Həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun 8 il azadlıqdan məhrum edilməsi haqda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Bakı Apellyasiya Məhkəməsi veteran futbolçunun şikayətini qismən təmin edib və onun cəzası 6 il azaldılaraq 2 il saxlanılıb. Bu haqda Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası qərar çıxarıb.
Buna da bax: 8 il həbs cəzasından başqa futbolçunun evinə də həbs qoyula bilər
Maşallah Əhmədov bir neçə nəfərin etibarından sui-istifadə edib, onların pulunu qaytarmamaqda suçlanırdı. Amma birinci instansiya məhkəməsində prosesin gedişində zərərçəkmişlərdən bir neçəsinin pulu qaytarıldı. Ən böyük məbləğ zərərçəkən Yusif Əzizova aid idi - 128 min.
Əzizov bu məbləğin tam ödənilməsini tələb edirdi. Maşallah Əhmədov isə zərərçəkmişin məbləği şişirtdiyini bildirirdi.
Bu səbəbdən apellyasiya instansiyasında işə baxılarkən tərəflərdən hansının doğru danışdığını müəyyənləşdirmək məqsədi ilə ekspertiza təyin olundu. Ekspertizanın rəyində Maşallah Əhmədovun şərikli olaraq Yusif Əzizovla İrandan aldıqları mərmər daşların bazar qiymətləri yer alıb.
Buna da bax: Maşallah Əhmədovu həbsxanaya göndərən məzar daşları
Məhkəmədə futbolçu və vəkili ekspertin rəyi ilə razılaşmayıb, onlar qiymətlərin yuxarı göstərildiyini bildiriblər. Deyiblər ki, Əzizovun pulu ilə Əhmədovun aldığı 3 növ mərmər daşın qiyməti ekspert rəyində 22-80 manat arası qiymətləndirilsə də, əslində, onlar İrandan 7 manat 50 qəpiyə alınıb.
Maşallah Əhmədovun vəkili Əli Hüseynov deyir ki, zərərçəkmişə dəymiş ziyanı hesablayıb, məhkəmənin depozit hesabına 35 min 650 manat ödəyiblər.
M. Əhmədov son sözündə bir daha deyib ki, günahsızdır.
Buna da bax: 'Maşallah Əhmədov pulumu alıb İrana qaçdı'
Müşavirədən sonra hakim qərarı elan edib.
M. Əhmədov 2015-ci il dekabrın 14-də həbs olunub, bir müddət sonra ev dustaqlığına buraxılıb. O, istintaq və Bakı Ağır Cinayətlər Məhkəməsi gedən dövrdə həbsdə olmayıb. Haqqında hökm elan olunanda məhkəmə zalında həbs olunub.