımdır. MB banklara kredit verərkən, bu kreditin təyinatı üzrə istifadəsinə nəzarət etməlidir. Lakin hazırda ölkədə maliyyə nəzarəti zəif olduğundan, banklara manat krediti verilmir. Qorxurlar ki, dərhal dollara çevirərlər. Bu ona bənzəyir ki, məsələn, övladınıza kitab almağa pul verməkdən qorxasınız ki, gedib alkoqol və ya siqaret alacaq. Bu halda təqsir sizdədir. Demək, uşağınıza pis tərbiyə vermisiniz və ona nəzarət edə bilmirsiniz. Amma bu o demək deyil ki, kitaba pul vermək lazım deyil. Eynən burada da iqtisadiyyatın inkişafına pul vermək lazımdır və manat kütləsi artırılmalıdır».

XS
SM
MD
LG