Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:42

Qarabağ əlili: 'Dedilər, Mehriban Əliyeva gedincə burda qalmalısan'


M.Əliyeva Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində.
M.Əliyeva Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində.

«İyunun 27-də səhər saat 8-in yarısı qapım döyüldü, üç polis işçisi idi, məni yorğan-döşəkdən götürüb zorla Abşeron rayon Polis Şöbəsinə apardılar. Qışqıra-deyə qaldım ki, «axı mən neyləmişəm, məni niyə aparırsız» Dedilər, «Mehriban Əliyeva gəlir, rəisin göstərişidir»».

Bakir Bayramov ikinci qrup Qarabağ əlilidir. O, azı 3 ildir ki, özünün və ailəsinin əziyyətləri barədə rəsmi qurumlara müraciət edir. Bu ilin yanvarında AzadlıqRadiosuna da üz tutmuş əlil özünün və ailəsinin üzləşdiyi haqsızlıqlardan danışmışdı.

«PROFİLAKTİK TƏDBİR GÖRÜBLƏR»

İyunun 27-də Birinci vitse-prezident Mehriban Əliyeva qəzalı mənzillərdən köçürülən köçkünlərə «Yeni Bakı» Yaşayış Kompleksində yeni mənzillərin təqdimolunma mərasimində iştirak edib. Bu tədbirin B.Bayramova birbaşa aidiyyəti olmasa da, iddiasına görə, onu məhz bu tədbirlə əlaqəli azı 9 saat Abşeron rayon Polis Şöbəsində saxlayıblar:

***Buna da bax-'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'

«Düzdür, demək olar ki, hər ay Mehriban Əliyevaya yazıram, ancaq heç vaxt da məktublarıma cavab almamışam. Ancaq düzü, onun Masazıra gələcəyindən heç xəbərim də yox idi. Bunlar xoflanıblar ki, birdən gedib tədbiri pozaram, Mehriban xanıma əlbəəl məktub verərəm, dərdimi deyərəm... Öz aləmlərində guya profilaktik tədbir görüblər. Əlil adamı ac-susuz səhər saat 8-in yarısından günorta saat 4-ə kimi polis şöbəsində bir otağa qapadıblar ki, səsini çıxarmasın».

MEHRİBAN ƏLİYEVAYA DURMADAN YAZACAQ

Əlilin deməsinə görə, saat 4 radələrində polis şöbəsindən buraxılarkən polis rəisi ilə görüşüb saxlanma səbəbini bir daha onun özündən eşitmək istəyib, lakin imkan verməyiblər:

«Dedilər, «rəis yerində yoxdur, get yolunla, başını cəncələ salma, sənə burda güldən ağır söz deyən olmadı ki... Gətirməliydik, gətirdik, indi də buraxırıq, get evinə, başqa söhbət olmasın»».

Ancaq B.Bayramov deyir, qeyri-iş günləri bitən kimi başına gələnlərlə bağlı baş prokurora və başqa aidiyyəti qurumlara müraciət edəcək, Mehriban Əliyevaya ta cavab alanadək durmadan yazacaq.

«Qaynar xətt»in müxbiri məsələni araşdırmaq üçün Abşeron rayon Polis Şöbəsinin növbətçi hissəsi ilə əlaqə saxlayıb. Növbətçi polis qısa fasilədən sonra jurnallarda belə adda-soyadda adamın idarəyə gətirilməsi barədə qeydlərin olmadığını bildirib. B.Bayramov da şöbədə ondan hər hansı sənəd istənilmədiyini və qeydiyyat aparılmadığını təsdiqləyir.

XS
SM
MD
LG