Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:57

Fərhad Bədəlbəyli: 'Mehman Əliyev bandit deyil, qatil deyil'


Mehman Əliyev
Mehman Əliyev

“Mən dəqiq bilmirəm Mehman Əliyev niyə tutulub. Ancaq onu bilirəm ki, insan pis vəziyyətdə olanda ona kömək etmək lazımdır”, – Musiqi Akademiyasının rektoru, Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli “Turan” İA-nın direktoru Mehman Əliyevin sərbəst buraxılması ilə bağlı ziyalılar adından prezidentə müraciətdən danışarkən belə deyib.

“O bandit deyil, qatil deyil, təhlükəli insan deyil. Məncə, evində oturar, heç yerə getməz. Mənsə, indiki halda sərt addımlar mənasızdır”, – deyən Fərhad Bədəlbəyli Mehman Əliyevə irəli sürülən ittihamlar və siyasi məsələlər haqda danışmaq istəmədiyini bildirib:

Buna da bax:​ İctimai xadimlər prezidentdən Mehman Əliyevin azadlığını istədilər

Fərhad Bədəlbəyli
Fərhad Bədəlbəyli

“Mən hüquqşünas deyiləm. Sadəcə, qol çəkdim ki, bu insanın vəziyyəti normal olsun. İstintaq haqda isə heç nə deyə bilmərəm”.

“Düşünürəm ki, Mehman Əliyevlə bağlı müraciətimiz nəzərə alınacaq”

Azərbaycanın tanınmış ziyalıları vergidən yayınmaqda suçlanan və barəsində ki aydan artıq həbs-qətimkan tədbiri seçilən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılması üçün prezidentə müraciət ediblər. Onlardan biri də Xəzər Universitetinin rektoru Hamlet İsaxanlıdır. AzadlıqRadiosu onunla müsahibəni təqdim edir.

Buna da bax: “Mehman 10 günlüyü” keçiriləcək

– Hamlet bəy, Mehman Əliyevin sərbəst buraxılması üçün prezidentə müraciət edənlərdən biri də sizsiniz. Bu sənədə imza atmağınıza səbəb nədir?

– Orda kriminalmı var? Mehman tanınmış ziyalıdır. Biz prezidentə müraciət etmişik. Demirik ki, bu dəqiqə ittihamı üzərindən götürün. Sadəcə, istəyirik ona normal münasibət olsun, məhkəməsi normal getsin. Evinə gəlib otursun. Sonra da məhkəməsi olsun. Burda bir şey yoxdur ki. Niyə mən onu imzalamayım ki?

– Sadəcə, dəqiqləşdirmək istədik ki, belə bir təklif ortaya necə çıxdı? Çünki ara-sıra belə fikirlər səslənir ki, bu müraciət hakimiyyətin sifarişi ilə hazırlanıb.

Buna da bax:​ Mehman Əliyev 5 saat dindirilib

Azerbaijan -- Rector of Khazar University Hamlet Isakhanli, RFE/RL in Baku, 26Aug2010
Azerbaijan -- Rector of Khazar University Hamlet Isakhanli, RFE/RL in Baku, 26Aug2010

– Qəti surətdə yox! Mən heç vaxt elə kampaniyalara qoşulmamışam. Qoşulmuram da. Hakimiyyətdən də heç bir işarə-zad gəlməyib. Bu, xalis ziyalıların təşəbbüsüdür, onların məsləhətləşməsi olub. Mənə də zəng vurublar ki, belə bir müraciət var, imzalayarsanmı? Demişəm: “Əlbəttə, imzlayaram”. Məktub tərtib olunub, onunla tanış olmuşuq. Sonra da qərar vermişik. Hər kəs müstəqil şəkildə qərar verib, bir-birindən asılı olmadan.

– Sizcə, bu müraciət nəzərə alınacaq?

– Düşünürəm ki, nəzərə alınar. Çünki prinsipcə, çox şey istənilmir. Uyğun bir şey istənilir. O adamın uğurundan danışılır. Azərbaycanda medianın inkişafında, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasında rolu var. Özü də burdan harasa qaçıb gedən deyil. Ona görə, gəlsin evində otursun, məsələlər də araşdırılsın. Düşünürəm ki, bəlkə də belə bir müraciət etməsək də bu fikrə gələrdilər. Amma müraciəti nisbətən az-çox tanınmış insanlar, çoxu da siyasətdən kənar adamlar, alimlər, yaradıcı adamlar imzalayıblar. Onların müraciəti diqqətsiz qalmaz.

Buna da bax:​ Mehman Əliyevlə bağlı vəsatətə baxılacaq

– Mehman Əliyevlə tanışlığınız varmı?

