Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:02

“Çıxdığımda məni həbsxanaya yola salanların çoxunu görmədim”


Həbsdən çıxan Anar Məmmədlinin ilk müsahibəsi...
Gözlə

No media source currently available

0:00 0:05:09 0:00

Həbsdən çıxan Anar Məmmədlinin ilk müsahibəsi...

►Əfvlə azadlığa çıxan Anar Məmmədli məhbuslara yardım etmək niyyətindədir

“Bir yuxuydu, oldu, getdi”. Martın 17-də əfv sərəncamı ilə azadlığa çıxan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli həbsxanadakı günləri barədə soruşanlara belə cavab verir.

Bu “yuxu”nu bir də görmək istəməyən Anar Məmmədli AzadlıqRadiosuna iki ilə yaxın keçirdiyi dustaqlığından, arzularından danışır:

– Heç vaxt görmədiyim yuxuydu. İçində reallıq da vardı. Acılı-şirinli günlər idi. Acımız bəzi yaxın dostlarımızın vaxtsız ölüm xəbərləri ilə bağlıydı. Həbsxanada sevdiyin, dəyər verdiyin adamların ölüm xəbərini almaq çox ağır hissdir. Əlindən bir şey gəlmir, azadlıqda olsan da bir şey edə bilməyəcəksən, amma yenə də digər dostlarla dərdini paylaşırsan, onlarla vidalaşırsan. Elton Quliyev, Nərgiz Yaqublu, Həsən Kərimov, Eldar İsmayılov… onların vaxtsız ölümü bizi çox sarsıtdı. Bu acılarımızı nəzərə almasaq, həbsxana həyatı elə də dəhşətli deyil. Yetər ki, insan öz ruhunu, bağlı olduğu dəyərləri itirməsin. Biz də vaxtdan səmərəli istifadə etməyə çalışdıq.

– Belə fikirlər var ki, həbsxana islah eləmir, əksinə, adamı korlayır. Amma həbs olunan siyasilər, ictimai fəallar həbsxanadan “korlanmış” çıxmır. Bunun səbəbi nədir?

– Bu fikirdə müəyyən həqiqətlər var. Azərbaycan kimi ölkələrdə cəzaçəkmə müəssisələrində cinayət törədən məhbusun islah olması üçün imkanlar demokratik ölkələrin həbsxanalardakı kimi deyil. Bir misal çəkim, orda bəzi məhbuslar bizdən soruşurdular ki, “informasiya texnologiyaları nə deməkdir, internetdən necə istifadə edirlər, Skype, Facebook nədir?” Bu məsələlərdən tamamilə uzaq olanlar vardı. Məhbuslar sosiallaşa bilmirlər, buna görə də kriminal keçmişlərindən uzaqlaşa bilmirlər, məcbur olurlar ki, kriminal qruplara bağlansınlar, bu əlaqələri saxlasınlar. Mənsub olduqları ibtidai dəyərlərdən uzaqlaşa bilmirlər. Amma siyasi məhbuslar sosiallaşmış insanlardır, sosial çevrəmiz, dəyərlərimiz var. Biz adamlara təkcə ailə, qohum, tayfa kimi ibtidai münasibətlərlə bağlanmırıq, məsələn, bir jurnalistin uğurlu bir yazısı, köşəsi olurdu, biz saatlarla bunu müzakirə edirdik, ya bir kitab oxuyub onun ətrafında diskussiya açırdıq. Bu cəhət o biri məhbuslarda çatışmırdı. Bunlar bizi ayaqda saxlayırdı, ruh verirdi.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Məhbusların hüquqi yardıma ehtiyacı var”

– Anar bəy, siz QHT sektorunda fəallardan olmusuz. Məsələn, həbsxanada sizi razı salmayan məsələlərin həlli üçün layihələr həyata keçirməyi düşünürsüzmü?

