Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:19

Mehman Əliyev: ‘Həbsim göstərdi ki, ..’


Mehman Əliyev həbsxanadan evə gedərkən-11092017
Mehman Əliyev həbsxanadan evə gedərkən-11092017

“Mənə çox böyük ictimai dəstək oldu. Hökumətdə mənim həbsimlə bağlı yekdil fikir yox idi, məndə olan məlumata görə, mövqe ziddiyətli idi, bəzi fərdlər mənim həbsimi istəyirdilər. Digər tərəfdən də güclü beynəlxalq dəstək də oldu. Əslində hakimiyyət belə güclü beynəlxalq dəstəyi gözləmirdi. Mənim haqqımda bu günkü qərara qeyd etdiyim vasitələr təsir etdi”.

“Turan” İnformasiya Agentliyi-nin (İA)bu gün, sentyabrın 11-i azadlığa çıxan direktoru Mehman Əliyev belə deyib. O, həbsinin səbəbləri, agentliyin bundan sonrakı taleyi barədə suallara aydınlıq gətirib.

M.Əliyev həbsdən azad edilməzdən əvvəl prezident İlham Əliyevə müraciət etməsindən danışıb.

“Prezidentə müraciət etməyə ona görə, qərar verdim ki...”

“Ombudsman Aparatının nümayəndələri mənimlə görüşməyə gəlmişdi. Onlar Elmira xanımın salamını çatdırdılar və bildirdilər ki, hər şeyi edəcəklər ki, bu məsələ həllini tapsın. Bu istiqamətdə müəyyən müsbət addımların olduğunu bildirdilər. Mən belə başa düşdüm ki, məsələ prezident səviyyəsində müzakirə olunur. Ona görə də qərar verdim ki, prezidentə də müraciət edim. Mürtaciətimdə bildirdim ki, 30 ildir ki, jurnalistikadayam, “Turan” İnformasiya Agentliyinin yaradılmasında iştirak eləmişəm. Mətbuat Şurasının yaradılması təşçəbbüsünü də 1997-cvi ildə mən irəli sürmüşəm, başqa dostlarla birgə yaradılmasında da iştirak etmişəm. “Turan” olaraq hər zaman peşə əxlaqı kodeksinə uyğun çalışdığımızı, ölkə başçısının da xarici və daxili siyasətlə bağlı fəaliyyətini bu prinsiplər əsasında işıqlandırdığımızı vurğuladım. Daha sonra “Turan”-a cinayət işinin açılmasını, həbs edilməyimi qeyd etmişəm. Heç vaxt istintaqdan yayınmadığımı, həmişə təhqiqatla əməkdaşlıq etdiyimi vəhəbs edilməyimin əsaslı olmadığını vurğulamışam. Xahiş etmişəm ki, bu məsələdə yardımçı olsun. Prezidentə bu formada müraciət etmişəm. Ondan sonra Yasmal Rayon Məhkəməsinin sədrinə də məktub yazıb, qəti imkan tədbirinin dəyişdirilməsini xahiş etdim”, deyən M.Əliyev azadlığa buraxılmasında hər hasnı şərtin, danışığın olmadığını ifadə edib.

“Mənim hər hansı danışığım olmayıb ki, kimsə mənə nəsə şərt qoysun. Qeyd etmək istəyirəm ki, “Turan” fəaliyyət göstərəndən hakimiyyətlə danışıqlarda olub, cürbəcür təkliflər irəli sürmüşük, çalışmışıq ki, Azərbaycan mediası normal inkişaf etsin. Vaxtı ilə Mətbuat Şurasının, Bakı Mətbuat Klubunun yaradılması da bununla bağlı olub. Başqa təşəbbüslər də olub. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti həmişə bu təşəbbüslərin qarşısının alınması siyasətinin tərəfdarı olub”.

“ Əli Həsənov, Aflatun Amaşovun “Turan” yoxdu, meydanda görünmür, deməsi...”

M.Əliyev həbs edilməsinin həm də “Turan” Agentliyinin gücünü bəlli etdiyini ifadə edib.

“Prezident Adminstrasiyasından Əli Həsənov, Mətbuat Şurasının sədri Aflatun Amaşov qeyd ediblər ki, “Turan” yoxdu, meydanda görünmür. Mənim həbsim göstərdi ki, “Turan” nədir, hamı bunu gördü, başa düşdü”, deyən M.Əliyev Azərbaycanın bəzi rəsmilərinə sanksiyaların tətbiqi məsələsinin azad edilməsinə təsirindən danışıb.

“Əlbəttə ki, heç vaxt istəmərəm, Azərbaycana sanksiya tətbiq edilsin. Ancaq bu sanksiyaları mən yaratmamışam. Bunu hakimiyyət özü yaradıb. Sanskiya məsələsi hələ 2015-ci ilin payızında gündəmə gəlmişdi, hökumət o zaman 12 yol xəritəsi hazırlamışdı, vəd vermişdi ki, islahat olacaq...”

