Toyundan cəmi iki gün sonra həbs olunan Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Cavid Allahverdiyev deyir ki, narkotik ittihamı saxtadır. Onun sözlərinə görə, əksinə, özü narkotiklərin yayılmasına qarşı mübarizə aparırdı, gəncləri bu bəladan çəkindirməyə çalışırdı. Bu barədə o, öz məhkəməsində danışıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
27-yaşlı Allahverdiyevə Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddəsilə ittiham verilib. Bu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İddia olunur ki, saxlanılanda cibindən narkotik tapılıb.
Özü isə məhkəmədə bildirib ki, cibinə həmin narkotiki polislərin özləri atıb.
Allahverdiyev bildirib ki, martın 17-də Biləcəri qəsəbəsində saxlanılıb. O vurğulayıb ki, saxlanılanda da, sonradan polis idarəsində də zorakılığa, hədə-qorxulara məruz qalıb.
“Ətrafdakıları da bu bəladan uzaq olmağa çağırmışam”
Cinayət işinin materiallarında Allahverdiyevin etiraf ifadəsi var. Məhkəmədə dindirilən polislər bildirib ki, onun cibindən narkotik tapılıb. Özü də etiraf edib ki, həmin narkotiki Bakının “Papanin” adlanan ərazisindən alıb.
Allahverdiyev isə deyir ki, yalandır. Məruz qaldığı təzyiqlər, təhdidlər üzündən etiraf ifadəsinə imza atmağa məcbur olub.
“Məni tanıyanlar yaxşı bilir ki, narkotik mənlik deyil. Nəinki özüm, ətrafdakıları da bu bəladan uzaq olmağa çağırmışam. Özləri qoyublar cibimə, özləri də götürüblər”, – Allahverdiyev belə deyir.
Onun ailə üzvləri AzadlıqRadiosu-na bildirib ki, Cavid Allahverdiyev divarlara, ağaclara gəncləri narkomaniyadan çəkinməyə çağıran vərəqlər yapışdırırdı. Bunu təsdiqləyən videolar, şəkillər də var:
“Belə bir adamı narkotik satışında ittiham eləmək insafsızlıqdır. Günahsız bir adamı toyundan iki gün sonra şərləyib həbs eləməyə heç bir ad qoymaq olmur...”
Xatırlatma
Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov daxil olmaqla, təşkilatın 50-yə yaxın üzvü həbsdədir. Bağırov 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı həbs edilib, terrorçuluq, qanunsuz silah saxlama və başqa ittihamlarla 20 il azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir, hökumətin siyasətini sərt və açıq şəkildə tənqid etdiyinə görə cəzalandırıldığını bildirir.
Təşkilat üzvlərinin bir çoxu da narkotik ittihamıyla həbs olunub. Onlar bu ittihamı qəbul etmir, təqsirsiz olduqlarını, sifarişlə həbs edildiklərini bildirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev həbs edilənlərin konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunduğunu bildirib.
Rəsmilər də Azərbaycanda heç kimin siyasi və ya dini baxışlarına görə təqib olunmadığını iddia edir.