"World Prison Brief" təşkilatı dünya ölkələrində məhbus sayı ilə bağlı reytinq dərc edib. Həmin reytinqə görə, Azərbaycanda məhbusların sayı son aylar artıb. 211 ölkə və suveren ərazinin yer aldığı reytinqdə Azərbaycan 21 min 253 məhbus ilə 67-ci pillədə qərarlaşıb.
Avropa Şurası quruma üzv ölkələrdə məhbusların sayı və durumuyla bağlı bu ilin aprelində dərc etdiyi illik hesabatında isə Azərbaycanda toplam 21 min 12 məhbusun cəza çəkdiyini qeyd etmişdi. Amma orda vurğulanırdı ki, 2019-cu ildə bu rəqəm 21 min 926, 2018-ci ildə 23 min 319 nəfər idi. Yəni, məhbus sayında son 3 ildə azalma olduğu bildirilirdi.
Yerli hüquq müdafiəçilərin məlumatına görə isə, Azərbaycanda cəzaçəkmə müəssisələrinin tutumu 25 min 501 nəfər təşkil edir. Onlar vurğulayır ki, 17 il ərzində məhbusların sayı 17 min 845 nəfərdən 21 min 253 nəfərə qədər artıb.
4 il əvvəl...
2017-ci ildə prezident İlham Əliyev penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə sərəncam imzalayıb. Rəsmi məlumata görə, indiyə qədər sərəncam 8 min məhkuma şamil olunub, 2 min 500 məhkum azadlığa qovuşub.
Penitensiar Xidmətdən "Turan"a bildirilib ki, cəzaçəkmə müəssisələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə, mülkiyyətə və şəxsiyyətə qarşı cinayətlərə görə məhkum olunmuş şəxslər üstünlük təşkil edir.
"Müsbət nəticələr əldə olunub"
Qurumdan məhbusların sayı barədə ümumi məlumat verilməsə də, cəzaçəkmə müəssisələrində sıxlıq olmadığı bildirilib. Əlavə ediblər ki, "Xidmətin infrastrukturunun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, istehsalat sahələrinin bərpası və yeni iş yerlərinin açılması istiqamətində xeyli işlər görülüb. Müsbət nəticələr əldə olunub".
Məhkumların hazırkı sayına Ədliyyə Nazirliyinin özündən də aydınlıq gətirmək mümkün olmayıb.
"Kriminogen duruma baxmaq lazımdır"
Hüquq müdafiəçisi Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, məhbusların sayının artmasının bir neçə səbəbi ola bilər: "Əvvəl ölkədəki kriminogen duruma baxmaq lazımdır".
Onun sözlərinə görə, bəzi hallarda yüngül xarakterli cinayətlərə görə həbslər tətbiq olunur: "Hərdən olur ki, süni şəkildə əlavə maddələr üzrə ittiham irəli sürülür. Şəxs şərti həbs və ya 3-4 il əvəzinə 7-8 il müddətinə azadlıqdan məhrum olunur".
O qeyd edib ki, ölkədə mediasiya işi düzgün təşkil olunmayıb: "Bəzi hallarda barışığa nail olmaq olar. Lakin bu olunmur və iş həbslə nəticələnir".
"Bunun özü də antihumanist aktdır"
A.Məmmədlinin qənaətinə görə, Azərbaycanda durumu bir qədər normal olan Bakı İstintaq Təcridxanası və bir neçə cəzaçəkmə müəssisəsi var: "Lakin həmin istintaq təcridxanası o qədər də böyük deyil və orada da sıxlıq olur. Digər təcridxanalarda durum daha acınacaqlıdır. Təcridxanalarda saxlanılan şəxslər hələ cinayətkar deyillər. Yəni, insan hələ məhkəmə qarşısına çıxarılmamış artıq acı reallıqla rastlaşır. Bunun özü də antihumanist aktdır".
O deyir ki, bəzən təcridxanada şərait cəzaçəkmə müəssisəsindəkindən daha ağır olur: "Hərdən görürsən ki, dördadamlıq kameralarda yeddi-səkkiz nəfər saxlanılır".
Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrində isə ən böyük problem infrastrukturun normal standartlara uyğun olmamasıdır: "Bakının mərkəzində şəraiti normal olan iki-üç cəzaçəkmə müəssisəsi var. Qalanlarda isə hamam, su, isitmə problemləri mövcuddur".
Xatırlatma
Daxili İşlər Nazirliyindən verilən məlumatlara görə, 2020-ci ildə Azərbaycanda ümumilikdə 26 min 4 cinayət qeydə alınıb. Bu cinayətlərin 86.7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Açıqlamaya görə, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 8 fakt azalaraq 257 olub.