Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:08

Media azadlığı: iqtidar jurnalistləri razı, müstəqillər narazı


Azərbaycan jurnalistlərinin etiraz piketi
Azərbaycan jurnalistlərinin etiraz piketi

Bu gün, mayın 3-də Bakıda Mətbuat Şurasının təşəbbüsü ilə də Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır:

"Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır. İstənilən şəxs bu yolla öz fikirlərini yaya bilir. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir".

Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu deyən Amaşov bəzi problemləri də sadalayıb:

"Düzdür, bu gün problemlər var və bunlar iqtisadi məsələlərdən qaynaqlanır. Əsas məqsəd odur ki, Azərbaycan mediası iqtisadi baxımdan heç bir dövlət qurumundan, iş adamından, iqtisadi mərkəzdən asılı olmayan quruma çevrilsin".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu isə qeyd edib ki, Azərbaycanda mətbuat və söz azadlığı var:

"Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar.”

166-cı yerdə

Mayın 3-ü Bakıda Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) təşkilatçılığı ilə də Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş konfrans keçirilib. Orada isə mətbuatın durumu mənfi dəyərləndirilib.

“Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının bu il açqladığı mətbuat azadlığı üzrə reytinqinə görə isə, Azərbaycan 180 ölkə arasında 166-cı pillədə qərarlaşıb. Ötən ildə ölkə 163-cü yer tutmuşdu.

“Sərhədsiz Reportyorlar”a görə, bu, son bir ildə Azərbaycan söz azadlığına görə gerilədiyi anlamına gəlir.

Media üzrə eksperti Xalid Ağalıyev Azadlıq Radiosuna deyib ki, Azərbaycanın reytinqdə ən axırıncı yerlərdən birində olmasının başlıca səbəbi ölkədə medianın sərbəst fəaliyyətinə əlverişli mühitin olmamasıdır.

Ekspertin sözlərinə görə, hökümət 2000-ci illərin əvvəlində jurnalistlərin, media orqanların rahat fəaliyyət göstərməsindən ötrü ortada olan mühiti aradan qaldırıb, müxtəlif sərt qanunları qəbul edib:

“Eyni zamanda jurnalistləri qoruyan qanunların işləməsini təmin etməyib, jurnalistlərə qarşı qanunsuz əməlləri törədənləri mühakimə etməyib. Bu şərtlər bir yerdə toplandıqda ölkədə mətbuatın azad fəaliyyət göstərilməsi üçün mühit aradan qaldırılıb və biz ona görə də gəlib bu sıralamada sonuncu yerlərdən birinə düşmüşük”.

Xalid Ağalıyev hesab edir ki, hökumət iqtisadi və mətbuat azadlığını məhdudlaşdıran şərtləri ortadan qaldırarsa vəziyyət dəyişə bilər.

Xatırlatma

Ümumdünya Mətbuat Azadlığı Günü 1993-cü ildən etibarən hər il mayın 3-də qeyd edilir.

Bu gün (mayın 3-ü) bütün dünyada senzuranın yolverilməzliyi, həbsdə olan jurnalistlərin azad olunması və jurnalistlərə təzyiq edənlərin cəzalandırılması ilə bağlı müzakirələr aparılır.

XS
SM
MD
LG