– Orda məhbusların əsas çətinliyi hüquqi yardımla bağlıdır. Avropa dəyərləri içərisində təməl prinsiplərindən biri vətəndaşın saxlanarkən və ya həbs edilərkən onların ilkin hüquqi yardımla təmin edilməsidir. Vəkillə təmin olunmalı, hüquqları izah edilməlidir. Bu barədə məlumatsızdılar, hətta heç bilmirlər ki, nədən apellyasiya şikayəti verə bilərlər, Ali Məhkəmə nəyə baxır, Avropa Məhkəməsinə üz tutmaq imkanı var. Həm istintaq təcridxanasında, həm də həbsxanada hüquqi imkanlardan bixəbər çoxlu məhbus var. Bu istiqamətdə layihələr düşünürəm.

– Anar bəy, 2 ilə yaxın həbsxanadaydız, azadlığa çıxanda ilk nələri fərq etdiz?

– Çoxlu binalar tikilib. Bizim yığışdığımız bəzi çayxanalar, kafelər bağlanıb. Deyəsən, böhran onları vurub. Onun da fərqinə vardım ki, məni həbsxanaya yola salan adamların çoxu yoxdur. Bəzisi ictimai sektordan uzaqlaşıb, bəzisi ölkəni tərk edib, bəzisi həbsxanadadır. Ölkənin ictimai-siyasi vəziyyəti çox dəyişib, vətəndaş cəmiyyəti qalmayıb, donorlar gedib, beynəlxalq təşkilatlar Azərbaycandakı proqramlarını bağlayıb gediblər.

– Siz də qrantlarla işləyirdiz. İndi nə edəcəksiz, planlarınız nədir?

– Bir az dincələcəm. Siyasi məhbusların azadlığa çıxmasından ötrü çalışmaq istəyirəm. Bilirəm ki, bu istiqamətdə işləyənlər var, mən də onlara kömək edəcəm. Həbsxana həyatı yaşamışam, ən azından bilirəm ki, məhbusa nə lazımdır, ona necə kömək etmək olar, hansı ehtiyacları ola bilər. QHT-lərlə bağlı müvafiq qanun vətəndaş cəmiyyətinin normal fəaliyyətinə imkan vermir. Mövcud qanunun analizi ilə məşğul olacam. Oturub düşünməyim lazımdır, əvvəl qeydiyyatsız fəaliyyət göstərmək imkanlarımız vardı, indi bu, yoxdur. İndi bunların hamısını oturub müzakirə etmək lazımdır. Təbii ki, işimizi qismən də olsa, bərpa edəcəyik.

“Ayağım “yüngül” oldu”

– Səhv etmirəmsə, ilk həbs olunan QHT rəhbəri siz idiniz…

– Bəli, məni tutdular, ayağım “yüngül” oldu, məndən sonra da o biriləri həbs etdilər.

– Sizi saxlayanda nə düşünürdüz, – dalğa gəlir, ya siz də həbsdə çox qalmayacaqsız?

– Elə istintaq zamanı anladım ki, artıq bir dalğa başlayır. Dostlara da xəbər göndərdim ki, həbs oluna bilərlər, buna hazır olsunlar. Leyla Yunusun, İntiqam Əliyevin, Xədicə İsmayılovanın həbs olunacağını gözləyirdim. Amma bu həbslər ölkənin imicini zədələyir. Azərbaycanda belə ranqda həbslərin olması ölkəni avrointeqrasiyadan uzaqlaşdırır, Avropa dəyərlərindən imtina deməkdir. Halbuki ortaya qoyduğumuz bu dəyərlər Azərbaycanı sivil dünyaya yaxınlaşdırır. Bu yolu hakimiyyət seçib, 2001-ci ildə hakimiyyət Avropa Şurasına üzv olmaq üçün dəridən-qabıqdan çıxırdı. Xarici siyasətdə qələbəsi bu quruma üzvlüklə başladı. İndi nə olub, Avropa Şurasından çıxmağamı hazırlaşırıq?! Yox, çıxmaq istəmiriksə, onda Avropa Şurasının dəyərlərinə hörmət etməliyik.

Buna da bax: BMW muzeyinə səyahət- [Fotolar]

XS
SM
MD
LG