Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

VÖEN-i olan köçkünlərin 'çörəkpulu'…


Zibil qutularına nəzarət edən Laçın köçkünü: 'Bakı mənə türmədi, qayıtmaq istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Zibil qutularına nəzarət edən Laçın köçkünü: 'Bakı mənə türmədi, qayıtmaq istəyirəm' (Arxiv. 2022)

Azərbaycandakı bəzi yerli media orqanlarında sahibkar kimi fəaliyyət göstərən məcburi köçkünlərə dövlətin verdiyi "çörəkpulu"nun avqustdan etibarən dayandırılacağı ilə bağlı məlumatlar yayılıb.

Məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə 2023 il dövlət büdcəsində 366.7 milyon manat vəsait nəzərdə tutulub. Azərbaycanda məcburi köçkün statusu olan və onlara bərabər tutulan şəxslərə (474 min nəfər) 60 (az bir hissəsi 33) manat vahid aylıq müavinət verilir.

"Aktiv sahibkarlıq dövründə müavinət dayandırılır"

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən "Turan"a bildirilib ki, bu məsələ 2017-ci ildən etibarən qüvvədə olan və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən qanunla tənzimlənir: "Bu, yeni məlumat deyil. Həmin qaydaya əsasən, məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinət ödənilir, ancaq burada istisnalar var. VÖEN-i olan məcburi köçkün vətəndaşlara onların aktiv sahibkarlıq fəaliyyəti dövründə vahid aylıq müavinətin verilməsi dayandırılır".

Komitədən əlavə edilib ki, iqtisadi rəqabət mühitində sahibkarlıq fəaliyyəti bəzən davamlı və dayanıqlı olmaya bilər: "Belə olan halda, vergi orqanlarına müraciət etməklə VÖEN-i bağlamaq mümkündür. Bununla da sahibkarlıq fəaliyyəti başa çatmış sayılır və məcburi köçkün vətəndaşa vahid aylıq müavinətin verilməsinə yenidən imkan yaranır".

"Niyə indi icra olunmağa başlayır?"

"Əgər aktiv sahibkarlıqla məşğul olan məcburi köçkünlərlə bağlı bu qərar 2017-ci ildən var idisə, niyə indi icra olunmağa başlayır?", - Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli sual edir. O, bunu Azərbaycanda dövlət idarəçilik sistemində özfəaliyyətə bağlayır: "Bir neçə belə qanunlarımız, fərmanlarımız var ki, illərdir icra olunmur".

Ekspertin fikrincə, burada bir sıra suallar ortaya çıxır: "Sosial müavinətləri alan ailələrin bir nəfərinin mütləq iş yerinin olması tələb olunur. Ola bilsin ki, bu qəbildən xeyli ailələr məcbur olub ailənin bir üzvünün adına VÖEN alırdılar. Yəni, dəqiq müəyyənləşdirilibmi ki, bu adamlardan kimlər kiçik sahibkarlardır, nə qədər vergi ödəyirlər?".

"Hökumətin səbir etməsi yaxşı olardı"

Adının çəkilməsini istəməyən və xırda sahibkarlıqla məşğul olan Cəbrayıl köçkünü AzadlıqRadiosuna deyir ki, onların "çörəkpulu"larının kəsilməsi düzgün deyil: "Çünki biz dədə-baba torpaqlarımıza qayıtmamışıq. Köçkün həyatı, hələlik, davam edir. Ona görə hökumətin bir az da səbir etməsi yaxşı olardı. Nə olsun adıma VÖEN var. İllərlə bağlı olur…".

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Amma, hələlik, işğaldan azad edilən ərazilərə köçkünlərin çox kiçik bir hissəsi qaytarılıb. Orada tam məskunlaşmanın hələ illər çəkəcəyi gözlənir.

XS
SM
MD
LG