Agentliyin gələcək taleyinə gəlincə, M.Əliyev bildirib ki, bu məmləkətdə hər şey ola bilər.

“”Turan”-ın hesablarına həbs qoyulub. Abunəçilərimiz qarşısında öhdəliklərimiz var. Məcbur idik ki, sentyabrın 1-dən fəaliyyətimizi dayandıraq. Gələcək fəaliyyətə gəldikdə, baxarıq, necə olacaq. Hələ ki, mən qərar verə bilmirəm. Mövcud durum fəaliyyəti tam davam etdirməyə imkan vermir. Amma mən bütövlükdə “Turan”-ın üzərində dayanmaq istəməzdim. Mən 7-8 ildir yerli kanallara baxmırdım, həbsdə olanda baxmağa başladım və gördüm ki, faciəli vəziyyətdir. Mən dəqiq deyə bilərəm ki, Azərbvaycan kanallarının ictimai rəyə, düşüncəyə heç bir təsiri yoxdur. Azərbaycan hökuməti Azərbaycan xalqı ilə təması demək olar ki, tam itirib. Bu reallıqdır. Bu durumu kardinal olaraq dəyişmək lazımdır”.

“ Sonuncu qalanın susdurulması…”

M.Əliyev həbsinin başlıca səbəbinin peşə fəaliyyəti olduğunu vurğaulayıb.

“Həbsimin əsas səbəbi jurnalistika fəaliyyətim, “Turan”ın fəaliyyəti idi. Azərbaycanda 1998-ci ildən başlayaraq KİV-in susdurulması, ələ alınması, siyasi və iqtisadi senzuranın təbiqi prosesi gedib. Beynəlxalq birliyin mənim həbsimdən sonra aydın mesajı da belə olub ki, “Turan” ölkədə yeganə müstəqil, mötəbər kütləvi infrmasiya vasitəsidir. Sual olunur - onda, başqa KİV etibarlı deyil, müstəqil deyil? Onda yerdə qalanların fəaliyyəti qanuni deyil. Vəziyyət budur, qiymətləndirmə budur. Deyirlər ki, “Turan” sonuncu qaladır. Onlar sonuncu qalanın çökdürülməsi üçün bu əməliyyatı aparıblar. Kim ki, Azərbaycanda KİV sahəsində dövlət siyasətini aparır, həmin o qüvvələr də bu işi görüblər”, deyən M.Əliyev konstutisiya və qanunlar daxilində agentliyin müdafiəsi işinin davam etdiriləcəyini bildirib.

Həbs qərarında Rusiyanın rolu...

O, həbsində Rusiyanın rolu barədə suallın cavabında deyib ki, həbsində bu ölkənin heç bir hərəkətini müçahidə etmir.

“Mən hesab eləyirəm ki, bir jurnalist kimi Rusiyada da mənə hörmət edirlər. Rusiyaya qarşı da qərəzli deyiləm. Nə varsa, obyektiv şəkildə onu qeyd edirəm və özünəməxsus şəkildə nəyisə görürəm. Bunu nəyə görə deyirəm, çünki mənim yazılarımdan çoxları təəccüblənir. Ukrayna məsələsi olsun, Suriya, Gürcüstan. Buna görə, mən Rusiyadan nəsə görümürəm. Bu, birbaşa Prezident Adminstrasiyasının, informasiya siyasətinə rəhbərlik edən adamların işidir. Çünki, onların siyasəti iflasa uğrayıb, uzun illərdir ki, polemikadaydıq, mən hər zaman bu siyasətə qarşı çıxış eləmişəm. Bu gün həyat da onu göstərir ki, onların siyasəti tam iflasa uğrayıb. Onlar bunu başa düşürlər və məsuliyyətdən qaçmaq istəyirlər”.

Xalq kimin “beşinci kolon”, “ünsür” olduğunu bildir

Həbsdə olduğu zaman rəsmi qəzetlərdə onu haqqında dərc edilən məqalələri də şərh edən M.Əliyev heç vaxt, heç kimi “beşinci kolon”, “ünsür” adlandırmadığını vurğulayıb.

“Mən həmişə jurnalistika etikasına əməl edirəm. Bizim haqqımızda belə ifadələr işlədən “Azərbaycan” qəzetini məhkəməyə versək, onları məsuliyyətə cəlb etmək olar. Birinci növbədə qoy özləri güzgüdə özlərinə baxsınlar, görsünlər, özləri kimlərdir?. Onlar Azərbaycana vurduğu ziyanı qiymətləndirsinlər. Azərbaycan xalqı Azərbaycanda kimin “beşçinci kolon” olduğunu, ölkəni bu hala gətirənlərin kim olduğunu bilir. Bu siyasətə birbaşa “Azərbaycan” qəzeti dəstək verib…”

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları siyasi motivli adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.

Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Ancaq «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər.

ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-i prezidentin köməkçisi Əli Həsənov da bildirmişdi ki, prezident İ. Əliyev “Turan” İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılmasından ötrü aidiyyəti orqanlara tapşırıq verib.

XS
SM
MD
LG