– Şəxsən tanışam. Üç-dörd ay əvvəl də səfirliklərin birində tədbirdə qarşılaşdıq, 3-4 nəfər birgə söhbət etdik. Amma tanış olmasam da, o müraciəti imzalayardım. İnsanların hamısı ilə şəxsi tanış deyilik ki. Hərənin öz sferası var, bir-birimizi uzaqdan da tanıya bilərik.

– “Turan”ın üzləşdiyi problemlərdən xəbəriniz varmı? Bilirsinizmi ki, informasiya agentliyinin rəhbəri hakimiyyətin verdiyi imtiyazlardan, məsələn, jurnalistlərə verilən mənzildən imtina edib?

– Lap çox xəbərim yox idi. Amma “Turan”ın tam müstəqil agentlik olduğunu yaxşı bilirəm. Kulislərdə nələr var, nələr yox, onlardan xəbərim yoxdur.

Buna da bax: WP: Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır, bəziləri həbsxana kamerası

– Müşahidəçilərin qənaətincə, Mehman Əliyevin həbsi ilə azad mətbuatın son işartısını da söndürmək, azad sözü tamamilə susdurmaq istəyirlər. Siz özünüz mətbuatın durumundan xəbərdarsınızmı, ölkədə ifadə, fikir azadlığı təmin olunurmu, sizcə?

– Mən düşünürəm ki, indiki dövrdə tamam qapalı sistem düzəltmək mümkün deyil. Çünki internet var. İnterneti heç bir ölkə qapamaz. Necə ki hava yolu, su yolu var, quru yol var, bir də virtual yol var. İnternetdə də insanlar istədiklərini yaza bilərlər. Mən özüm informasiyanın bəlkə 90 faizini internetdən alıram. İndiki dünyada təcrid olunma mümkün deyil.

– Düzdür, internet məkanı var, amma burda fikrini azad ifadə edənləri susdurmağın da yolları tapılır bəzən, məsələn, kimsə təhdid olunur, kimsə həbs olunur, bəzən saytlar bloklanır və s. Hər halda, bu gün sizin müdafiəsinə durduğunuz Əliyevin vergidən yayınmasına çoxları inanmır.

Buna da bax:​ Heydər Əliyev 'Mehman Əliyevə görə' iki il bir vəzifəni boş saxladı

– Mən başa düşürəm bütün bunları. Sadəcə, fikirləşirəm ki, ölkədə olan resursları qoruyub, mümkün olan işləri, keyfiyyətli işlər görmək lazımdır. Məsələn, mənim xeyrim nə ola bilər. Xeyrim budur ki, elm adamıyam. Mümkün qədər elmi araşdırmalar aparıram, mümkünsə ölkə xaricində çap olunmağa çalışıram. İkincisi də, rektor kimi dünyayla ayaqlaşan, keyfiyyətli təhsil verməyə çalışıram. Demokratiya da, azadlıq da insan düşüncəsindən keçir, biz düşünə bilən, xüsusən də tənqidi düşünən insan yetişdirməyə çalışırıq. Düşünürəm ki, bunu edirik də. Hərə öz sahəsində öhdəsinə düşən işi görməlidir. Mən qeyri-siyasi yol seçmişəm. Amma yaxşı siyasətdən biri də budur ki, sərbəst düşünə bilən, savadlı, dünyəvi insanlar yetişdirək, o zaman ölkədə azadlığın da, demokratiyanın da, vətənpərvərliyin də inkişafına kömək etmiş olaram. Mən elə yol seçmişəm ki, düşündüyümü sərbəst, rahatca deyim, deyirəm də, bununla məqsədim kiminsə əleyhinə və ya lehinə çıxmaq deyil.

Hamlet isaxanlı: "Bizim çox fəal tələbələrimiz olub, bir az da hakimiyyətin xoşuna gəlməyən işlərlə məşğul olublar..."
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00
Direct-ə keçid

Buna da bax:​ Komitə: 'M.Əliyevə ittihamlar quramadır'

– Başqa bir jurnalistin və ya siyasi fəalın da müdafiəsinə durardınızmı?

– Birincisi, özüm əmin olmalıyam, adamı yaxşı tanımalıyam. Onun hansı motivlə həbs olunduğunu bilməliyəm. Bu, birinci dəfə deyil. Mən başqa müraciətləri də imzalamışam. Bizim çox fəal tələbələrimiz olub, bir az da hakimiyyətin xoşuna gəlməyən işlərlə məşğul olublar. Amma yaxşı tələbə olublar. Onların bəzisi universiteti bitirib, başlarına iş gəlib, həbsə düşən olub, imkan dairəsində onları müdafiə etmişəm. Hətta bəzilərinin universiteti bitirməsinə kömək etmişəm. Hesab etsəm ki, ciddi ədalətsizlik olub, imkanım çatan qədər onu müdafiə edərəm, bu haqda sözümü deməyə çalışaram.

XS
SM
MD
LG