Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:27

Həyətləri su basıb- [Fotolar]


►"Bir də görürsən, gölə süd buraxırlar, bir də görürsən, balıq gəldi. Güclü yağış yağanda hamısı kanalizasiya xətləri vasitəsilə gəlib həyətlərimizdən çıxır”

Bakı-Şamaxı şosesinin 15-ci kilometrliyində yerləşən 28 may qəsəbəsinin sakinləri AzadlıqRadiosuna danışırlar ki, ərazidə yerləşən, ət və süd məhsullarının istehsalı ilə məşğul olan “Milla” Süd Zavodu tullantıları ərazidəki gölə axıdır.

Bu tullantılar da bəzən kanalizasiya xətləri ilə ətrafdakı həyətlərə gedir.

“KANALİZASİYA QUYUSUNDAN KİLKƏ BALIQLAR ÇIXIR”

Qəsəbə sakini Telman Məmmədov:

“Kanalizasiyalar tez-tez tutulur, daşır. Yağış yağanda gölün suyu qalxır, həmin tullantılarla bərabər ətrafa yayılır. Bir də baxırsan ki, düz bir saat süd axıdırlar gölə. Bir də görürsən, həyətdən kanalizasiya quyusundan kilkə balıqlar çıxır”.

Qəsəbə sakini Natella Əjdərova bu üzdən qəsəbədə, xüsusilə də yay aylarında antisanitariyanın hökm sürdüyünü deyir:

“Milçək, ağcaqanad, harda nə qurd-quş varsa, bura üz tutur. Gölü qurutsaydılar, hamı ağ günə çıxardı. Üzü tullantılarla dolu olur. Üfunətdən beyin çatlayır. Biz bura köçəndə aldatdılar ki, guya qurudulacaq. 6 ildir burdayam, heç bu barədə danışan da yoxdur”.

“XƏSTƏLİK YAYILACAQ”

Ötən iki gün isə qəsəbədə yaşayanlar üçün xüsusilə yaddaqalan olub.

Mayın 14-dən 15-nə keçən gecə yağan güclü yağış nəticəsində kanalizasiyalar daşıb, həyətləri su basıb. Qəsəbə sakini Mansur Səlimov deyir, səbəb odur ki, əvvəllər qəsəbədə 100-ə yaxın ev tikilmişdisə, indi say 500-ü ötüb. Əvvəllər çəkilmiş kanalizasiya xətləri hazırda xidmət göstərə bilmir:

“Xətlər yüklənir, yağış yağanda dolub daşır. Gölün üfunətli suyu kanalizasiya xətti ilə həyətlərə qayıdır. İki gündür suyun içindəyik. İstilər düşür, vəziyyət belə davam etsə, buralarda xəstəlik yayılacaq”.

Həyətlərə dolan yağış və kanalizasiya sularının çəkilməsindən ötrü Binəqədi rayon icra hakimiyyətinə və bələdiyyəyə müraciət edən sakinlər əncam çəkilmədiyini görüb aksiya keçirmək qərarına gəliblər.

Mayın 16-da onlar Şamaxı yolunu bağlayıblar. Bundan sonra icra hakimiyyətinin və bələdiyyə nümayəndələri əraziyə gələrək problemin tez bir zamanda həll olunacağını vəd ediblər.

“ƏRAZİYƏ QURĞU GÖNDƏRİLƏCƏK”

“Milla” Süd Emalı Zavodunun baş mühasibi Gülnarə Şirinova Azadlıq Radiosuna bildirib ki, sakinlərin dedikləri əsassızdır:

“Elə şey ola bilməz. Bizim kanalizasiya sistemimiz çox yüksək səviyyədədir. “Azərsu” ASC ilə müqaviləmiz var, onlar bizə xidmət göstərir. Tullantılarımızı küçəyə, ora-bura atmırıq. “Milla” zavodu 8, “Caspian fish” 20 ilə yaxındır bu ərazidə fəaliyyət göstərir, indiyədək belə sözlər eşitməmişdik”.

Binəqədi rayon icra hakimiyyətindən isə “Qaynar xətt”ə bildirilib ki, əslində suyun çəkilməsi ilə Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır. Bununla belə suları həyətlərdən çəkməyə əraziyə xüsusi qurğu göndəriləcək.

28 may qəsəbəsində təqribən 500 ailə yaşayır.

____________________________________________________________

Bunlara da bax:
Vəkil: «Cavid Hüseynova residivist kimi yanaşdılar»
Dollar krediti olanlar hələ də güzəşt gözləyirlər...

____________________________________________________________

XS
SM
MD
LG