Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:05

Mahaçqala aeroportunda iğtişaşda azı 20 nəfər xəsarət alıb


Oktyabrın 29-da gecə İsraildən gələn təyyarə Mahaçqala aeroportuna enəndən sonra baş verən iğtişaşda azı 20 nəfər xəsarət alıb, ikisinin vəziyyəti ağırdır.

Dağıstan Səhiyyə Nazirliyinin oktyabrın 30-da yaydığı məlumata görə, xəsarət alanların 10-na xəstəxanada tibbi qayğı göstərilib. "Baza" Telegram kanalı xəsarət alanların altısının polis əməkdaşı olduğunu bildirir.

"RIA Novosti" aeroportda 60 nəfərin saxlandığını yazıb.

Mahaçqalada Təl-Əvivdən gələn təyyarəyə hücum edilib

Rusiyanın Mahaçqala şəhərində İsrailin paytaxtı Təl-Əvivdən gələn təyyarə qarşıdurmalara səbəb olub.

AzadlıqRadiosunun Kavkaz.Realii xidmətinin xəbərinə görə, hava limanına gələn yüzlərlə insan Təl-Əvivdən enən sərnişinlərin şəhərə girişini qarşısını almaq üçün hava limanına hücum edib.

Mahaçqaladakı hava limanının qarşısında Fələstin bayraqları ilə yığışan kütlə əvvəlcə İsrail əleyhinə şüarlar səsləndiriblər. Ardından isə qısa müddət ərzində hava limanının ərazisinə daxil olaraq antisemitik şüarlar səsləndirərək İsraildən gələn sərnişinləri axtarıblar.

CurrentTimeTV yerli mətbuat orqanlarına istinadən yazır ki, hava limanına toplanan kütlə Təl-Əvivdən gələn "RedWing" aviaşirkətinin təyyarəsinə də hücum ediblər.

+++

Mahaqçala aeroportuna çevik polis alayı göndərilib. Daxili İşlər Nazirliyinin Mahaçqala idarəsinin məlumatına görə, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əraziyə Milli Qvardiya bölmələri göndərilib.

Rusiya aviasiya orqanları aeroportun noyabrın 6-dək bağlı qalacağını bildirib.

İsrailin tələbi

İsrailin Xarici İşlər Nazirliyi oktyabrın 29-da Rusiyadan tələb edib ki, israilliləri və yəhudiləri qorusun, onlara təhdid yaradanları saxlasın.

"İsrail Rusiya hakimiyyətinin bütün israilliləri və bütün yəhudiləri qoruyacağını, iğtişaşlara, yəhudilərə və israillilərə qarşı zorakılığın qızışdırılmasına qarşı qətiyyətli tədbirlər görəcəyini gözləyir", – bəyanatda deyilir.

Oktyabrın 29-da gecə Mahaçqalada hava limanında uçuş zolağına etirazçıların basqınından sonra aeroport bağlanıb. Polisin kütlənin əlavə addımları koordinasiya etməsini önləməkdən ötrü kommunikasiyanı əngəllədiyi xəbər verilir.

Yerli Telegram kanalının məlumatına görə, etirazçılar sərnişinlərin şəxsiyyət sənədlərini yoxlamağa, yəhudilərin aeroportdan çıxmasını əngəlləməyə çalışıb, polis maşınlarını axtarıblar.

Təsdiqlənməmiş bir videoda etirazçı əlində "Dağıstanda uşaq qatillərinə yer yoxdur" sözləri yazılmış plakat tutub.

Rəsmi bəyanatda nə deyilir

Dağıstan rəsmiləri Rusiyanın düşmənlərini antisemitik hissləri qızışdırmaqda ittiham edib. Bundan öncə isə Şimali Qafqaz Müsəlmanlarının Koordinasiya Mərkəzi hakimiyyəti İsraildən qaçqınların respublikaya girişini önləməyə çağırıb. Məlumatı "Kavkazski Uzel" nəşri yayıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Mahaçqalada baş verənlər fonunda iğtişaşlarda iştirak edənlərin hamısının şəxsiyyəti aeroportdakı videomüşahidə sisteminə əsasən müəyyənləşdiriləcək.

"Dinc əhalinin – Fələstin xalqının qeyri-insani qətlini dayanıb izləmək heç birimiz üçün asan deyil. Amma yenə də respublika vətəndaşlarını destruktiv qrupların provokasiyasına boyun əyməməyə, cəmiyyətdə çaxnaşma yaratmamağa çağırırıq", – hökumətin bəyanatında deyilir.

Etirazlar

Ötən həftəsonu Şimali Qafqazın digər şəhərlərində də İsrailin hərbi kampaniyasına qarşı antisemitik yürüşlər keçirilib.

Yaxın Şərqdə münaqişə oktyabrın 7-də HƏMAS silahlıları İsrailə müdaxilə edəndən sonra başlanıb. Silahlılar yüzlərlə insanı qətlə yetirib, azı 200 nəfəri girov götürüb. İsrail isə buna cavab olaraq Qəzzaya qarşı hərbi kampaniya başladıb, 8 minədək insan öldürülüb, Qəzza şəhərinin böyük hissəsi dağılıb.

Oktyabrın 28-də Çerkessk şəhərində yürüşdə etirazçılar İsrail vətəndaşlarının Qaraçay-Çərkəz Respublikasına buraxılmamasını tələb ediblər.

Oktyabrın 29-na keçən gecə isə Dağıstanın Dərbənd şəhərinin sakinləri İsraildən qaçqınların, guya, yerli otellərdə yerləşdirilməsi iddia olunan saxta xəbərlərə etiraz ediblər.

XS
SM
MD
LG